BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə qazanılmış diplomatik qalibiyyətin əhəmiyyəti çox böyükdür

Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya almasını və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın iddialarını dəstəkləmədi və Azərbaycanı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda nüfuzunun, cənab Prezidentin məqsədyönlü fəaliyyətinin, haqq-ədalətin qalib gəlməsinin sübutudur.

Hər şeydən əvvəl qeyd edək ki, rəsmi İrəvanın bu addımı bizi heç də təəccübləndirmədi. Ermənistan ilk dəfə deyil ki, ölkəmizə qarşı bu addımı atır. İkinci Qarabağ müharibəsinin gedişində də döyüş meydanında Azərbaycana müqavimət göstərə bilməyən Ermənistan çarsizcəsinə beynəlxalq təşkilatlara üz tutub və hər dəfə uğursuzluğa düçar olub. Səbəbi isə odur ki, heç bir təşkilat və dövlət, hətta Ermənistanın ən sadiq havadarları belə bu məsələdə ona kömək etmək iqtidarında deyil. Çünki bütün dünya ictimaiyyəti çox yaxşı bilir ki, Azərbaycan haqq müharibəsində, torpaqlarını düşmən işğalından azad etmək, ərazi bütövlüyünü bərpa etmək savaşında qalib gəlib və bundan sonra azad edilmiş ərazilərdə Azərbaycanın fəaliyyətinə hər hansı bir müdaxilə başqa dövlətin daxili məsələlərinə qarışmaq olar ki, beynəlxalq ictimaiyyət buna əsla yol verə bilməz.

Sülh danışıqlarının davam etdiyi, normallaşma istiqamətində müəyyən irəliləyişlərin olduğu bir vaxtda rəsmi İrəvanın belə bir hərəkətə əl atması da artıq təəccüblü deyil. Müharibə başa çatdıqdan sonra regionda davamlı sülhə nail olmaq üçün Azərbaycan tərəfindən atılan addımlar və edilən təkliflər bütün dünyaya bəllidir. Rəsmi İrəvan isə bunun tam əksinə yenə təxribatlar və gərginlik yaratmaqla, dünya ictimaiyyətinə özünü “məzlum xalq” kimi təqdim edərək hansısa fayda əldə etməyə çalışmaqla məşğuldur. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistanın “məzlum xalq” diplomatiyasının tam iflasa uğradığını bir daha göstərdi. Ermənistan hökümətinin, erməni diasporu və lobbisinin səyləri bu dəfə də nəticəsiz qaldı.

Cənab Prezident hər fürsətdə xüsusilə vurğulayır ki, sülh müqaviləsinin bağlanması üçün Azərbaycan tərəfindən irəli sürülmüş 5 baza prinsipə ölkəmiz hər zaman sadiqdir, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi Azərbaycan dövlətinin diqqətindədir, Qarabağda doğulmuş, ömrü boyu orada yaşamış erməni icması ilə müzakirələr aparmağa hazırıq və belə müzakirələrin aparılması Azərbaycanın öz daxili işidir. Ümid edək ki, bu diplomatik məğlubiyyətdən sonra bəlkə Ermənistan tərəfi də bu reallığı qəbul edə ki, postmüharibə dövrünün problemlərinin həll yoluna havadarlarına sığınıb beynəlxalq təşkilatlarda sızlanmaqla yox, birbaşa Azərbaycan dövləti ilə rasional danşıqlar aparmaq yolu ilə nail olmaq olar.

Əslində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsini 30 ilə yaxın yerinə yetirməyən bir ölkənin indi BMT Təhlükəsizlik Şurasından yardım dilənməsi özü çox təzadlı məqamdır. İşğal müddəti ərzində dünyaya haqq səsimizi çatdırmağımıza, beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmışdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunsa da, qətnamələrə əməl etməməsinə baxmayaraq işğalçı dövlətə qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Maraqlıdır ki, özü 30 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyən Ermənistan indi hansı ümidlərlə Qarabağ məsələsi ilə bağlı qətnamə qəbul edilməsini istəyir? Yaxud da, Ermənistandan və işğal etdiyi Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlını qovmuş, onlara öz doğma torpaqlarında, evlərində yaşamağa imkan verməyən, azərbaycanlılara qarşı soyqırımı törətmiş, həmvətənlərimizi məcbur köçkün kimi yaşamağa məcbur qoymuş Ermənistan indi bizi hansı haqqla humanitar məsələdə ittiham etməyə çalışır? Bu sualların cavabsız qalması özülüyündə istər BMT Təhlükəsizlik Şurasında, istərsə də digər büynəlxalq platformalarda Qarabağla bağlı istənilən məsələnin müzakirəsində Azərbaycanın haqlı tərəf olduğunu sübut edir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası bizim daxili məsələmizdir, bu məsələ ölkəmizin Konstitusiyasına, insan hüquqlarının aliliyi prinsipinə və könüllülük prinsipinə uyğun olaraq həll ediləcək. Ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sülh təklif edib. Postmüharibə dövrünün problemlərinə belə ədalətli yanaşma bölgədə davamlı sülhün əsaslarını möhkəmləndirir. Ermənistanın bu cür manipulyasiyaları isə normallaşma prosesinin irəliləməsi baxımından son dərəcə destruktivdir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri özləri də vurğuladı ki, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Müzakirələr həm də Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını da bir daha göstərdi. Müzakirələrin nəticəsi haqq-ədalətin Azərbaycanın tərəfində olduğunun sübutu olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu, gücünü bir daha təsdiq etdi.

 

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov