Çağdaş şeirimizin istedadlı nümayəndələrindən olan Tərlan Əbilov 1968-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. Dövri mətbuatda mütəmadi olaraq imzasına rast gəldiyimiz şair-Tərlan Əbilov 2002-ci ildə "Ulduz"jurnalında silsilə şeirlərinə görə AYB-nin təsis etdiyi Ülvi Bünyadzadə adına "Uğur"mükafatına layiq görülmüşdür. 2012-ci ilin may ayından 1 illik prezident təqaüdçüsüdür.
***
BİR AXŞAM
Bir axşam
ağaclara qoşulub gələcəyəm,
pəncərəni yaşıl-yaşıl döyəcəyəm,
burnunun ucunu oxşayacaq
qara sevdanın qoxusu.
Bir əsim meh kimi
yaxanda,
ətəyində,
bədənində gəzəcək ruhum.
Ağlayacaq bir bulud,
qoşulub o buluda ağlayacaqsan,
hönkürəcəksən sən də eləcə.
Qonacaq yarpaqlarım üzünə
dəsmal misalı yaşıl-yaşıl.
Sonra heç nə danışmadan çıxıb gedəcəyəm.
Bir axşam
yenə
səhra susuzluğunu yatırmaq üçün
küləklərə qoşulub gələcəyəm,
qapını döyəcəyəm –
endirib çiynimdəki təxti-rəvandan səni...
Bir tuluq su kimi
başına çəkəcəksən şeirlərimi,
dodaqlarından qopara-qopara yanmış dərimi.
Sonra,
sonra heç nə pıçıldamadan,
heç nə demədən çıxıb gedəcəyəm yenə.
Bir axşam
darıxanda,
bu dünyadan yorulanda sən,
gəncliyinə qoşulub gələcəyəm.
Sənə gözlərin rəngində bir sevgidən danışacağam,
səni əllərin açılan tanrıyla barışdıracağam.
Qaranlıqda ay,
sükunətdə səs kimi gələcəyəm bir axşam
Sonra heç nə pıçıldamadan
gedəcəyəm yenə.
Bir axşam
ruhuma qoşulub gələcəyəm,
gözlə,
bir sözlə...
***
Mən sənin adsız qalan sevdanam,
mənə bir səhra uydur,
ayaqlarımın altını yandıran qum dənələrini
günəşin istisiylə doydur.
Acı çəkdir mənə,
bilim tütünün nə olduğunu.
Düymələ əynindəki xeyməni,
bir şam yandır yenidən doğulduğumuza.
Dinləsin əllərini bu düşən gecə,
çəkib aparsın baxışlarını ulduzlar,
örtsün günahlarını qaranlıqlar.
Çəkib içimə ətrini,
sonuncu tüstü kimi
üfürüm göy üzünə buludları,
qanamış bir yara kimi açılsın
səhərin gözü...
***
Stolun üstündə bir stəkan buza dönmüş çay
Və vurnuxur pəncərədə eynəkli Ay,
lümlütdü divanda yay
Burda incə-mincə şeirə təcavüz eləyir bir şair,
ay-haray!
ARAM-ARAM
Unutmamaqçün adını
ovcuma yazıram hər gün.
Mən tanıdığım yolu da
sənəcən azıram hər gün.
Qurduğun nə oyundusa
öyrətmirsən aram-aram;
Sənə bir kəlmə yazmadan,
səninlə pozulur aram.
O qədər sıxlıqdı səndə,
ürək açmırsan ev kimi.
Gözün üstdə də yer yoxdu,
öpüb qoyasan sevgimi.
Bir dur gör qapın hardadı,
döyüm, gör açılır hara?
Qov məni qapından hər gün,
salam de əlvidalara...
***
Fikrimdə ayrı nəsə yox,
işim-gücüm
xatirələrinin yerini dəyişməkdir –
yaxşı görünmən üçün.
Səninnlə şeirlərim arasında
qırx səkkiz addımam cəmi,
səndən bir-iki addım artıq yəni.
Mücadilə səbəbim bitmədiyindən,
sevincə də,
kədərə də xoş gəldin deyə bilirəm hələ ki.
Zövqümcədir bu sevgi, bu ayrılıq, bu tənhalıq.
Gözlərindən danışıram özümə,
əllərinlə gözlərimi yumuram gecəyə hər gün.
Kasıb yaşasaq da
xoşbəxtik sənsiz də səninlə,
bir roman kimi bitməmişəm hələ,
necə vardın fikrimdə
elə də qalmısan elə.
HƏR GÜN MƏNƏ GƏLƏN QADIN
Sanır məndən çıxıb gedir,
hər gün mənə gələn qadın.
Çıxmağa bir qapı tapmır,
həyatıma girən qadın.
Çiynimə saçı ağ düşür,
Ətri qucaq-qucaq düşür
Qollarım üstə sağ düşür,
məni uçurum bilən qadın.
Ruhuma Kəbədir, Kəbə;
Deyir öp, məni et tövbə,
Dodağımdan öpə-öpə
gözlərimi silən qadın.
Bilmir kimsə bu nə sirdir,
Əsirdir, könlüm əsirdir.
Özü boyda şeirdir,
qürbətə çevrilən qadın...
DAŞ
Dərəyə atsam,
yuxusu pozulacaq dağların.
Göyə atsam,
yarısı düşəcək Ayın.
Quşlara atsam,
uçub gedəcək ağaclar...
DURUB HARA GEDƏSƏN?
Çıxış yolu deyildir baş götürüb getmək də,
qayıtmağa yol yoxsa, durub hara gedəsən?
Dünyanın hər yerində sıxlıqdı, sənə məndən
bir açılan qol yoxsa, durub hara gedəsən?
Gözsüzlükdür göz ummaq hər şeyə göz yumandan,
Getsən, dağlar baş açmaz başındakı dumandan.
Gör nə qədər vaxt ötüb gül gəzdiyim zamandan,
gül olmağa kol yoxsa, durub hara gedəsən?
Gecələr sap deyil ki, keçə iynə gözündən,
Üzün gülməsə yağmaz nur səhərin üzündən.
Lap gizlənmək istəsən bir gün özün-özündən,
arxanca "sağol” yoxsa, durub hara gedəsən?
Əlindirsə göylərin ətəyindən sürüşən,
Yoxsa bir xatırlayan, yoxsa bir yada düşən.
Kim basacaq bağrına qalın-qalın üşüsən?
qısılmağa sol yoxsa, durub hara gedəsən?
Sən uduzduğun şeytan məni satıb iblisə,
İnanmaram yüz kərə bais sənsən kim desə.
Daha mənə bənzəmir ürəyində kimdisə,
xatirə, xəyal yoxsa, durub hara gedəsən?
Hara getsən bu ömür orda pərən-pərəndir,
Yox işıq gələn tərəf, hər tərəf it hürəndi.
Bu dünya sevgiləri sevgisiz bitirəndi,
bir nimdaş sığal yoxsa, durub hara gedəsən?
YAŞIL İŞIQ
Pəncərədən küçəyə baxıram,
kölgəsini başına yığıb ağaclar,
əzan səsini gözləyir aclar...
İşıqforların işləmədiyindən,
ehtiyatlıdır adamlar,
heç kim heç kimin ürəyindən keçmir,
heç kimin gözü
heç kimin əlindən su içmir.
Kimsə qarışmır kimsəyə,
qapı açan kim,
ürək açan kim,
iftar açan kim.
Allahın qarşısında farağat durub,
şeytanın əl-ayağındakı qandalları açan
ruhanilər...
Pəncərədən küçəyə baxıram,
tez elə, gəl keç –
əliylə mənə işarə edir yol polisi...
***
Nə fərqi var kimdir,
sadəcə bil birindən küsdüyünü,
birindən əlini üzdüyünü.
Gecələr ulduzlarını daşa basdığım,
sükutuna qulaq asdığım şəhərdə
hıçqıra-hıçqıra
köynəyinin yaxasıyla
gözlərinin yaşını silir,
nəyisə xatırlayırmış kimi
sakitləşir,
baxıb, baxıb
qarşısındakı adama gülür,
sonra yenə, yenə
gözləri
uzaqlara dikilir.
Səni axtarır,
məni gəzir,
yorulur.
Yorulub
əldən düşürük.
Soruşma kimdir,
sadəcə xatırla,
yadına sal
hardasan,
kiminləsən indi,
axırıncı dəfə
nə vaxt gülüb üzünə
güzgüdəki adam?...