"Bu dəvət Prezident İlham Əliyevə göstərilən etimadın göstəricisidir"

"Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən G20 Zirvə Toplantısına dəvət edilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın və həyata keçirilən uğurlu xarici siyasətin növbəti göstəricisidir".

Teleqraf xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, sözügedən dəvət dövlət başçımıza göstərilən ehtiram, ölkəmizin qlobal proseslərə verdiyi mühüm töhfələrin, enerji təhlükəsizliyinə, regional sabitliyə, nəqliyyat-logistika əməkdaşlığına və beynəlxalq dialoqa verdiyi töhfələrin yüksək dəyərləndirilməsidir:

"Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan günümüzdə dünyanın ən nüfuzlu platformalarında söz sahibi olan dövlətlərdən birinə çevrilib. Ölkəmiz müxtəlif qlobal təşəbbüslərin etibarlı tərəfdaşı kimi qəbul olunur və beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmətlə qarşılanır.

Azərbaycan-ABŞ münasibətlərinin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişafı məhz bu siyasi kursun uğurlu nəticələrindəndir. G20 Zirvə Toplantısına dəvət dövlətimizin artan geosiyasi əhəmiyyətinin və Azərbaycanın beynəlxalq qərarların formalaşdığı platformalarda iştirakına verilən önəmin aydın ifadəsidir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin bu mötəbər platformada iştirakı Azərbaycanın milli maraqlarının daha geniş şəkildə təqdim olunmasına, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verəcək".