“Brejnevin qarşısında dəfələrlə şeir demişəm" - Jalə Əliyeva

Onun adını Milli Məclisdən eşitmişik. Onu həm də anası – məşhur şairə Nurəngiz Günün qızı kimi tanıyırıq.

Sabahinfo.az Publika.az saytına istinadən millət vəkili Jalə Əliyeva ilə müsahibəni ixtisarla təqdim edir.

İşdən özünüzə, istirahətinizə vaxt ayıra bilirsiniz?

- Çalışıram ayırım. Amma çox vaxt mümkün olmur. Çünki işin istiqaməti çoxdur, sadəcə Parlament iclasları deyil. Bundan başqa, seçicilərlə görüşlər, tədbirlər, pedaqoji fəaliyyət, dərslər - bütün bunlar və ailə. Bəzən düşünürsən ki, günün 24 saatı çatmır. 

Qızınızın bir neçə ay öncə toyu oldu. Sizinləmi yaşayır?

- Yox, öz ayrı evləri var, müstəqil, sərbəst yaşayırlar.   Tək yaşayıram.

- Çətin deyil ki, qadın üçün tək yaşamaq?

- Müəyyən mənada çətindir. İstər qadın, istər kişi, mən bunu ayırmaq istəməzdim. Sadəcə olaraq, kişilər tək yaşaya bilmirlər. Onlar qısa bir müddətdə ailələrinə yeni bir düzən, səliqə gətirməyə çalışırlar və bunu bacarırlar. Amma qadınlara bu bir qədər çətin başa gəlir. Tək yaşamaq qisməti olan qadın o boşluğu artıq digər işlərlə - çalışdığı işi ilə, fəaliyyəti ilə doldurmağa çalışır.

- Jalə xanım, uşaqlığınızla bağlı sual vermək istəyirəm. Necə uşaq olmusunuz? 

- Məktəbdə əlaçı olmuşam. Məni sinif nümayəndəsi seçmişdilər. Adım həmişə şərəf lövhəsində idi. Biz sovet dövrünün  uşaqlarıyıq.  Kifayət qədər fəal uşaqlığım olub. O vaxt Yuri Qaqarin adına pionerlər sarayının, bəlkə də, ən aktiv üzvü idim. Leonid Brejnev bir neçə dəfə  Azərbaycana səfər etmişdi. Onun qarşısında dəfələrlə şeir demişəm.  

- Adətən, uşaqlıqda çoxunun kosmonavt olmaq istəyi olur. Sizdə belə bir həvəs olubmu?

- Mən uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Digər bir sənət düşünməmişəm. Ailədə sovet dövründə belə bir stereotip var idi ki, qız uşağı oldusa, onu həkim kimi görmək istəyirlər. Bizdə də belə olub. Amma mən hiss edirdim ki, həkimlik gözəl peşə olsa da, yaxşı oxusam da, dəqiq elmlərə bir o qədər yatımım yoxdur. Mən uşaqlıqdan özümü müstəntiq kimi görürdüm, fikirləşirdim ki, bütün açılmayan cinayətləri, ən müəmmalı qətlləri mən aça bilərəm. Bəlkə də, bu detektivləri çox oxumağımdan irəli gəlirdi. Mən orta məktəbi bitirən illərdə o zaman hakimiyyətdə olan ümummilli lider Heydər Əliyev tarixi bir qərar verdi. Hüquq fakültəsinə ancaq fəhlə və kəndli ailəsindən olan gənclər daxil ola bilərdilər. Onlar həm də istehsalatdan gəlməli idilər. Bu gün yetişən kadrlara baxanda görmək olar ki, bu, vaxtında atılmış addım idi. Əgər elə getsəydi, bir müddətdən sonra hüquq sahəsində çalışan savadlı insan qalmayacaqdı. Mən demirəm onların hamısı savadsız idi, amma orada bir boşluq var idi və Heydər Əliyev də bunu vaxtında görüb belə bir qərar vermişdi. Mən də o zaman hüquq fakültəsinə sənədlərimi verə bilmədim. Amma bu arzum arzu olaraq qalmadı. Mən artıq ali məktəbi bitirmişdim, aspiranturanı bitirmişdim, elmlər namizədi idim, belə bir fürsət yarandı və mən də onu boşa vermədim. İllər öncə ürəyimdə olan o arzunu heç olmasa, kağız üzərində gerçəkləşdirmək, ikinci ali təhsil almaq üçün Bakı Dövlət Universitetinə üz tutdum və diplomumu aldım.

- Jalə xanım, hiss olunur ki, gözəl geyinməyi sevirsiniz. Hansı markalardan geyinirsiniz?

- Markanı qəbul edirəm, bu yaxşıdır. Amma markanın düşkünü olmaq, bunun xəstəsi olmaq, onu özünə baş ucalığı bilmək mənə gülünc gəlir. İnsan hansı markadan geyinməsilə öyünməkdənsə, axırıncı dəfə hansı kitabı oxuduğu ilə öyünsə, kiməsə etdiyi yaxşılıqla öyünsə, daha yaxşı olar. Amma brend geyinən insanlara pis baxmıram. 

- Kitabdan danışdınız, yeri gəlmişkən, axırıncı dəfə hansı kitabı oxumusunuz? Ümumiyyətlə, kitab oxumağa vaxtınız olurmu?

- Bu, bizim böyük bir bəlamızdır. Mən uşaqlara bunu təlqin edirəm, evdəkilərə şərt qoymuşam ki, həftədə bir kitab oxuyub mənə nəql etsinlər. Bu tələbi onların qarşısında qoyuram, amma özüm əməl edə bilmirəm. Nə yaxşı ki, valideynlərim uşaqlıqda məni düzgün istiqamətləndiriblər. Amma mən son 1-2 ayda oxuduğum kitab adı çəkə bilmirəm. Ona görə ki, işim çoxdur. 

- Azərbaycan ədəbiyyatında sevimli yazıçılarınız varmı?

- Mən özüm füzulişünasam, namizədliyimi Füzulinin yaradıcılığı üzərində, doktorluğumu isə müasir  türk  poeziyasından müdafiə eləmişəm. Azərbaycan ədəbiyyatı mənim üçün Füzulidən başlayır və Sabirlə davam edir.

Bitmir...

- Yox, bitir desəm, bir az ədalətsizlik olar. Çünki həyat davam edir, dünya davam edir, hər gün bir yeni əsər çıxır ortalığa. 

- Həyatınızın ən cəsarətli, ən çılğın addımı nə olub? Olubmu?

- Kənardan bir qadın çox güclü, cəsarətli qadın təsiri bağışlaya bilər. Amma unutmayaq ki, o, daxilində elə qadındır. Qadından zorla pəhləvan obrazı yaratmayaq. Heç vaxt yer üzündə müharibələri qadınlar başlamayıblar. Düşünürəm ki, ailəsinin də birliyini pozan heç vaxt qadınlar olmayıblar. Kişilər inciməsinlər, qadınlar həmişə bütövlük tərəfdarı olublar. Mən xarakter olaraq qorxaq deyiləm, amma yadımda qalan elə bir çılğın, cəsarətli addımım olmayıb. Haradasa bir söz demək lazımdırsa, kimisə müdafiə etmək lazımdırsa, qorxmadan onu demişəm. Amma fiziki baxımdan hansısa bir kəskin addım atdığım olmayıb.

- Yemək bişirə bilirsiniz? Hansı yeməkləri sevirsiniz?

- Bütün yeməkləri sevirəm, bişirə də bilirəm. Mən daha çox özəl günlərdə yeməkləri özüm bişirirəm. 

- Jalə xanım, bəs makiyajınızı necə, özünüz edirsiniz, yoxsa təcili yardıma ehtiyac olur?
- Yox, makiyajımı özüm edirəm. Saçımı düzəldəndə köməyə ehtiyacım olur, çünki saçım heç vaxt sözümə baxmır. Çox nadir hallarda, ən yaxın adamın xeyir işində makiyaj etdirə bilərəm.
 
- Jalə xanım, sizin üçün sevgi nədir?
- Bir dəfə "Valentin” günündə mərhum anama sual verdilər ki, sevgi nədir? O vaxta kimi sevginin çox tərifini eşitmişdim, amma Nurəngiz xanım (Nurəngiz Gün – G.Ə) sevginin elə gözəl tərifini verdi ki, heç vaxt yadımdan çıxmır. Dedi ki, sevgidə mən yoxdur, o var. Əgər özün üçün, eqonu təmin etmək üçün sevirsənsə, bu sevgi deyil. Onu düşünərək, onun istəklərini, arzularını düşünərək sevirsənsə, bu əsl sevgidir. 
 
- Nurəngiz xanımın dediyi o sevgi olub sizdə?
- Açığı, mən böyük sevgi yaşamamışam. O sevgi ki, mənə kitablardan təlqin olunub, o sevginin ki, arzusunda olmuşam, o, qarşıma çıxmayıb. 
 
- Müsahibələrinizdən həmişə hiss olunub ki, ananızla rəfiqə kimi olmusunuz. Bəs qızınızla necə, eyni münasibəti saxlaya bilmisiniz?
- Qızımla daha yaxşı rəfiqəyəm, nəinki anamla. Anamla aramızda çox böyük pərdə var idi. Anam göründüyü qədər demokratik deyildi, evdə çox mühafizəkar idi. Məni bir addım gözündən kənara qoymayaraq, şir kimi ətrafımda qollarını açmışdı, məni hər şeydən qoruyurdu. Mənim dilimdən çıxan sözə də ehtiyatla yanaşırdı. Mən də sırf onun üzülməməyi üçün rəfiqə ola bilmirdim onunla. Rəfiqəlik hər şeyini, yaxşı və pis - hər şeyi bölüşmək deməkdir. Mən də onu qorumaq üçün onunla hər şeyi bölüşmürdüm. Amma qızımla  elə ilk günlərindən rəfiqə olmuşam. Biz ana-qız yox, rəfiqəyik. Bu, ailədə gözəl bir şeydir. Hər şeyi bölüşə biləcəyim tək ünvan odur.
 
- Sizin dinə münasibətiniz necədir? Nə vaxtsa namaz qılmaq istəyərdiniz?
- Allah insanın əməllərində, içində, düşüncələrində yer tutmalıdır. Dinə, Allaha münasibətim bu şəkildədir. Bütün dünyada dinlər, inanclar fərqlidir, amma hamının bir sitayiş yeri var. Bu sitayiş namaz qılmaq, kilsədə şam yandırmaq, xaç çevirmək şəkilində qəbul edilə bilər, bu təmizlənmənin, sitayişin formalarıdır. İnsanın bəzən mənən rahatlanmağa ehtiyacı olur, Allahı ilə baş-başa qalmaq istəyir, onda bu rituallara müraciət edir. Mən açığı, namaz qılmıram, dinimizə və bütün dinlərə hörmətlə yanaşmaqla bərabər, dinin bütün incəliklərini bilirəm deyə bimərəm. Məncə, dinə fəlsəfə kimi yanaşmaq lazımdır, mövhumatçılığa uysan, din səni məhv edər. Öz Allahını unutma, ətrafda köməyə ehtiyacı olan insanları unutma, yaxşılıq et, yalan danışma – bunları et, mənə elə gəlir ki, Allaha yaxın olacaqsan.
 
- Kosmetik əməliyyat keçirmisiniz?
- Doğrudur, indiyə qədər kosmetik əməliyyat kleçirməmişəm, amma burada eyib bir şey də görmürəm. İnsan gözəlləşməlidir, bunu istəyir və özü və ya qarşısındakı insan üçün edirsə, alqışlanmalıdır. Amma kosmetik əməliyyatla özünü süniləşdirmək, əməliyyatla bir insanın gedib yerinə başqa insanın gəlməsi qəbuledilməzdir. 
 
- Jalə xanım, vaxtınız məhduddur, son sual da verim. 10 minlərlə insanın məsuliyyətini çiynində daşımaq çətin deyil ki?
- Çətindir, amma həm də şərəflidir. Hər deputatın 40 min seçicisi var. Gün ərzində bir insanın etdiyi zəngin arxasında dayanan tələbi yerinə yetirə bilirsənsə, o zaman çox rahat olursan.  Mənim evdə gündəlik görüləcək işlərlə bağlı cildlərlə dəftərlərim var. Həftə ərzində əgər bir-iki belə problemin üstündən xətt çəkə bilirəmsə, çox şükür edirəm.