Deputat: Fransada AzTV əməkdaşlarına hücum təkzibedilməz cinayətdir

Özünü Avropada demokratiyanın beşiyi hesab edən Fransada Azərbaycan Televiziyası əməkdaşlarına hücum bu ölkənin söz və media azadlığına münasibəti ifadə edən, dövlətin birbaşa məsuliyyət daşıdığı vandalizm aktıdır. Rəsmi Paris ölkəsinin sərhədlərini qanuni şəkildə keçmiş şəxslərin, daha da önəmlisi, prosedurlara uyğun şəkildə Fransanın aidiyyəti dövlət strukturunda akkreditə olunmuş media mənsublarının təhlükəsiz formada qanuni peşə fəaliyyətinə təminat verməyə borclu olduğu halda özünün dövlətdaxili hüquq və beynəlxalq hüquqla müəyyənləşən öhdəliklərini kobud şəkildə pozur. Mütəmadi olaraq siyasi və neokolonial məqsədlər naminə ayrı-ayrı ölkələrdə media azadlığı pərdəsi altında aqressiv davranışlar sərgiləyən, jurnalistlərin, söz və media azadlığının “hamisi” kimi davranan Fransanın bu mövzunu istismar edən riyakarlığını üzə çıxarır. İnkişaf etməkdə olan dövlətlərdə, o cümlədən Şərqi Avropa və Qafqazda ən xırda insidenti söz azadlığı kontekstində şərh edib, özünün qeyri-sağlam məqsədləri naminə təzyiq mühiti yaratmağa cəhd edərkən Fransaya dəstək verən “Freedom House”, ATƏT-in media azadlığı üzrə nümayəndəliyi, “Sərhədsiz Reportyorlar” kimi təsisatlar da əslində susmaqla Parisin iyrənc siyasi məqsədlərinə xidmət etdiklərini göstərməkdədirlər. Belə vəziyyətdən sonra nə bu üzdəniraq media-hüquq təşkilatları, nə də Fransanın media azadlığı barədə danışmağa mənəvi-siyasi haqqı olmamalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat vurğulayıb ki, Fransada AzTV əməkdaşlarına hücum təkzibedilməz cinayətdir. Bu əməlin obyektiv cəhətinə diqqət yetirsək, zor tətbiq etməklə jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla Fransa hökuməti hazırda ölkədə baş verən iğtişaşlar ətrafında informasiya blokadası yaratmaq və özünün irqçi və təcavüzkar mahiyyəti ilə bağlı sübutların yayılmasını önləmək niyyəti güdür. Daim bəşəri məqsədlərdən danışan Fransanın bu qeyri-insani və ləyaqətsiz davranışına göz yummaq xoş olmayan presedentlər yarada bilər. Bu mənada cəzasızlıq mühitinə yol verilməməsi və ədalətin nisbi bərpası üçün insident dərhal Fransa dövləti tərəfindən pislənilməli, Azərbaycandan üzr istənilməli, hücumu törədənlər və əməlin digər iştirakçıları, mümkün təhrikçi və təşkilatçılar məsuliyyətə cəlb olunmalıdır.

Amma son iki gündə müşahidə olunan sükut göstərir ki, nə beynəlxalq insan haqları təsisatlarının, nə media azadlığı təşkilatlarının Fransaya münasibətdə qəti addımlar atmaq niyyəti yoxdur. Parisin özünün də məsələdə səmimi olacağı şübhə doğurur. Çünki azərbaycanlı jurnalistlərə, çəkiliş qrupuna hücum əməlinin subyektiv cəhətinə diqqət etsək, əslində bu əməl dövlət səviyyəsində islamofob, antitürk, irqçi siyasət yürüdən, bu istiqamətdə açıq cinayətlərdən çəkinməyən Fransa dövlətinin özünün iradəsini ifadə edir. Öz vətəndaşı olan yeniyetmənin məhz qeyri-millətdən olduğu, fransız olmadığı üçün, irqi ayrı-seçkilik zəminində qətlə yetirildiyi Fransa dövlətindən sağlam düşüncə və yanaşma gözləmək yersizdir.

Üstəlik, bizim müxbir və operatora bədən xəsarətləri yetirilməsi, çəkiliş kamerasının alınaraq sındırılması, kameranı geri tələb edərkən AzTV əməkdaşlarının silahla hədələnməsi bu cinayətin arxasında Fransa dövlətinin özünün dayandığını ehtimal etməyə təkzibedilməz əsas verir.

Parisin sərgiləyəcəyi mövqedən asılı olmayaraq, istənilən halda Azərbaycan tərəfi geri addım atmayacaq və bütün beynəlxalq platformalarda məsələ davamlı olaraq gündəmdə saxlanacaq. Bu hadisə barədə aydın, birmənalı mövqe nümayiş etdirib, vandalizm aktını pisləməyən, araşdırma tələb etməyən beynəlxalq təsisatlar isə bütün müstəvilərdə, bütün hallarda ifşa ediləcək. Hesab edirəm ki, Azərbaycan mediası və Azərbaycan sosial media seqmenti bu prosesdə aktiv olmalı və baş verən barbarlığı hücum siyasətimizin elementinə çevirərək Fransanın və hadisəyə göz yuman təsisatların əsl simasını dünyaya göstərməlidir.