30 illik sınaq

İyirmi yanvar xalqımızın səbrinin və qeyrətinin sınağa çəkildiyi bir gündür. Tariximizdə qanla yazılan İyirmi Yanvar hadisəsi yalnız faciə deyil, bu həm də xalqımızın azadlı uğurunda mübarizəsinin, əli yalın, ürəyi vətən sevgisi ilə dolu olan insanların Sovet imperiyasına meydan oxumasının simvoludur.

30 il bundan əvvəl soyuq, tufanlı, boranlı bir gecədə Mixail Qarboçovun, eləcə də digər SSRİ rəhbərlərinin göstərişi ilə Sovet qoşunları Bakıda dinc əhaliyə qarşı misli görünməyən qırğın törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun tankları, zirehli maşınları, əli avtomatlı əsgərləri Bakı küçələrində, meydanlarında göründü. Şər imperiyasının başbilənlərinin fitvası ilə Bakıda kütləvi qırğınlar törədən əsgərlər yalnız küçə və meydanlara yığışan insanları deyil, həm də evləri, məktəbləri, xəstəxanaları gülləboran etdilər. O məlum gecədə Sovet əsgərlərinin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamlara şahidlik edən insanlar indinin özündə də 1990-cı ilin qara  Yanvar hadisəsini həyacansız, göz yaşısız xatırlaya bilmir. O gecə Sovet imperiyasının tankları altında əzilən Vətən övladlarının ah-nalələri onların qulağından getmir, şəhidlərin güllə ilə dəlik-deşik edilən cəsədləri, yaralıların qan verən yaraları hələ də şahidlərin gözləri önündən çəkilmir.

İyirmi yanvar faciəsinə şahidlik edən insanlar şər ordusunun təpədən-dırnağa silahlandığını, uşağa, qadına, qocaya belə aman vermədiyini deyirlər.

Sovet ordusunun Bakıda törətdiyi qırğınları gözü ilə görən, hadisələrə şahidlik edən insanlardan biri də mənəm. Beşinci mikrorayonda yaşayırdıq. Evimizin balkonundan rus əsgərlərinin atdığı güllələrin səmada cəzdığı trayektoriyanı izləyirdik. Rus əsgərləri günahsız insanları öldürür, onlara ağır bədən xəsarətləri yetirirdilər. Vahiməli bir gecə idi. Təpədən dırnağa qədər silahlanmış Sovet əsgərləri insanlara amansız divan tutur, bununla ürəkləri soyumayıb evləri, yaşayış binalarını, müəssisələri atəşə tuturdular. Mənim yaşadığım Beşinci Mikrorayonda rejissorlar üçün tikilən bina da vardı və əsgərlər işıq saçan güllələrlə rejissorlar binasını da atəşə tuturdular. Universitetdə oxuyurdum, tələbə idim. 23 yanvar tarixində imtahanımız vardı. Evdən çıxıb imtahana gedərkən şəhərdə gördüyüm mənzərədən dəhşətə gəldim, universitetdə imtahanlar da təxirə salınmışdı.  Hər yer qan gölməçəsi idi, elə bil şəhərə göydən qan yağmışdı. Həmin gün məqliyyat vasitələri də düz əməlli işləmirdi. Bütün şəhər şokda idi. Sovet imperiyasının öz vətəndaşlarına qarşı həyata keçirdiyi kütləvi qətliamın bütün təfərrüatlarını o gecə şəhid olmayıb sağ qalanlar indi də dəhşədlə, vahimə ilə xatırlayır. Yaralıların ah-naləsi indi də qulağımdadır. O gecə xəstəxanalar, morqlar dolu idi, hər yandan insanların dəhşət saçan səsləri gəlirdi. Sonradan məlum oldu ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 200 – yaxın insan şəhid edilib. Onlar arasında azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, tatarlar da olub. 800-ə yaxın şəxsin ağır xəsarət aldığı, saysız insanın isə itkin düşdüyü 20 yanvar hadisəsi zamanı xalqımız böyük itkilər verdi. Bakıda fövqəladə vəziyyət elan edilmişdi, hətta bu hadisədən sonra da 21 nəfərin qətlə yetirildiyi haqqında yazılırdı. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.

Şahidlər qeyd edir ki, Sovet əsgərləri adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələyirdilər. Eyni zamanda da o gecə xəstəxanaların, təcili yardım maşınlarının atəşə tutulması halları da vardı. Bu da danılmaz faktdır ki, qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan isə məhz ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələn xalqımızın dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin yürüdüyü siyasət nəticəsində 20 yanvar hadisəsi zamanı şəhid olanların ailələri bütün imtiyazlarla təmin olunub. Onların sosial problemləri hökuməıtin diqqət mərkəzindədir.

 DİLARƏ CƏBRAYILOVA

Millət vəkili