Könül Nurullayeva: Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetdir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, "status-kvo” vəziyyəti və imitasiya xarakterli danışıqlar sonsuza qədər davam edə bilməz.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu gün münaqişə bölgəsində yaranmış gərginliyin əsas səbəbkarı Ermənistanın istər danışıqlar masasında, istərsə də sərhəddə və təmas xəttində törətdiyi intensiv təxribatlardır:

"Ermənistanın müxtəlif vasitələrlə danışıqlar prosesini pozması münaqişənin hərbi yolla həllini aktuallaşdırdı. Bu gün Azərbaycan ordusu düşmənin təxribatlarına cavab olaraq, uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Hədəfimiz bəllidir - Azərbaycan torpaqları işğaldan azad olunmalı, tarixi ədalət bərpa edilməlidir. Ali Baş Komandanın bəyan etdiyi kimi - Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Biz öz torpağımızda özümüzü sona qədər müdafiə edəcəyik”.