Millət vəkilindən önəmli TƏHLİL

Dünyanı cənginə alan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Gözlənilməz bir təhlükə ilə üz-üzə qalan dünya əhalisi bu günədək adını bilmədiyi bir virusa qarşı hansı mövqedə duracağını, necə mübarizə aparacağını, əlbəttə bilmirdi. Elə bu səbəbdəndir ki, indi də dünyada COVID-19 adlanan koronavirusa qarşı dünya əhalisi və elm adamlarının elan olunmamış səfərbərliyi davam edir. Qeyd etdiyimiz kimi, dünyanın bir hissəsi olan Azərbaycan da bu mübarizədən kənarda deyil.

Lakin bu məqamda Azərbaycanı dünyanın digər dövlətlərindən fərqləndirən bir özəllik var: pandemiyaya qarşı mübarizəyə koronavirus ölkəmizə hələ ayaq açmadığı bir vaxtda başlanıldı. Eyni zamanda karantin günlərində "Evdə qal!” devizi ilə evlərindən çıxa bilməyəcək vətəndaşların sosial rifahını yüksək saxlayacaq layihələrin tətbiqinə start verildi.

Əhalinin məşğulluğu və sosial rifahına dəstək siyasətinin müəllifi isə yenə də Prezident İlham Əliyev idi. Beləliklə, ölkə rəhbərliyinin təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlərin icrasına başlanıldı və tədbirlər bu gün də davam etdirilir. Atılan addımlar isə Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin əhatə dairəsindədir.

Prezidentin martın 19-da imzaladığı sərəncamı əsasında təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Prezidentin aprelin 17-də elan etdiyi dəstək tədbirləri ilə dövlətdən maddi yardım alacaq vətəndaşların sayı 200 min nəfərdən 600 min nəfərə qədər artırıldı. Sosial yardım 2.5 milyon vətəndaşa şamil olunacaq. Bu, bir daha dövlət siyasətində vətəndaş faktorunun ölkə rəhbəri üçün nə qədər önəmli olduğunu hər birimizə xatırlatdı.

Bundan başqa, ölkə rəhbərliyinin Tədbirlər Planı çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin gəlirləri də nəzərə alınıb. Bu gəlirlərin qorunması üçün səmərəli işlər görülür. Tədbirlər planının icrası ilə yanaşı, bu istiqamətdə görülən işlərə nəzarətin həyata keçirilməsi onu göstərir ki, ölkə rəhbərliyi bir vətəndaşın belə kənarda qalmasını istəmir. Hər kəs bu dövlətin qayğısını görəcək və görür. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu çərçivədə 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Pandemiya səbəbindən insanların iş yerlərini itirəcəyi ehtimalı yaransa da, son statistik rəqəmlər göstərir ki, əmək müqavilələrinin sayında azalma deyil, artım baş verib. Son iki həftə ərzində 55 min artım qeydə alınıb. Bu yöndə də, məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib, DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb, artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə isə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

Başqa sözlə, bu günədək sosial sahədə aparılan uğurlu dövlət siyasəti bu ağır günlərdə də ən yüksək şəkildə həyata keçirilir. Bu işlərin məntiqi və müsbət nəticələri də özünü çox gözlətmir, öz müsbət nəticələrini xalqın rifahının yüksəlməsində əks etdirir. Bu günlərdə də, dövlətin sosial siyasəti nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib.

Görülən silsilə tədbirlər çərçivəsində, aztəminatlı ailələrə və xüsusi karantin rejiminə görə işini itirən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Habelə kommunal xərcləri nəzərə alınan əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb.

Tədbirlər planında işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulub. Yeni qərarlar əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək, bunun 20 min nəfəri əhatə edəcəyi bildirilib.

Əlbəttə dövlətin tədbirlər planı bununla da bitmir. Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi çərçivəsində 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır, bu məqsədlə də 70 milyon manat vəsait ayrılıb.

Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi məqsədilə ayrılan 200 milyon manat əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır.

Tədbirlər planına habelə, ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi, işsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi, tənha yaşlılara sosial xidmətlər və digər dəstək tədbirləri daxildir.

Başqa sözlə, həyata keçirlən tədbirlər Prezident İlham Əliyevin "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür. Atılan addımlar göstərir ki, ölkə rəhbərinin son qərarları əhalinin sosial rifahının yüksək saxlanılması həmişə onun diqqətindədir, yürütdüyü siyasət də buna hesablanıb.

Millət vəkili Azər Badamov sözlərinə görə, Azəryaycanda pandemiya əleyhinə yüksək səviyyədə görülən tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də dəyərləndirilir və ÜST-ün rəhbəri Azərbaycanı nümunə göstərir.

Millət vəkili Azər Badamov Teleqraf.com-a açıqlamasında deyib ki, bütün bunlar Prezident İlham Əliyevin vaxtında və operativ olaraq, ÜST-ün tövsiyələrinə uyğun hərəkətə keçməsinin göstəricisidir.

O hesab edir ki, Azərbaycanda yoluxanların, dünyasını dəyişənlərin sayının az olmasının əsas səbəbi pandemiyaya qarşı müvarizəyə vaxtında başlanılmasıdır:

"Koronavirus dünyanı ağuşuna alıb və bu pandemiya dünya iqtisadiyyatında yeni böhran dalğasını yaradıb. Hətta dünyanın maliyyə qurumları, Dünya Bankı qeyd edir ki, koronavirus pandemiyasının gətirdiyi iqtisadi böhran 2008-2009-cu illərin böhranından da dərin olacaq. Hazırda ölkəmizin qarşısında iki seçim dayanıb: insanların sağlamlığını və iqtisadi fəallığı qoruyub saxlamaq. Təbii ki, ölkə başçısı da insanların sağlamlığını hər şeydən üstün tutdu və ən düzgün yol da bu idi. Ölkə başçısının "sağlam vətəndaşı olan ölkənin iqtisadiyyatını sonra da bərpa etmək olar" ifadəsi ilə məsələyə yanaşması çox düzgün baxış oldu. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargaha həm ölkədə iqtisadi fəallığın qorunub saxlanması üçün iqtisadi tədbirlər görmək, həm də koronavirusun insanların sosial vəziyyətinin təsirini minimuma endirmək barədə tapşırıqlar verildi".

Azər Badamov qeyd edib ki, insanların sosial-iqtisadi rifahının artırılması üçün yaradılan 4 işçi qrupu təqdirəlayiq addımdır:

"Bu istiqamətdə 4 işçi qrup yaradıldı və hər birinə xüsusi tapşırıqlar verildi. Bu 4 istiqamətdən biri də məşğulluq və sosial rifahdır. Əsas istiqaməti insanların sosial vəziyyətinə mənfi təsirləri azaltmaq və insanlara dövlət dəstəyini göstərməkdir. Artıq bu istiqamətdə tədbirlər planı təsdiq olunub. Aprel ayının 6-dan sonra dövlət dəstəyi proqramı icra olunmağa başlayıb və bu proqramın əhatə dairəsi çox genişdir. 3 milyard manatdan çox vəsaitin sərf olunacağı bu proqramda 2,5 milyon nəfərin sosial rifahına pandemiyanın mənfi təsirlərini minimuma endirəcək istiqamətlər nəzərdə tutulub".

O bildirib ki, proqram özlüyündə 4 əsas tədbir və 10 istiqamət ehtiva edir:

"Bu 4 tədbirin hər biri bir sektora şamil olunub. Ölkə başçısı pandemiyanın ölkəmizə ayaq açdığı koronavirusla bağlı məhdudiyyətlər qoyulduğu vaxtda qeyd etdmişdi ki, iş yerlərini azaltmaq qəti qadağandır və müəyyən insanlara dövlət dəstəyi göstəriləcəkdir. Sahibkarlara, təşkilatlara tövsiyə olunub ki, iş yerləri ixtisar olunmasın. Artıq bu dövlət dəstəyi proqramları ölkə başçısının dediyi sahibkarlar, işsizlərə ayrılmağa başlandı. Demək olar ki, 44 min sahibkarlıq subyektində 300 mindən artıq işçinin əməkhaqqının dövlət tərəfindən verilməsi bura daxildir. 600 mindən artıq insanın sosial rifahına dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur. Burada 300 mindən artıq insan qeyri-neft sektorunda işləyənlərdir. Digər hissəsi isə işsizlər və dövlətin qayğısına əhatə olunan insanlardır".

Pandemiyanın iqtisadiyyata təsirinin qaçılmaz olduğunu vurğulayan Azər Badamov bu tədbirlərin iqtisadiyyatımızın fəallığını yenidən bərpa etməsi istiqamətində öz dəstəyini göstərəcəyini, həm də insanların sosial vəziyyətinin pisləşməsinin qarşısını alacağını qeyd edib:

"Xaricdən 15 mindən artıq vətədaşımız dövlət hesabına təxliyə olunub, 4-5 ulduzlu otellərdə karantin rejimində yerləşdirilib. 20-dən artıq xəstəxana bu istiqamətdə cəlb edilib, ən müasir təchizatlarla təmin olunan yeni xəstəxanalar koronavirus pandemiyasından əziyyət çəkən insanların sağalması və müalicəsinə ayrılıb. Artıq 10 xəstəxananın tikilməsinə başlanılıb, qısa zaman ərzində tibbi dezinfeksiya və maskaların hazırlanması üçün zavod istifadəyə verilib. Bütün bunlar insanların sağlamlığına xidmət edən istiqamətlərdir. Azərbaycanın sosial dövlət olması koronavirusla mübarizə tədbirlərində bir daha özünü göstərdi. Bütün dövlət resursları bu isytiqamətdə səfərbər olunub. Tətbiq olunan bütün məhdudiyyətlər pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq məqsədi güdür. Ölkə başçısına ünvanlanan minlərlə məktublarda da vətəndaşlar öz minnətdarlıqlarını ifadə edirlər".