Milli Məclisin deputatı Ağalar Vəliyev
SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Fransa Senatının məlum qərəzli
qətnaməsindən, 44 günlük şanlı zəfərdən, xalq-iqtidar birliyindən danışıb.
-Ağalar müəllim müsahibəmizə Fransa Senatının məlum qətnaməsi ilə
başlamaq istərdim. Sizcə indiki həssas məqamda belə bir sənədin qəbulu nədən xəbər
verir?
-Fransa düşmənin başladığı və Müzəffər Ordumuzun qələbəsi ilə yekunlaşan Vətən Müharibəsinin ilk günlərindən qərəzli bəyanatları ilə öz niyyətini ortaya qoymuş oldu. Türkiyəyə qarşı sərsəm bəyanatlar, Azərbaycanın hədəf alınması, ümumən müsəlmanları aşağılayan fikirlər Fransanın islamofobiyaya qarşı olmasından xəbər verir. Tarix boyu Fransa müharibələrdə öz şəxsi maraqlarını güdüb. Dünya müharibəsində, ondan sonra Yaxın Şərqdə və digər regionlarda baş qaldıran müharibələrdə Fransanın istəyi ondan ibarət olub ki, bu münaqişələrdən maksimum yararlansın. Artıq bütün dünya bilir ki, ermənilər vandal siyasəti həyata keçirir. Onları da Fransadan başqa heç kim dəstəkləmir. Gah nala, gah mıxa vuran Makron özünü yandırmaqla məşğuldur. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ona vaxt qoyub. Gün kimi aydındır ki, bu seçkilərdə Makronun şansları yoxdur.
Fransa Senatında isə "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin hüquqi qüvvəsi yoxdur. Bunu biz yox Fransa Xarici İşlər Nazirliyi deyir. Artıq bu məsələyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tutarlı cavab verilib. Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulması xüsusi vurğulanıb. Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürüldüyü qeyd olunub. O da vurğulanıb ki, Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib.
Onu deyim ki, artıq qəbul olunan belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cəbhə ilə yanaşı diplomatiyada da ciddi uğur qazandı. Azərbaycanın ərazi bötüvlüyü təmin olundu. Biz Ağdamın, Kəlbəcərin, Şuşanın işğaldan azad olunmasını qeyd edirik. Diplomatiyamız isə hələ bundan sonra öz sözünü deyəcək. Paşinyan başda olmaqla Makron və digər ermənipərəstlər beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar.
-Ağalar müəllim QƏLƏBƏ asan əldə olunan nemət deyil. Bu gün qazanılan
QƏLƏBƏni nəyə və kimə borcluyuq?
-Biz xalq olaraq, millət olaraq
var olmamızı, 44 günlük şanlı zəfərimizi, əldə etdiyimiz uğurları ilk öncə cənab
Prezident İlham Əliyevə borcluyuq. İlham Əliyev Azərbaycana rəhbərlik edəndən
sonra Ordu Quruculuğu Azərbaycan hökumətinin prioritet sahələrdən birinə yox
birincisinə çevrildi. Hər il dövlət büdcəsindən Ordumuzun təkmilləşdirilməsi
üçün vəsait ayrılır. Təsadüfi deyil ki, Orduya ayrılan vəsait Ermənistanın
ümumi büdcəsi qədərindədir. Və nəticə göz qabağındadır. Azərbaycan Ordusu bugün
regionun ən güclü orduları arasındadır. Müasir döyüş silahları ilə təchiz
olunub. Əsgər və zabitlərimizin təminatları yüksək səviyyədə təmin olunur. Eyni
zamanda yüksək kadr hazırlığı, nizami ordunun formalaşdırılması bir başa cənab
İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Cənab
Prezidentin dediyi kimi bizim düşmənimiz vandal düşməndir. Bu üzdən biz daim
Ordu Quruculuğuna xüsusi diqqət yetirməliyik.
- Xalq-iqtidar birliyi barəsində nə deyə bilərsiniz?
-44 günlük şanlı sınaq bizə bir məsələni
gün kimi aydın etdi. Azərbaycanda xalq-iqtidar birliyi var. Milli məsələlərdə isə
bu birlik istənilən gücə qarşı yumruğa çevrilir. Mən deyərdim ki, ümumən son
dönəmlərdə həyata keçirilən sosioloji sorğuların nəticələrinə baxsanız görərsiniz
ki, Azərbaycan xalqı öz liderini sevir, ona inanır, onu dəstəkləyir. Bu son hadisələrdə
bir daha özünü göstərdi. Cənab prezident öz növbəsində lider kimi bütün məsələləri
xalqa müraciət edərək açıq-aydın, şəffaf şəkildə çatdırır. Bu müraciətləri dinləyən
hər bir azərbaycanlı qürur hissi keçirir. Eyni zamanda Prezidentinə güvəni,
daha da artmış olur. Biz millət olaraq
çox şanslıyıq ki, bizim İlham Əliyev kimi liderimiz var. Hər zaman qətiyyəti,
idarəetmə bacarığı, uzaqgörən siyasəti ilə seçilən İlham Əliyevin reytinqi
artmaqda davam edir. Bugün Tvitter sosial şəbəkəsində İlham Əliyev ən çox izlənilən
ikinci liderdir. Xalqın sevgisi İlham Əliyevi daha uca zirvələr qaldırır. Çünki
Prezidentimiz buna layiqdir. İlham Əliyev kimi tarixi şəxsiyyətləri yetişdirmək
üçün uzun bir zaman lazımdır. Mən inanıram ki, bugün ümumilli liderin ruhu
şaddır. Şaddır ona görə ki, cənab Prezidentin rəhbərliyi altında biz öz dədə-baba
torpaqlarımıza qayıtdıq. Şaddır ona görə ki, İlham Əliyev ata vəsiətini
layiqincə yerinə yetirdi.
-Müharibə zamanı ön cəbhə qədər arxa cəbhə də önəmlidir. Arxa cəbhədə
ruh rüksəkliyi Qələbənin təminatıdır deyirlər. Bir millət vəkili kimi bu müddət
ərzində arxa cəbhədə həyata keçirilən işləri necə dəyərləndirərdiniz?
-Mən bir məsələyə diqqət ayırmaq
istəyirəm. Münaqişə başlanan gün sentyabrın 27-də Bakı-Ələt yolunda hərbi
texnikamız cəbhəyə yollananda yolun kənarında olan insan seli, vətəndaşlarımızın
əsgərləri alqışlarla döyüşə yola salması elə ilk gündən arxa cəbhənin gücünü
göstərdi. Silahlı Qüvvələrə Yardım Fonduna hər kəs ianə etməyə başladı. Bununla
yanaşı imkanı olan və ya olmayan hər kəs əsgərlərimiz üçün sovqat göndərdi.
Maşın karvanı, əsgərlərimizdə ruh yüksəkliyi yaratdı. Əsgərə məktub
kompaniyasının həyata keçirilməsi bu və ya başqa işlər ümumən səngərdə olan əsgərimizə
ruh verdi. Belə həssas məqamda düşünülmüş düşgüz siyasət Qələbənin təminatıdır.
Bunu da cənab Prezident İlham Əliyev çox gözəl şəkildə qurdu. Mənim deputat
seçildiyim ərazi düşmənlə təmas xəttində yerləşir. Münaqişə başlanandan daim
seçicilərimin yanında olub onların qayğıları ilə maraqlanmışam. Sizə deyim ki.
Gənc, cavan uşaqlar mənə yaxınlaşıb müharibəyə getmək istədiyini bildirirdilər.
Bütün bunlar məndə elə böyük ruh yüksəkliyi yaratdı ki, bunlar sözlə ifadə
olunan hisslər deyil.
-Sonda QƏLƏBƏ hissini necə yaşadınız? Bu barədə bir neçə cümlə
mümkünsə...
- Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin ruhu qarşısında baş əyirəm. Onların qanı yerdə qalmadı. Yaralı qazilərimiz var. Onların hər birinə allahdan şəfa diləyirəm. Bizim Qələbə sevincimiz onların qanı üzərində qurulub. Bu isə erməni vandallarının məqsədli şəkildə həyata keçirdiyi siyasətdir. Şükür ki, cənab Prezidentin rəhbərliyi ilə biz onlara lazım olan dərsi verdik. Qələbə sevinci ilə bağlı onu deyə bilərəm ki, bu sevinci əvəz edəcək heç nə yoxdur. Şuşanın, Zəngilanın, Qubadlının, Ağdamın, Kəlbəcərin ümumən işğal altında olan topraqlarımızın xoş müjdəsini verən Ali Baş Komandan bizə qürurumuzu qaytardı. Bu yeni bir tarixdir. Elə bir tarixdir ki, qızıl hərflərlə yazılır. Bu tarixi yazan sərkərdə isə İlham Əliyevdir. Allah onu və əsgərlərimizi qorusun.
Ədil Ədilzadə