Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir

"Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin hazırkı dövrə qədər uzanma səbəbləri bugünkü reallıqlardan bir daha aydın görünür. Heç vaxt beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan işğalçı Ermənistan son təxribatları ilə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını açıq-aşkar nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli televiziyalara müsahibəsində, həmçinin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında tarixi faktları, real həqiqətləri özündə əks etdirən tutarlı cavabları, işğalçı dövlətə və havadarlarına ünvanladığı mesajları ilə Ermənistanın təcavüzkar siyasətini, illərdir yalana söykənən əsassız təbliğatını bir daha ifşa etdi.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov vurğulayıb ki, Ermənistana hansı sahədən baxsaq acinacaqlı durumda olduğunu görərik: "Hazırkı hakimiyyət ilk günlər ölkə əhalisini öz yalanları ilə ələ almaq üçün biri-birinin ardınca vədlər versə də, zaman keçdikcə bunların baş aldatmaqdan başqa bir şey olmadığı ictimaiyyətə bəlli oldu. Müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər dövlətlərin əlində bir vasitəyə çevrilən Ermənistanın rəhbərliyi üçün ölkəsinin maraqları arxa plandadır. Onun məsuliyyətsiz addımları istər Ermənistanın daxilində, istərsə də bölgədə gərginliyi artırır, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli imkanlarını heçə endirir. Möhtərəm Prezidentimiz yerli televiziyalara müsahibəsində bildirmişdir: "Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.”

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesinin formatını dəyişdirmək, yəni qondarma "Dağlıq Qarabağ respublikası”nın bu prosesə tərəf kimi qatılması istəyinə, 12 iyulda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində hücumuna, avqustun 23-də Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdinə, hazırda işğal olunmuş ərazilərimizdə həyata keçirilən süni məskunlaşdırma siyasətinə və sair kimi təxribat xarakterli məqamlara diqqət yönəldən deputat bildirib ki, hazırkı şəraitdə hüququn aliliyi vacib məsələlərdəndir: "Dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında da bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.”

M.Həsənov bu çağırışa əsas verən amilləri də qeyd edib: "BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməməsi, işğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması onların icrası üçün vahid mexanizmin olmasını bir tələbə çevirir. Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında da bu tələblə çıxış etmişdir: BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

M.Həsənov bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq tribunadan səsləndirdiyi bəyanatlar işğalçı Ermənistana ciddi dərs olmalıdır: "Hazırkı mərhələdə yeni torpaqların işğalı üçün hərbi-siyasi hazırlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibətin nifrət üzərində qurulduğunu, nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu açıqlayan dövlətimizin başçısı bir daha dünya ictimaiyyətinin diqqətini bu məqamə yönəltdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.”