Azərbaycan təhsilinin elektron sistemə keçidi - Yeni mərhələ

Sözsüz ki, təhsilin inkişafı əsasən bu sahəyə qoyulan sərmayədən asılıdır. Bu mənada ölkədə təhsilin durumunu müəyyən edən əsas faktor dövlət büdcəsi hesab olunur.

Statistik rəqəmlərə istinad edək; 2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə təhsil xərclərinə 3 milyard 156 milyon manat ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 38,3 faiz çoxdur. Başqa sözlə ifadə etsək, büdcədən elm-təhsilə ayrılan hissəsinin ÜDM-da payı 4 faizinə yaxınlaşır. İnkişaf etmiş ölkələrdə bu göstərici 6-7 faizə çatır.

2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 275 milyon manat olub. 2018-ci ildə isə bu göstərici 2 milyard 44 milyon manat, 2017-ci ildə isə 2 milyard manat civarında idi.

Təhsilə qoyulan sərmayə bu sahənin ayrı-ayrı sektorlarında da özünü aydın hiss etdirməkdədir.

Məsələn, başa vurmaqda olduğumuz 2019-cu ildə gənc alimlərə güzəştli kreditlər verildi. Masazır gölü ətrafında sərfəli qiymətlərlə gənc alimlər üçün yaşayış binasının tikintisinə başlanıldı. Bundan başqa iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlərin maaşları 1500 manata qədər artırıldı. Amma təcrübə göstərir ki, təhsil sektorunda idarəetmə mexanizmi təkmilləşdirilmədən təkcə xərclərinin artırılması ilə inkişaf əldə etmək mümkün deyildir.

Təhsil sistemində korrupsiyaya qarşı mübarizə

Təhsil sosial sahə olduğundan orada baş verənlər barədə mətbuat, ictimaiyyət daha tez məlumat əldə edir. Elə bu sətirlərin müəllifi də mətbuatda dəfələrdə təhsildəki problemlərdən - "fond pulu”, "süpürgə pulu”, "müəllimlərə hədiyyə” və s. mövzulardan dəfələrlə yazıb. Ən ciddi problemlərdən biri isə, şübhəsiz, müəllim olmaq istəyən şəxslərin get-gələ salınması, əyri yollarla işə götürülməsi, saxta diplomlu şəxslərə "müəllim” adının verilməsi, dərs saatlarını məktəb rəhbərliyi tərəfindən ədalətsiz bölüşdürülməsilə bağlı idi. Bütün bu problemlərə baxmayaraq, Azərbaycan ailəsi övladları təhsildən yayındırmayıblar. Valideylər min bir əziyyətlə qazandıqları pulu övladlarının təhsilinə xərcləməyi əsirgəməyiblər.

Sevindirici haldır ki, son illər təhsildəki nöqsanlarla bağlı mətbuata gedən yazılara aidiyyəti-dövlət qurumları reaksiya verməyə başlayıblar, qüsurların aradan qaldırılması istiqamətinə addım atmağa başlayıblar.

Elektron təhsil sisteminə keçid

Son illər müəllimlərin işə qəbulu ilə bağlı problemlər demək olar ki, həll olunub. Söhbət qəbul qaydalarının elektronlaşdırılmasından gedir.

Çox maraqlıdır ki, ilk yeniliklərdən biri məhz birinci siniflərə qəbulun elektronlaşdırılması oldu. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi - www.mektebeqebul.edu.az-ın fəaliyyəti məktəbləri və valideynləri birdən-birə elektron xidmətlərin fəal iştirakçısına çevirdi.

Artıq Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Bu günə olan ümumi mənzərə ondan ibarətdir ki, artıq paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 72 faizindən çoxdur.

Cəmi 5 ildir elektronlaşan məktəbəqəbul prosesində hər il fərqli yeniliklər qeydə alınır. İnsanların rahatlığına, qəbul prosesinin sadələşdirilməsinə xidmət edən həmin islahatlar elektronlaşmanın əhatə dairəsinin genişlənməsinə də təsir edir. Məsələn, ötən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirildi. Bu ildən tətbiq edilən yenilik isə xüsusi qayğıya ehtiyacı olan uşaqları əhatə edir. Belə ki, 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da artıq elektron formada aparılır.

Qeyd edək ki, əhaliyə göstərilən bu elektron xidmətin dairəsinin genişləndirilməsi həm də şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsinə töhfəsini verir

Təhsil sistemində elektron xidmətlərin tətbiqi valideynin sadəcə məktəbəqəbul prosesində işini rahatlatmayıb. Artıq 9 ildir ki, valideyn öz uşağına bu sistemin köməyi ilə nəzarət də edə bilir.

www.ael.edu.az səhifəsində şagirdin məktəbli kitabçası və davamiyyət jurnalı yerləşdirilib. Valideynlər öz uşağının qiymətləri, dərsə davamiyyəti haqqında məhz bu ünvandan məlumat əldə edirlər.

Hələlik 43 elektron məktəb üzrə şagird məlumatlarının valideynlər tərəfindən nəzarəti mümkünləşdirilib. Həmin təhsil müəssisələrində tədrisin idarəolunmasının avtomatlaşdırılması şagirdə qiymət qoyulduğu anda valideynin bundan xəbər tutmasına imkan yaradır. Qeyd edək ki, yaradılan proqram təminatı vasitəsi ilə hər bir valideyn elektron jurnalda yalnız öz övladının qiymətlərinə baxa bilir.

Məktəbə "elektron yolla” gedən müəllimlər

Müəllimlərin işə qəbulunun tam elektronlaşdırılması, şəffaflığın və ədalət prinsipinin qorunub saxlanılması, bürokratik əngəllərin aradan qaldırılması, korrupsiya və "tapşırıq” amillərinin aradan qaldırlması bu sahədə əldə olunmuş ciddi uğurlardan sayılmalıdır.

Artıq 5 ildir ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına çevrilib. Öz şəxsi kabinetini açaraq bu ünvana "yerləşən” namizədlər üçün buradan məktəbə, müəllimliyə cəmi 4 addım - 4 mərhələ qalır. Başqa sözlə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müraciətlərin və sənədlərin qəbulu və imtahan, müsahibə nəticələri haqqında məlumatların verilməsi elektron sistem vasitəsi ilə aparılır. Bu xidmət ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini təmin edir.

Elektron köçürülmə

Elektronlaşma sadəcə ümumi təhsil pilləsində aparılmayıb. Artıq ali təhsili pilləsində də məşhurlaşan, tələbələrin güvənini qazanan elektron ünvanlar var. Məsələn, ölkə daxilində və xaricində yerləşən ali (bakalavr və magistratura səviyyələri üzrə), orta ixtisas təhsil müəssisələrindən köçürülmə sistemi - www.transfer.edu.az bir çox tələbələrin ümid yerinə çevrilib. Çünki Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələrin ixtisasının və ya təhsil alma formasının dəyişdirilməsi, bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi də elektron sistem vasitəsi ilə aparılır. Köçürülmə qış və yay tətili dövründə, ildə 2 dəfə həyata keçirilir. Müvafiq qaydalara əsasən, ixtisasın dəyişdirilməsi və ya bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olur.

Elektronlaşmanın daha bir üstünlüyü

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) əlaqə ünvanları isə www.regionlist.edu.az-dadır. Bu yolla rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) koordinatlarını əldə etmək mümkündür. www.regionlist.edu.az portalına daxil olub istənilən rayon (şəhər) təhsil şöbələri, (əlaqə saxlamaq üçün elektron poçt ünvanı, əlaqə nömrəsi və ünvanı və s.), eləcə də şöbənin tabeçiliyində olan müəssisələr haqqında ümumi məlumatlar, yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.

Təhsil Nazirliyində Vətəndaş müraciətlərinin qəbulu və vəzifəli şəxslərin qəbuluna yazılması sistemi də elektronlaşıb. Belə ki, artıq həm şəxsən, həm də Təhsil Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada müraciət edib vəzifəli şəxslərin qəbuluna yazılmaq mümkündür. www.edu.gov.az-a göndərilmiş müraciətlər "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və baxılır.

Ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramlarına antikorrupsiya mövzusunun əlavə edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi Milli Fəaliyyət Planında vacib məqam kimi qeyd olunub. İki il ərzində Milli Fəaliyyət Planında təhsillə bağlı nəzərdə tutulan bütün islahatların həyata keçirildiyini söyləmək mümkündür.

Müəllim və valideynlər elektron xidmətlərdən istifadə edə bilirlərmi?

Bu gün təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı müəllim və valideynlərin, o cümlədən şagirdlərin maarifləndirilməsinə ehtiyac vardır. Bu günədək orta məktəblərdə tədris olunan onlarla dərsliyin elektron variantı hazırlanaraq elektron təhsil portallarında yerləşdirilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin "dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portallara daxil olaraq V, VI, VII, VIII, IX, X, XI sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər. Bununla da portallarda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.

Hazırda portallarda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 241 elektron vəsait mövcuddur.

Yaxın gələcəkdə təhsil sistemində elektron xidmətlərin sayı daha da artırılacaq.

Bu mənada ölkə əhalisinin internetə çıxış imkanlarının artırılmasına, müəllim və valideynlərin, həmçinin şagirdlərin elektron xidmətlərdən istifadə bacarıqlarının artırılmasına ehtiyac vardır. Bunun üçün medianın imkanlarından yararlanmaq mümkündür.

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.