«Dünya və axirətdə səadətin açarı elmdir»

«Rəbbim, elmimi artır» – de» (Ta-hə, 114)

1905-ci ildə «Həyat» qəzetində Mirzə Ələkbər Sabirin «Bir məclisdə on iki kişinin söhbəti» àäëû bir şeri dərc olunmuşdu. Şeirin on iki qəhrəmanından biri olan Elm Azərbaycan cəmiyyətini, bəlkə də, elə bütün islam ümmətini nəzərdə tutaraq deyirdi: «Qət’i ümmid etmişəm, yeksər bu qövmi atmışam». Elmin antipodu olan Cəhl isə: «Ortada keyf eyləyib mən həm mərama çatmışam» – deyə məmnunluq ifadə edirdi.

Müsəlmanların elmi küsdürməsi böyük şairi əbəs yerə təəssüfləndirmirdi. Çünki elm və islam bir-biri ilə çox bağlıdır. Amma şeir yazılan zaman artıq bir neçə əsr idi ki, bir zamanlar Qərbin müəllimi olan Şərq indi şagird olmağı belə istəməyən cahilə – elmin ən böyük düşməninə çevrilmişdi. Sabirdən bir qədər əvvəl onun müəllimi Seyid Əzim Şirvani də bu xüsusda çox etirazlar bildirmişdi. Onun Qafqaz «müsəlman»ları haqda yazdıqlarını nəsrə çevirib belə ifadə edə bilərik: «Əgər birinə desən ki, Yer öküzün, öküz isə balığın üstündə durmur. Zəlzələ isə öküzü mozalanın dişləməsi nəticəsində ikincisinin təpik atması sonucunda baş vermir, deyərlər ki, bu mürtəd peyğəmbəri inkar edir, kafirdir!» İslam cahil kimsələr tərəfindən əslindən uzaqlaşdırılmış, islam adlanan, gerçəkdə isə onun karikaturası olan başqa bir dinə çevrilmişdi. Bəs Quran islamı üçün elm nədir?

Ərəblərin mənəvi mədəniyyətində «elm» sözünə ilk dəfə islamdan öncəki ərəb ədəbiyyatında rast gəlirir. Etimoloji tədqiqatlar göstərir ki, islamdan qabaq «elm» sözü ərəblərdə «yol göstərən işarə» anlamına gəlirmiş. Bu yolgöstərmədə bir xilaskarlıq, məqsədə doğru aparıcılıq və əlavə əziyyətdən qurtarıcılıq kimi çalarlar vardı. Bədəvi üçün səhrada azmamaq üçün yol göstərən işarənin nə dərəcədə vacib olduğunu demək artıqdı. Bu işarənin olmaması ölümə bərabər idi. Təsadüfi deyil ki, «elm»in antonimi olan «cəhl» kökü «məqsədsiz dövrə vurmaq», «azmaq», «nə etdiyini bilməmək» anlamı verirdi.

Məşhur Amerika islamşünası Frans Rouzental araşdırmalar nəticəsində müəyyənləşdirib ki, Müqəddəs Kitabımız Quranda təxminən 78 000 söz var. Bunların sırasında «elm» kökündən düzələn sözlərin sayı isə 750-dir. «Kün» (olmaq) feili 1300 dəfə, «qul» (demək) isə 1700 dəfə işlənilib. Bu feillər sayılmasa, 2800 dəfədən artıq işlənən «Allah» sözü və eyni mənada 950 dəfədən artıq işlənən «Rəbb» sözündən sonra «elm» gəlir. Bunu quru statistika saymaq çətin görünür. Bu özü də islamda elmin önəminin daha bir göstəricisidir.

Quranda ən böyük elm sahibi olaraq Allah göstərilir. Qurana görə, Allahın elmi, təbii ki, insanlarınkından müqayisəolunmaz dərəcədə çoxdur. Elmin keyfiyyəti cəhətdən də fərq var, şəksiz. «Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, məhz açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın» (Ənam, 59); «Mən demirəm ki, Allahın xəzinələri məndədi. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən, eyni zamanda, xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm) onda, şübhəsiz ki, zalımlardan olaram» (Hud, 31).

Quranda tez-tez işlədilən «Allah bilir» ifadəsi sonrakı müsəlman teologiyası və elminə əhəmiyyətli təsir göstərib. Bilməyin, elm sahibliyinin Allaha xas sifət olması elmə şərəflər şərəfi verir, kiçik yaradıcı olan insanı düşüncə və axtarışlara təhrik edirdi. Müsəlman alimləri qeyd edirlər ki, Quranda intellektual fəàliyyət anlamına gələn başqa sözlər də var, məsələn, «irfan» və bu kökdən düzələn «mərifət». Amma «irfan» Allahın sahib olduğu elm anlamında işlədilmir. Bu, elmin tərkibèndə olub daha çox «Allahı bilmə» kimi izah olunur.

Quranda açıqlanır ki, düzgün şərh olunduqda canlı və cansız təbiətdə Allahın ayətlərini görmək olar. Düşünən, ağıl işlədən dərin zəka sahibləri üçün bu ayətlərdə Ulu Yaradıcının rəhmliliyinin, böyüklüyünün, böyük bir ilahi harmoniyanın dəlillərinin olduğu deyilir. Bəzi ayələrdə göylərdə və insan qəlbində olan ayətlərdən – dəlillərdən də söz açılır. Beləliklə, Quran insanı yaradıcılığa, bütün aspektlərdə – canlı və cansız təbiətdə, insanın özündə olan ayətlərin araşdırılmasına çağırır: «Şübhəsiz, dərindən düşünənlər üçün ayələr var yer üzündə və sizin öz xilqətinizdə. Görməzmisiniz bunları?» (Zəriyət, 20-21).

Qurana görə, bütün elmlərin mənbəyi Allahdır. Quran bir öyüd olaraq göndərilib və insanları imana təhrik edir; orada xüsusi elmi araşdırıma gücündə olmayanlar üçün də dəlillər var, ən cidd elmi araşdırmalara varanlar üçün də. Bəzilərinin Quranda «elm» deyildikdə guya təkcə dini elmləri nəzərdə tutması haqda dedikləri əsassızdır. Bütövlükdə təbiət elmləri də son nəticədə dinidir və əksinə. Quran məntiqi ilə hər bir təbiət elmi də ən ciddi araşdırmalar sonucunda monolit bir elmin tərkib hissəsi kimi üzə çıxmalıdır.

Amma Ulu Tanrı hamını nəzərə aldığından, «Quranda hər kəs üçün pay olduğundan» hər kəs öz səviyyəsindən yanaşa bilər. Kimi zikrlə ürəyini «pasdan təmizləməklə» kifayətlənər, kimi isə üstəlik ən qlobal araşdırmalara da girişər: «Onlar ayaqüstə, oturarkən, uzanıqlı vəziyyətdə Allahı zikr edərlər. Göylərin və yerin yaradılışını düşünərlər və: «Rəbbimiz! Sən bunu boş yerə yaratmadın» – deyərlər» (Əli İmran, 191).

Quranda insanlara Allahdan istənilməsi tövsiyə olunan dualardan biri də: «Rəbbim, elmimi artır» – de» ayəsidir (Ta-hə, 114). Bu ayəni Bəqərə surəsindəki «Bizə bu dünyada və axirətdə həsənə ver» duası ilə sinonim də hesab etmək olar. Hər halda, imam Qəzali Quran məntiqindən bu qənaətə gəlir: «Əmələ bu əməlin nə olduğunu bildirən elmlə varılır. Belə isə: «Dünya və axirətdə səadətin açarı elmdir» – deyə bilərik. Quranda elə mətləblər var ki, onlara, sadəcə, işarə olunur: «Biz bu misalları insanlara veririk. Bunları ancaq alimlər anlar» (Ankəbut, 43). Bu ayə ilə bağlı Zəhidi adlı orta əsr müəllifi belə yazırdı: «Quranda qırxdan artıq ibrət alınacaq misal var. Keçmiş böyük alimlər bu ibrətamiz misallardan hər hansı birini oxuyub anlamadıqları zaman: «Eyvah, mən alimlərdən deyiləm» – deyib hönkür-hönkür ağlayarmışlar». Elmlənmək ilahi tapşırıq olduğundan, islamın ən imanlı dövrü elmin də ən çox inkişaf elədiyi bir dövr oldu və əksinə. Bu isə bir neçə əsrliyə bəşəriyyətin sivilizasiya mərkəzinin müsəlman dünyasına keçməsi ilə sonuclandı.

Bir qədər də elm verməkdə sıralama və ondan bəhrələnmə imkanı barədə. Elm bir nemət olduğundan və yuxarıda imam Qəzalidən verdiyimiz iqtibasda deyildiyi kimi, dünya və axirətdə səadətin açarı olduğu üçün Allah ilk öncə bütün peyğəmbərləri elm sahibi edib, onlara adi adamlarda olmayan elm verib. Müasir araşdırmaçılar da elm əldə etməyin iki: rasional idrak və aprior bilik yolu olduğunu qəbul edir, peyğəmbərlər və bir sıra müdriklərin digər insanların çeşidli üsullarla onillərin və yüzillərin üzüntülü axtarışları hesabına əldə etdiklərini qısa müddətə ilk mənbədən aldıqlarını deyirlər. Böyük alim Eynşteyn yazırdı: «Əsl elm mistik titrətmə başlayan yerdə doğulur». Fransız filosofu Dekart isə öz gündəliyində fəlsəfi konsepsiyasının ona «bir gecə ərzində trans vəziyyətində» verildiyini yazırdı (mənbə: Maks Hendel, «Kosmoqonik konsepsiya»).

Peyğəmbərimizin ona ilahi elm verilən – vəhylər gələn ərəfədə həyəcan keçirməsi haqda yetərincə yazılıb. Peyğəmbərlərin ilk mənbədən bilik almada seçkin olduqları haqda Qurani-Kərimdə ayə var. Bəllidir ki, peyğəmbərlər heç də intellektual elita içərisindən seçilmirdi. Onlar iman cəhətindən hamıdan təmiz və, adətən, savadsız adamlar olurdu. Amma onlara verilən elmlə – Kantın təbiri ilə desək «aprior biliklə» zamanları qabaqlayırdılar: «Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizi bilmədiklərinizi bilirəm» (Əraf, 62).

Mələklər də elm sahibidirlər, amma onlar yalnız Allahın onlara öyrətdiyini bilirlər: «Onlar (mələklər): «Sən pak və müqəddəssən (bütün eyib və nöqsanlardan kənarsan), Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmərik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən – dedilər» (Bəqərə, 32). Elmə çatmaqda insanlar üçün də sərhədlər var. Bəzi ayələrdə «Bu barədə sizə az bilik verilmişdir» – deyə çərçivə olduğuna işərə edilir. Ümumiyyətlə, məxluqat üçün elmdən heç nə Onun izni olmadan əldə edilə bilməz: «Onun elmindən yalnız Onun istədiyi qədər bir şey qavraya bilərlər» (Bəqərə, 255). Bundan başqa, elmin verilməsi ilə bağlı deyilənlər də maraqlıdır: «Biz elmi bilənlər, anlayanlar, iman sahibləri üçün ayırdıq».

Ümumiyyətlə, Müqəddəs Kitabımızda Uca Tanrının insanları bilikli görmək istəməsi, bilənlərə açıq rəğbəti ayələrdə öz əksini tapıb. «Bilənlərlə bilməyənlər bərabər tutula biləmi?», «bir düşünsəniz, ağıl işlətsəniz!», «beyinsizlər» kimi təşfiq və iradlarda Ulu Tanrının bilik və ağıl sahiblərinə münasibəti aşkar görünür. Əli İmran surəsində alimlərin adı mələklərlə yanaşı çəkilir: «Allah özündən başqa ibadətə müstəhəqq bir varlıq olmadığını dəlillərlə açıqladı. Mələklər və elm sahibləri də ədalət və haqq üzrə duraraq buna iman etdilər. Ondan başqa heç bir ilah yoxdur. O Əzizdir, Həkimdir» (Əli İmran, 18). Hətta elə məqamlar var ki, Uca Tanrı elmi olanları və Özünü peyğəmbərə şahid kimi göstərir: «De ki, mənimlə sizin aranızda şahid olaraq Allah kafidir, bir də kitab elmi olanlar» (Rad, 43).

Quranın bu ayələrinin təsiri ilə peyğəmbərimiz və islam alimləri də elmi obrazlı şəkildə Quran məntiqi daxilində təbliğ etmişlər. Elmin dalınca, lazım gələrsə, Çinə belə gedilməsi haqda, alimin qələminin mürəkkəbinin şəhid qanına bərabər tutulması haqda hədislər Quran məntiqindən kənara çıxmır. Nisə surəsinin 69-cu ayəsindəki sıralamada alim anlamına gələn «siddiqlər» kəlməsi «şəhidlər»dən əvvəl, «peyğəmbərlər»dən sonra gəlir. Məşhur Türkiyə ilahiyyatçısı Süleyman Atəş bu sözü «doğrunu söyləyən alimlər» kimi təfsir edib. Bir sözlə, müsəlman sivilizasiyasının bütün uğurları Quranın elmə verdiyi dəyərdən güc alıb. Yazımızı Malik Bennabinin dedikləri ilə yekunlaşdırmaq istərdik: «Quranda nə müsəlmanların Avropaya verdiyi onluq say sistemini, nə də onların yaratdığı cəbr elmini taparsan, amma məsələyə psixoloci cəhətdən yanaşsan, daha vacib cəhətlər – elə mənəvi və intellektual atmosfer taparsan ki, bu, elm və biliyə yeni yanaşmanı ortaya qoyur».

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən "Dini maarifçilik istiqamətində kitab çapı” layihəsi çərçivəsində çap olunur.