Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)Xarici İşlər Nazirliyində (XİN)keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərbarələrində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.
Report-un məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrlik etdiyi kollegiya baxacaq.
Qeyd edək ki, DTX-nin əməliyyatı zamanı saxlanılan Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.
Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.