Xəzər dənizində yanan Rusiyaya məxsus tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyasının və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin” QSC birgə məlumat yayıb. Məlumata görə, 23 aprel tarixində saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan "PALFLOT-2" tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Adminstrasiyasının Milli Mərkəzinə "SOS” siqnalı daxil olub. Təlimata uyğun olaraq, dərhal Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin "Mİ-17-1V" və "KA-32" helikopterləri və "Vixr-5" gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Caspian Voyager”, "Caspian Protechtor”, "İslay” və "Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir. *** Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2” tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb. Bu barədə RİA Novosti-yə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ölən tankerin baş mexaniki olub. O, Qazaxıstan vətəndaşıdır. Bundan başqa xilas edilən 11 ekipaj üzvü Həştərxana aparılacaq. Yanğının söndürülməsinə Azərbaycana məxsus gəmilər və iki helikopter cəlb olunub.
azvision.az