Allahşükür Ağa - Pəncərədən gözəl görünür həyat

Gəmi

Uzun - uzun yolların sonunda dayanan gəmi Ümidə oxşayır. Amma bir az yorğundu deyəsən. Çünki onu gözləyən adam Həyata əlvida dedi dünən. Əgər kimsə onu gözləsə,  Yoluna düzələr gəmi. Bu gün gəlməsə də, Sabaha gələr gəmi.

TƏZAD

Gözümdə ildırım çaxır, Ürəyimdə günəş doğur. Təzad deyilmi?. olum və ölüm kimi.

Və yaxud Əlil arabasında əyləşən qızın ayaqqabı hirsi, harasa çıxıb gedən ayaqlarının yaddaşını yandırır indi.

Bəzi adamlar bilmir, əlil arabası ilə qolboyun olan həyatın şirinliyini. Ayaqları olanla yerimir həyat, Amma şikəst ayaqları ilə Dördnala çapır həyat. Nə qəribə təzad.

 

Alasan dünyanı qol arasına

Yarından küsəndə deyirəm bir gün Qoşulub gedəsən bal arısına. Dilini bildiyin başa düşmədi, Can söylə, dünyanın lal arısına.

Düz oldum, düzümü bilən olmadı, Üz tutdum, üzümə gülən olmadı. Gözüm yolda bitdi, gələn olmadı,  Saldım öz başımı qal arasına.

Yaxandan qopmaya dünyanın əli, Qoşma, müxəmməsi, təcnis, qəzəli. Dünya Leyli ola, səndə ki dəli Alasan dünyanı qol arasına.

 

Bir qız

Kəndin ortasında çiynində səhəng, Arxayın - arxayın gedirdi bir qız. Qolları beyt idi, yerişi sərbəst, Qəlbində müxəmməs deyirdi bir qız.

Görüb çox adamın dodağı yandı, Qızın da alışıb yanağı yandı. Evlərə çəkilən sular utandı, Çox qızın xətrinə dəyirdi bir qız.

O hardan gəlmişdi yoxuydu bilən? Yoxuydu dalınca bir gedib gələn? Kağıza on şeir hönkürdü qələm, Götürüb qaçmağın yeriydi bu qız.

Dan üzü

Dan üzü elə qızarıb, Qan damır yanağından. Elə bil günəş dişləyib üfüqü  Bir günlük darıxdığından.

Dan üzünə yazmaq istədiyim misramı Hamı oxuya bilsəydi, bilsəydi əgər- O misranın Vergülü durna səsindən qoyulardı. Nidası upuzun bir buluddan- Xoşbəxt olardı insanlar.

Uşaqlıqdan boylanıram dan üzünə, Elə bilirəm yuxularımda Yazdıqlarımı görə biləcəyəm Üfüqdə.

Bəlkə yazdıqlarımı Vaxt silib atır üfüqün ayağı altına, Qurban olum Allahım, Sal mənim sevdamı Dan üzünün yadına.

 

Pəncərədə həyat

Pəncərədən gözəl görünür həyat, Baxıb deyərsən ki, Mən də uşaqlar kimi qartopu oynaya bilərdim, Amma istəmədim. Atları elə çapardım ki, Ayaqların səsində tanış bir ritmi tuta bilərdim. Dedim nəyimə lazım. Mən ki onu əbədi saxlaya bilməyəcəm. Pəncərədən baxırsan, sanki  Qatarda yorğun bir bələdçi ilə söhbət eləyirsən. Məsələn, qatar Bakıya saat neçə də çatır, Sualını verirsən. Onsuz da özün bilirsən Amma onun deməyi sənə ləzzət eləyir. Pəncərədən baxırsan Pişik pəncəsini yalayır Qovsan onu, ancaq qar üstündə Ayaq izləri qalar.  Baxıb düşünürsən Bu pişiyin nə gözəl xətti var.