Cəlil Cavanşirin "Qadın Corabları” qeyri-adi əsərdi. Detektiv və erotik, həmçinin yüngül eşq romanlarına qarşı açıq bir savaş olmasa da, bu tip əsərlərin kütləvi şəkildə oxunulmasına etiraz motivləri var. Romandakı obrazlarla tanış olarkən anlamaq olar ki, bu qəhrəmanlar təsadüfi deyil, yəni müasir dövrün əksər romanlarının qəhrəmanları kimi fiqurlar deyil, real həyatdan götürülmüş canlı obrazlardır.
Əsəri oxuyarkən daha çox bu suala cavab axtardım. Ümumiyyətlə
intihar çıxış yolu hesab oluna bilərmi ? Nəyə görə intihar çarəsizlik kimi başa
düşülür? Bunu cəsarətsizlik hesab edənlər özləri intihardan qorxacaq qədər
cəsarətsizdirlər. Romanda ifadə olunan əsas ideyaları aşağıdakı formada
qruplaşdırmaq olar .
Həyatda əbədi heç nə yoxdu və əbədi olmayan
nəsnələr uğrunda gərgin zəhmət çəkib vuruşmaq mənasızdır
(Bəlkə də bu fikir insanlarda bədbinlik yaradacaq , bu mənada romanı tənqid
etmək lazımdır).
Yaxın gələcəkdə ölkədə
intihar hallarının artması gözlənilir və bunun səbəbləri əsərdə göstərilib.
Düşüncəni zorlayan, səni öz beyinin məhsulu kimi yaradıb müəyyən qəlibə salmağa
çalışan insanlar əslində səni intihara sövq edirlər .
Xurafatın hələ də tüğyan
etdiyi ölkədə ateist imanı olan şəxslərin məzarlığında dəfn olunmaq istəmir və
ya bunu cəmiyyət qəbul etmir. Lakin sonda yenə də azlıq kütləyə tabe olmaq
məcburiyyətində qalır.
İntihara cəhd edən Nicat
Aslan dəfələrlə çalışsa da intihar etmir, ya
tam mənada qəti qərar verə bilmir, ya da ki yeganə məqsədi diqqət cəlb
etməkdir .
Baş qəhrəman bəlli
qərarlara etiraz edir, inqilabçı gəncdir, lakin sonra şəraba, içkiyə qurşanır,
qadın düşkünü olur. Bəlkə də bu Nicatın etiraz etdiyi qüvvələr tərəfindən
düşünülüb?
Psixoloqlara nifrət
etdiyimə görə, Orxan obrazını məmnuniyyətlə kəsib atardım. Sanki keşiş kimi
çalışaraq tərəflər arasında sülhü bərqərar edir. Psixoloqlar həm də sözün
həqiqi mənasında psikopat olurlar, amma Orxan obrazı səbirli halda Könül kimi
intizamsız, bezdirici obrazı dinləyir. Məncə əsl ölüm elə həmin anda baş
verməliydi.
Elxan obrazı çox
maraqlıdır, yəqin ki, roman yazmaq istəməkdə yeganə məqsədi qadınlarla tanış
olmaqdır. Dindarlar bunu günah hesab edə bilərlər, lakin untumayaq ki, təbiətin
öz qanunları var, materialistlər bu həqiqətləri daha dərindən duya bilirlər (yəni
ki Elxan qardaşımızı yormayaq, roman yazmağında olsun).
Könül - ən çox sevdiyim obrazdır, sanki bütün dünyayla
məzələnir, heç nəyi vecinə almır, fahişəlikdən həzz alır, amma məsələnin
dərininə endikdə anlamaq olur ki, Könülün taleyində cəmiyyət günahkardır. Lakin
bu obraz Orxanla danışanda sırf erotik xəyallarını paylaşır, Orxana Nicatla
necə sevişdiyini nəql edir. Bu hissə
həqiqətə çox da bənzəmir. Fahişələr əksər hallarda psixoloqlardan, ümumiyyətlə
həkimlərdən qaçırlar. Əslində Könülün Nicatı sevdiyini də qəbul etmirəm, bu,
sadəcə müəllif fantaziyasıdır. Könül sadəcə ona lazım olanları sevir . Bu
mənada Könülü romanın ən real obrazı sayıram
Romanda hərbi dedavşina
məsələləri əks olunub, müəyyən dövrdə bu kimi məsələlər aktual olub. Lakin
Nicat hərbi xidmətdə olduğu müddətdə belə yalnız diqqət çəkmək üçün intihara
cəhd göstərib. Kitabın üstündə ona görə
+ 18 qoyulub ki, - 18 lər əsəri oxusalar onlar da intihara cəhd edə
bilərlər (mən belə düşünürəm).
Bəlkə də şair obrazının
intiharvari sui – qəsdi Azərbaycan cəmiyyətinin şair obrazlarına olan qeyri –
etik münasibəti əks etdirir . Hikmətin Nicata şair deyə müraciət etməsində belə
alçaldıcı münasibət var. Ümumilikdə isə bir fikir deyə bilərəm ki, istedadına
hər zaman hörmət bəslədiyim Cəlil Cavanşir bu romandan daha mükəmməlini yaza
bilər.
Nicat Həşimzadə