Nəsib Məhəməliyevdən mühüm təklif

Xəstəliyə görə "Əlilliyin təyin olunması” üçün təklif. Əmək və əhalinin sosial müdafiəsi tərəfindən ardıcıllıqla aparılan islahatlar, ələlxüsus əmək pensiyalarının təyin olunmasının avtomatlaşdırılması, əhali tərəfindən müsbət qarşılanır.Bunu Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasında çıxış edən deputat Nəsib Məhəməliyev deyib. O, həyata keçirilən sosial siyasətin fonunda təkliflərini dilə gətirib: "Əlilliyin müəyyən olunmasında müəyyən problemlər var. Bu barədə seçicilər tərəfindən tez-tez müraciətlər olur. Əvvəllər əlilliyin müəyyənləşdirilməsində subyektiv amillər əsas götürülürdü və bəzi hallarda saxta əlilliyin təyin olunması kimi neqativ hallara yol verilirdi. Ancaq son vaxtlar belə hallar tamamilə aradan qaldırılmışdır. Təklf edirəm ki, əlilliyin müəyyən edilməsi üçün müvafiq nazirliklərin nümayəndələri ildə bir dəfə rayonlarda səyyar qəbullar keçirsin. Elə xəstələr var ki, həqiqətən də əmək qabiliyyətini tamamilə itirib. Qurunun oduna yaş da yanmamalıdır". 
 Deputat çıxışının sonunda balakənlilər adından ölkə başçısına minnətdarlıq edib: "Fürsətdən istifadə edib, bu yaxınlarda cəmi bir gün ərzində şimal-qərb istiqamətində beş rayona səfər edərək bir çox sosial obyektlərin açılışında iştirak edən cənab Prezidentə təşəkkürlərimi çatdırıram. Təkcə Balakən rayonunda istismara verilən yeni obyektlərlə yanaşı, üç marşrut üzrə yüz kilometrə qədər yol asfaltlaşdırılmışdır. Səfərin yekunlarına görə dörd yeni sərəncam imzalamışdır. Bir daha göstərdiyi qayğıya görə Balakənlilər adından ölkə Başçısına minnətdarlığımı bildirirəm".