İstiqlal məfkurəsindən qüdrətli Azərbaycana

28 May Azərbaycan tarixinin şərəfli və əzəmətli səhifəsidir. 1918-ci ilin bu tarixində yaranan və müsəlman Şərqinin ilk demokratik, hüquqi və dünyəvi respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti öz qısa ömrünə sığmayan böyüklüyü, qoyduğu ənənə və apardığı siyasətlə dövlətçilik irsimizi zənginləşdirmişdir.

İstiqlal Bəyannaməsinin qəbulu ilə Azərbaycan Milli Şurası yalnız müstəqilliyi elan etmədi, o, eyni zamanda, xalqın çoxəsrlik dövlətçilik ənənəsini dünyaya bəyan etdi. Xalq Cümhuriyyəti qısa mövcudluğuna baxmayaraq, milli kimlik şüurunu bərpa etdi, insanlara öz müqəddəratını təyin etmə hüququnun gerçək olduğunu nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev bu barədə demişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin prioriteti yeni yaranmış dövləti beynəlxalq arenada tanıtmaq idi. Bu məqsədlə Avropanın bir sıra ölkələrinə yeni dövlətin qurulması barədə rəsmi məktublar göndərildi. Paris Sülh Konfransında iştirak, müttəfiq dövlətlər tərəfindən tanınmanın əldə edilməsi milli hökumətin əsas diplomatik vəzifələrindən biri idi. Bu diplomatik səylər heç də boşa getmədi. Bu mənada 1920-ci ilin aprelində Azərbaycanı işğal edən bolşeviklər ölkəmizi siyasi xəritədən silə bilmədilər. Cümhuriyyətin beynəlxalq səviyyədə tanınması ölkənin hüquqi statusunu qoruyan bir zirehə çevrildi. 

Cəmi 23 ay mövcud olan Cümhuriyyət həmin müddət ərzində parlament, hökumət, ordu, vətəndaşlıq institutu, dövlət bayrağı kimi fundamental atributları yaratdı. Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, Ədliyyə Nazirliyinin Əsasnaməsi, xalq maarifinin milliləşdirilməsi haqqında qəbul olunan qərarlar müstəqil dövlət quruculuğuna böyük töhfələr verdi. 

Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslandı. O dövr üçün son dərəcə mütərəqqi sayılan bu prinsiplər çərçivəsində irqi, milli, dini və sinfi bərabərsizlik aradan qaldırıldı. Bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verildi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə nümayiş etdirir. 

Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti yaradıldı. Məktəblər üçün dərsliklər yazıldı, kitabxanalar açıldı, “İstiqlal” muzeyi yaradıldı. Parlamentinin ikinci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı. Bu güzəştlər qadınların zərərli işlərə cəlb edilməməsi, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət və sair məsələləri əhatə etdi. Bütün bunlar qısa sürmüş müstəqillik zamanı atılan mütərəqqi addımlar idi.

 Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində xidmətləri olan görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Lakin həmin vaxt Azərbaycanda ağır bir dövrü yaşandı. Hakimiyyəti ələ keçirən qrupların səbatsızlığı, Ermənistanın işğalçılıq planları, daxili siyasi çaxnaşmalar, iqtisadi böhran ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir tarixi anda siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas etdi. Ulu Öndər müstəqilliyimizin itirilməsinin qarşısını aldı, onun apardığı məqsədyönlü siyasət ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, dövlətçiliyimizin etibarlı təməlləri yaradıldı. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə yüksəlir, regional və qlobal proseslərdə fəal iştirak edir. Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində əsas strateji tərəfdaşlardan birinə və Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ölkəmizin tranzit potensialını gücləndirib. Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat şaxələndirilir, qeyri-neft sektoru və regionların dayanıqlı inkişafı təmin edilir, əhalinin sosial müdafiəsi gücləndirilir. 

Müstəqil Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həm də Azərbaycanın qüdrətini dünyaya bəyan edir. 

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Milli həmrəyliyimiz müharibə dövründə "Dəmir yumruğa” çevrilərək zəfərimizi təmin etdi. Üçrəngli bayrağımız bu gün işğaldan azad edilmiş ərazilərimizdə vüqarla dalğalanır. 

Dövlətimizin uğurları hər birimizi dərindən qürurlandırır. Ərazi bütövlüyümüzün bərpasından sonra sülh sazişinin imzalanması istiqamətində aparılan ardıcıl siyasət, Azərbaycanın COP29, VUF13 kimi tədbirlərə evsahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzunu daha da artırıb. Bütün bunlar həm də güclü və sarsılmaz müstəqilliyimizin təntənəsidir. Prezident İlham Əliyevin dediyi kimi: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.

Böyük məmnunluqla qeyd etməliyik ki, dövlətçilik tariximizin öyrənilməsi və təbliği də hər zaman xüsusi diqqət mərkəzindədir. 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində İstiqlal Bəyannaməsi abidəsinin açılışı, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi, Cümhuriyyətin 90 və 100 illik yubiley tədbirləri - bütün bunlar milli yaddaşın qorunmasına dövlət səviyyəsindəki diqqətin ifadəsidir.

2021-ci il oktyabrın 15-də qəbul edilmiş "Müstəqillik günü haqqında" Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi rəsmi olaraq təsbit edildi. Bu təsbit Azərbaycanın dövlət suverenliyinin 1918-ci ildən başlandığı faktına əsaslanır və müasir Azərbaycanın 1918-ci il Cümhuriyyətinin tam hüquqlu varisi olduğunu bir daha dünyaya elan edir.

28 May tarixi bizi keçmişimizlə deyil, gələcəyimizlə bağlayır. 108 il əvvəl elan edilən azadlıq iradəsi bu gün Azərbaycan bayrağında, azad edilmiş torpaqlarda, dünya miqyasında qazanılan nüfuzda yaşayır. 

Hicran HÜSEYNOVA,  

Milli Məclisin Ailə, qadın və uşaq 

məsələləri komitəsinin sədri,

professor