Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. APA TV-nin məlumatına görə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Milli Qəhrəman Rizvan Rəhman oğlu Teymurovdur.
Milli Qəhrəman Rizvan Teymurov 1967-ci ildə Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra 1985-ci ildə ordu sıralarına çağırılıb. Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vurduqdan sonra 1987-ci ildə Vətənə dönür. 1990-cı ildə Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda o, tərəddüd etmədən bu dəstəyə daxil olur. Qorxu bilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində ermənilərin zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyatların birində ilk dəfə ağır yaralanması onu odlu-alovlu cəbhədən uzaqlaşdıra bilməyib.
Qohumlarının sözlərinə görə, 1991-ci ilin məhz bu günü, dekabrın 10-da Rizvan Teymurov öz silahdaşları ilə birgə, Xankəndi yaxınlığında, azğın erməni təxribatının qarşısını alıblar.
Elə bu vaxt xain ermənilər, Rizvanı və silahdaşlarını gözlənilmədən atəşə tutub.
Dekabrn 10-da Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olan Rizvan Teymurov Şuşa rayon Quşçular kənd qəbiristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlıq və rəşadətə görə, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 1992-ci il fevralın 11-də ermənilər Rizvanın doğma kəndini də işğal edib. Rizvanın atası, anası, bacısı və yaxın qohumları öz isti yurd-yuvalarından didərgin düşərək Göyçay rayonu Qaraməryəm kəndində məskunlaşaraq bu günə kimi burada yaşayırlar. Şəhidin hər iki valideyni artıq dünyasını dəyişib. Milli Qəhrəman Rizvan Teymurovun bacısı və digər qohumları hər il dekabrın 10-da bir yerə toplaşaraq onun vəfatının ildönümünü qeyd edirlər.
İndi ailənin ən böyük arzusu düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması, Rizvanın qəbrini ziyarət etmək və Quşçular kənd məktəbinə onun adının verilməsidir.