Şəmsəddin Hacıyev videokonfrans formatında geniş iclası keçirdi




Sentyabrın 22-də YAP Səbail rayon təşkilatının İdarə Heyətinin videokonfrans formatında geniş iclası keçirildi. YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev iclasda çıxış edərək gündəlikdə duran məsələlər barədə məlumat verdi. Ölkəmizin ictimai-siyasi gündəmində olan hadisələr haqqında danışan Sədr bildirdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən istifadə edən işğalçı Ermənistan son günlər təmas xəttində və dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törədərək vəziyyəti gərginləşdirməyə çalışır, nəinki ordumuzun mövqelərini, yaşayış məntəqələrini atəşə tutur, dinc əhalini hədəfə alır. Düşmənin bu təxribatları xalqımızın sonsuz hiddəti ilə qarşılanıb.
Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə edən ölkələrin sayının artdığını diqqətə çatdıran Ş.Hacıyev vurğuladı ki, xalqımızın Prezidentimizə, Ali Baş Komandanımıza və ordumuza inamı tamdır. Bu gün xalqımız bir nəfər kimi dövlətimizin başçısının ətrafında sıx birləşərək, ordu sıralarına qoşulub torpaqlarımızı işğaldan azad etməyə hazırdır.
Ölkəmizdə pandemiyanın qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərə xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, məhz preventiv tədbirlər sayəsində ölkəmiz bu bəladan ən az itkilərlə çıxmağı bacarıb. Bunun nəticəsidir ki, Azərbaycanda heç bir sosial proqram pandemiyanın təsiri nəticəsində nəinki ixtisar edilməyib, bu dövrdə həssas qruplara diqqət və qayğı daha da artırılıb. Xalqımız bu diqqət və qayğını yüksək qiymətləndirərək həyata keçirilən dövlət siyasətinə fəal dəstəyini ifadə edir.
Gündəlikdə duran digər məsələlərin müzakirəsi zamanı Ş.Hacıyev gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onların potensialından istifadə edilməsinin vacibliyinə toxundu. O, xüsusilə Ermənistanın məkrli siyasətinin ifşası və Azərbaycan əleyhinə həyata keçirilən böhtan və qarayaxma kampaniyalarına qarşı lazımi cavabların verilməsi üçün sosial şəbəkələrdə yüksək fəallığın göstərilməsinin zəruriliyini diqqətə çatdırdı.
Çıxış edən İdarə Heyətinin üzvü, "Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa etdiyini vurğuladı. O, düşmənlə informasiya müharibəsinin uğurla aparılmasında vacib istiqamətlərdən söz açaraq, bu baxımdan sosial şəbəkələrdə fəallığın artırılmasının zəruriliyini xüsusi qeyd etdi.
Digər çıxışlarda da Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində xalqımızın bir nəfər kimi döyüşməyə hazır olduğu ifadə edildi.
İclasda 19 sentyabr 2020-ci il tarixində YAP-ın Sədr müavini – İcra Katibi Əli Əhmədovun sədrliyi ilə keçirilmiş müşavirədə rayon partiya təşkilatları qarşısında qoyulan vəzifələr haqqında iclas iştirakçılarına ətraflı məlumat təqdim olundu və bu vəzifələrdən irəli gələn konkret tapşırıqlar verildi. Sonra məsələ ilə bağlı çıxışlar dinlənildi və qarşıda duran vəzifələrin icrası istiqamətində müvafiq təkliflər səsləndirildi.