Mehriban Əliyevanın məqsədi, amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib

Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyətini ölkəmizdə demokratiyanın, gender bərabərliyinin, xanımlara verilən dəyərin,onlara göstərilən etimadın bariz nümunəsi hesab etmək olar. Müasir dövrümüzdə qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün aktual bir məsələ olduğu halda, dövlətimizin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bir çox ölkələrə müsbət nümunədir. Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daimuca tutulmasına çalışıb.Azərbaycan qadınının mərdliyini, dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini hər zaman ən ali dəyər kimi qiymətləndirən ümummilli liderin yüksək iradəsi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikanın sosial-iqtisadi, siyasi, mədəni həyatında əldə olunmuş yüksək tərəqqi cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, gender bərabərliyi sahəsində də mütərəqqi nailiyyətlərə rəvac verib.

Bu gün onun nəticəsidir ki, ölkəmizdə qadınlar bütün sahələrdə yüksək aktivlik nümayiş etdirərək böyük nailiyyətlər qazanırlar. Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Cənab Prezidentimizin də qeyd etdiyi kimi "Azərbaycan qadınlarının milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolu var.”

Bu bir faktdır ki, Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstəriblər. Bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan müsbət örnək kimi göstərilə bilər. Onun fəaliyyəti ölkəmizin inkişafı və beynəlxalq miqyasda nüfuzunun artması, imicinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir.O, ölkəmizin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır.

Mehriban xanımın Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində həyata keçirdiyi bütün işlər dövlətimizin maraqlarını ifadə edir. Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə hər dəfəsində sübut edir. Xeyriyyəçilik və insanlara kömək etmək, onların problemlərinin həlli ilə məşğul olmaq Mehriban xanımın əsas amalıdır. Onun genişməzmunlu və çoxşaxəli fəaliyyəti humanizm prinsipinə əsaslanır. Bu baxımdan, xeyriyyəçilik Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən mühüm amillərdən biridir. O, müsahibələrinin birində qeyd etmişdir: "...Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır”.

Mehriban xanımın fəaliyyəti humanizm meyarına söykənir.Onun gördüyü bütün işlər, həyata keçirdiyi bütün layihələr Azərbaycanı yaşatmaq siyasətidir. Bu danılmaz bir faktdır ki, Mehriban xanım genişmiqyaslı fəaliyyəti ilə eyni zamanda Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.

Birinci xanım Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirsək görərik ki, bu qurum Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Ümummilli liderimizin adını daşıyan bu fond Heydər Əliyev ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.Belə ki, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da xüsusilə qeyd etmək lazımdır ki, bu fond, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. 

Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə dünya ölkələrinin bütün birinci xanımlarına örnəkdir. O, dövlətimiz üçün yorulmadan çalışır, böyük layihələrə imza atır. Mehriban Əliyeva deyir ki: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir”.

Bütün fəaliyyəti ilə uğurlara imza atan birinci xanımın məqsədi, amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanımın ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyevaya verilən yüksək adlar, onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. Dünya miqyasında Mehriban xanım Azərbaycan qadınının simvoludur. Azərbaycan və Azərbaycan qadını Mehriban xanımın timsalında dünyada öz layiqli yerini qazanıbdır.


Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri