"Əhv sərəncamı Azərbaycanda insanlığa verilən dəyərdir"

Prezident cənab İlham Əliyev tərəfindən martın 18-də  imzalanan  “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşın dayanmasının növbəti təzahürüdür. Artıq neçə illərdir ki, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində, o cümlədən, xalqımız və dövlətimiz üçün  digər  mühüm əlamətdar günlərdə  cənab Prezidentimiz tərəfindən əfv Sərəncamları imzalanır. Azərbaycanda məhkum hüquqlarının qorunması, həm də bütövlükdə insanlığa verilən dəyərdir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva  hələ millət vəkili olarkən  amnistiya təşəbbüsü ilə çıxış etmişdir. Xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilən  bu təklif artıq ənənəyə çevrilmişdir. Ötən dövr ərzində  Azərbaycanda 67 əfv Sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.  Bu sənədlər dövlətimizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması baxımdan da böyük əhəmiyyət kəsb edir. 
 

 Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar, hüquqi müstəvidə də öz bəhrəsini verməkdədir. Aparılan hüquqi islahatlar sırasında cəza siyasətinin humanistləşdirilməsi, xüsusi təhlükəli hallar istisna olmaqla cəzanın yüngülləşdirilməsi imkanlarının yaradılması önəmli məsələlərdəndir.  
     

Bu Sərəncam xalqımızın milli həmrəylik bayramı olan Novruz bayramına xüsusi sevinc hissləri qatdı. Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülməklə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənmiş, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilmiş, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunmuş və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilmişdir.  Bütövlükdə bu Sərəncam 625  nəfəri əhatə edir, onlardan 28-i qadındır.  Burada diqqət çəkən məqamlardan biri də odur ki, sosial kateqoriyasından, siyasi, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq  müxtəlif məhkum olan şəxslər də( o cümlədən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, “Nardaran” və “Gəncə” hadisələrinə görə həbs olunan məhkumlar)  əfv edilmişdir. Bütün bunlar ölkəmizdə vətəndaş həmrəyliyi və tolerantlığın təmin olunması istiqamətində atılan mühüm addımdır. 
 

Novruz Bayramı ərəfəsində  imzalanan əfv Sərəncamı  məhkumların, onların ailələrinin, gözü yolda qalan valideynlərin, uşaqların   sevincini, bayram əhval-ruhiyyəsini bir qədər də artırdı. Artıq onların həyatlarında yeni mərhələ başlayır. Törətdiyi cinayət əməlindən həqiqətən peşmançılıq hissi keçirən, öz ailəsinə, yaxınlarına  və ictimai həyata qovuşmaq istəyən məhkumlar onlar üçün yaradılmış bu imkanı dəyərləndirməlidirlər. Yaşamaq, işləmək, yenidən təhsil almaq, peşə sahibi olmaqla  özünü ailədə və cəmiyyətdə təsdiq etməlidirlər. 
     

Son zamanlar təhlillər bir daha göstərir ki, insanlar arasında profilaktik tədbirlərin daha gücləndirilməsinə ehtiyac vardır. Ümumiyyətlə, insanlarda aqressiyanın deyil, dözümlülüyün təbliğ olunması, hadisələrə hisslərlə deyil, məntiqlə münasibət bildirməyi təşviq etmək qarşıda dayanan vəzifələrdən biridir. Bu isə onların  daha yüksək və ülvi hisslər haqqında fikirləşməyi, öz ailəsi, dövləti üçün daha yararlı vətəndaş olması üçün ardıcıl işlərin aparılması, ideoloji tədbirlərin daha çox keçirilməsi zərurətini yaradır.  Təcrübə göstərir ki, bu sahədə sistemli və davamlı layihələrin həyata keçirilməsi  müsbət nəticələr verir. 
 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, 
professor Hicran Hüseynova