Mərhəmət edən mərhəmət görər

Allah-Təala hərəni bir cür yaradır, kimini bir qədər böyük, kimini bir qədər kiçik, kimini sağ-salamat, kimini kar, kimini kor, kimini lal, kimini müsdər... Yanlışdır, ya doğru, bilimirəm, hərdən mənə elə gəlir ki, müəyyən problemlərlə doğulmuş insanlara sikəst, ya da əlil demək doğru deyil, fərqli demək daha ədalətli oalrdı. Çünki hər insan Allahın əsəridir və Allahın əsərində əskiklik, qüsur olmaz, sadəcə fərqliliklər olar ki, bütün bunlar da imtahan səbəbi kimi anlaşılmalıdır. Şikəstlik və ya əlillik sonradan həyatda qazanılan hallardır və əslində əsl şikəstlik mənəvi məsələlərlə bağlıdır. Yəni həqiqi şikəst haqqı görməyəndir, haqqı eşitməyəndir, halalı haramdan ayırmayandır, zülmü ədalətdən seçə bilməyəndir, dünyanın ötəri zövqü üçün əbədi səadətindən vaz keçəndir...
sabahinfo.Az yeniavaz.az-a istinadən bildirir ki, bu yazıda isə biz fiziki fərqlilikləri, yəni şikəst və ya əlil adlanan adamlardan, daha doğrusu, cəmiyyətin onlara münasibətindən bəhs edəcəyik. Hər bir əlil öz ətrafının, yaxınlarının, onu görüb tanıyanların imtahanıdır. İnsanlar bir-biri ilə imtahana çəkilirlər. Bu mənada hər birimiz ətarfımızdakı və ya tanıyıb bildiyimiz və əlimiz yetən əlillə sınağa çəkilirik. Əlillərə münasibətin fərdi və ictimai yönləri var. Belə ki, əlilə qayğı doğmaları, yaxınları ilə yanaşı, həm də hökumətin vəzifəsidir. Bu gün sivil dünyada əlillərin aktiv həyata çıxarılması üçün lazım olan hər şey edilir. Onların pulsuz müalicə və dava dərmanla təmini, qabiliyyəti olanlara iş verilməsi, aylıq müavinətlər, küçədə, yollarda əlil arabaları üçün keçid yerləri, ictimai nəqliyyatdan istifadə üçün lazım olan şəraitləri mövcuddur.
Nə qədər acı da olsa etiraf etməliyik ki, bu məsələdə biz hələ istənilən səviyyəyə yetişməmişik. Əgər paytaxtımızın küçələrinə diqqət yetirsəniz, görərsiniz ki, əksər yerlərdə əlil arabalarının keçməsi üçün xüsusi yerlər nəzərdə tutulmayıb. Əlil kimlərinsə yardımı olmadan ictimai nəqliyyatdan, avtobusdan, metrodan istifadə edə bilməz. Əlillərə verilən aylıq müavinətlər onların ehtiyacını təmin edəcək qədər deyil. Ümumiyyətlə, onu vurğulamaq istəyərdim ki, bu sahə ilə əlaqədar cəmiyyətimizdə kifayət qədər əlillər var. Məsələn, ciddi araşdırılsa, aylıq müaviət ala bilmək üçün rüşvətlə əlillik dərəcəsi almış xeyli sağlam aşkarlana bilər. Bəlkə də bu məsələ çoxlarına adi, bəsit bir məsələ kimi görünə bilər, amma unutmayaq ki, bir Haqq divanında hər şeyin həsabı çəkiləcək və üç-beş manat üçün bu xətanı qəbul edənlər çox üzüləcəklər.
Əlil - cəmiyyətin imtahanıdır, sən də onunla sınağa çəkilirsən, mən də, qonşu da, imkanı olduğu halda yardım edən və etməyən də, bu işə məsul olan bütün rəsmilər də...
Həyat örnəyi
O, dörd şeyi sevməzdi
Çöhrəsində daim təbəssüm olardı. Buyurardı ki, xoş bir təbəssüm də sədəqədir. İnsanları gülərüzlü, xeyirxah olmağa çağırardı.
İstər çöldə-bayırda, istərsə də evində kimsəni incitməz, hər kəsin könlünü alardı.
Evində boş oturmaz, ya paltarlarını təmizlər, ya başmağını yamayar, ya da qoyunlarını sağardı. İşsiz oturmağı heç sevməzdi. Xanımı ona:
- Özünü yorma, ey Allahın Rəsulu.- deyəndə belə cavab verərdi:
- Bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik və pintilik.
İnanan inansın...
Yarı yolda tamamlanmış ziyarət
Abdullah ibn Məzlum bir neçə dostu ilə birlikdə Həcc ziyarətinə gedirdi. Yolları bir çölün ortasından keçirdi və dincəlmək üçün bir kəndin yanında dayanmışdılar. Hava qaralmaq üzrəydi, Abdullah ibn Məzlum da oturub dincəlirdi. Birdən yaxın daxmalardan birinin qapısında ani olaraq görünüb yoxa çıxan qaraltı diqqətini çəkdi. Eyni şey az sonra da təkrarlandı. Birdən on iki-on üç yaşlı bir qız uşağı qapıdan çıxdı, qaçıb yolun ortasından qara bir şeyi götürdü, paltarının ətəyinə büküb geri döndü. Maraq Abdullah ibn Məzlumu götürdü və onlar birlikdə həmin daxmanın yolunu tutdular ki, orada nə baş verdiyini öyrənsinlər. Bir qədər əvvəl qapıdan boylanan qız qarşısında bu qədər adamı görəndə qorxdu. Onun bu halını görən Abdullah ibn Məzlum ürək-dirək verməyə başladı:
- Bizdən qorxma, qızım, biz Həcc ziyarətinə gedirik. Bir az əvvəl sənə göz qoyurdum, hər şeyi gördüm. Sənin o tədirgin, təlaşlı halını ağlımdan çıxara bilmədim və öyrənmək istəyirəm ki, sən kimsən, ordan nə götürdün, niyə belə narahatsan.
Qız Abdullah ibn Məzlumun səsindəki səmimiyyətdən ürəklənmişdi:
- Ağa, bizim nə atamız var, nə anamız, altı yetimin böyüyüyəm, məndən sonrakının doqquz, ən kiçiyimizin də dörd yaşı var. Üç gündür ki, qardaş-bacılarım acından ağlaşırlar. Mən də yolun ortasına düşmüş qarğa ölüsünü götürdüm ki, bişirib onlara yedirim - dedi və yarısı yolunmuş qarğa ölüsünü onlara göstərdi. Sonra da yanındakı pərdəni çəkdi: bir-birinə qısılmış beş körpənin qorxu dolu baxışları zillənmişdi Həcc yolçularına. Yolçular bir-birinin üzünə baxdılar, hamısının gözündə yaş gilələnmişdi, əslində hamısı ağzını açıb eyni şeyi demək istəyirdi, amma qəhərdən boğulmuşdular. Bəlkə özlərini bu kədərin axarına buraxıb ağlamaq, ağladıqca rahat olmaq istəyirdilər. Yenə Abdullah ibn Məzlum sükutu pozdu:
- Qardaşlar, görünür bizim ziyarətimiz bura qədər imiş. Allah-Taala burda bu imtahanla bizim önümüzü kəsdi. Çoxu gedib, azı qalsa da daha burdan o tərəfə bizə bir addım da yol yoxdu.
Özlərinə heç nə saxlamadılar, hər şeylərini o yetim qızın ətəyinə boşaldıb geri döndülər.
Deyirlər ki, o ilki Həcc ziyarətində Abdullah ibn Məzlumu və dostlarını Kəbənin başına dolanarkən görənlər olub.
Bir söz, pir söz
Bizi tərk edib gedəcək və bizim tərk edib gedəcəyimiz hər şey fanidir. Fani olduğunu anlayan fani olanları istəməz, Əbədiyə qovuşmağın yollarını axtarar.