Qubadlının işğalından 27 il ötür

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.

Ermənilər 1993-cü ilin avqustun 31-də rayonu işğal ediblər.

Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər olub. Hazırda rayonun əhalisi 40 min nəfərə yaxındır (01.10.2019-cu ilə оlan məlumata görə, 38 289 nəfər idi). Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra hakimiyyəti, digər icra strukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.