Şirvan Reabilitasiya Mərkəzində şəhid ailələri və qazilərimizə xüsusi diqqət

Şirvan şəhərində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid ailələri, müharibə dövründə sağlamlığını itirmiş qazilərimiz, onların ailə üzvləri, övladları ilə bağlı layihəyə start verilib. Layihənin məqsədi sözügedən təbəqədən olan insanlara psixoloji dəstəyin göstərilməsi, onların cəmiyyətə adaptasiyasının təşkilidir.

SABAHİNFO.AZ saytı olaraq Şirvan Reabilitasiya Mərkəzində olub, həm layihənin gedişi, həm də Mərkəzdə yaradılan şəraitlə tanış olduq.

Mərkəzin direktoru Mehriban Siracova bizimlə söhbətində bildirdi ki, 2004-cü ildən fəaliyyət göstərən Mərkəz yenidən təmir olunub və bu ilin sentyabrından istifadəyə verilib. Mərkəzdə stasionar və ambulator müayinələr həyata keçirilir. İl ərzində şirvan və ətraf rayonlar daxil olmaqla 400-450 əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud insanlara xidmət göstərilir.


M. Siracova onu da qeyd etdi ki, mərkəzdə müaciləvi vannalar, parafin otağı, idman otağı fəaliyyət göstərir, ümumilkdə müxtəlif fizioterapiya prosedurları tətbiq edilir. Bu otaqlarda müasir standartlara cavab verən aparatlar var ki, bu aparatlar vasitəsi ilə sağlamlıq imkanları məhdud insanlara kurslar təşkil olunur. Mərkəzdə traksiya masası da var ki, bu masa onurğada baş verən müalicəsində yaxşı təsir edir. Bununla yanaşı beyin travmaları üçün lokomatlar gətirilib.


Pandemiya dövrü olduğu üçün xəstə qəbulunun dayandırıldığını bildirən direktor buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reabilitasiya layihələrinin həyata keçirildiyini bildirdi. Yuxarıda söz açdığımız layihə barəsində məlumat verən direktor dedi ki, hazırda gün ərzində qazilərimizə və şəhid ailələrinə psixoloji reabilitasiya layihəsi davam edir ki, bu işləri həyata keçirən yüksək səviyyəli mütəxəsislər artıq bir sıra nailiyyətlər əldə ediblər.

Mərkəzdə olan zaman fizioterapiya şöbəsində müalicə alan qazi Nicat Əlizadə ilə söhbətləşdik. Nicat Şuşada sağlamlığını itirən qazilərimizdəndir. Keçdiyi şərəfli döyüş yolundan danışır. Deyir ki, Xüsusi Təyinatlı Döyüşçü kimi Şuşaya daxil olarkən düşmənlə çətin mübarizədən qələbə ilə ayrılıblar. 2 döyüşçü yoldaşından birini itirib digəri isə qazi olub.


Nicat Əlizadə Qırmızı Bazar istiqamətində düşmənin tankından açılan atəş nəticəsində əl barmaqlarını itirib. Şuşada ilkin tibbi müayinədən sonra Bakıya gətirilib. Daha sonra yaşadığı Şirvan Reabilitasiya Mərkəzində terapiyasını davam etdirir. Ona burda xüsusi diqqət və qayğı var. Həkim personalı terapiyanın səmərəli təşkili üçün əlllərindən gələni edirlər. Eyni zamanda Nicat da səhəttində xeyli irəliləyiş olduğunu dilə gətirdi.

Mərkəzdə olarkən Vətən Müharibəsi digər qazimiz Nəsrəddin Abışovla da söhbətləşnək imkanımız oldu. Nəsrəddin həm Aprel döyüşlərində həm Vətən Müharibəsində ön cəbhədə olan əsgərlərimizdən olub. Müharibəyə könüllü qatıldığını dilə gətirən Nəsrəddinin 25 yaşı var. Füzuli, Cəbrayıl, Hadrud, Xocavənd, Şuşa istiqamətində döyüşüb. Qazimiz Xocavənddə yaralanıb. Bir müddət tibbi yardım aldıqdan sonra yenidən döyüşlərə qatılıb. Qapalı kəllə-beyin travması alan qazimiz Şirvan Reabilitasiya Mərkəzində kollektiv davranış terapiyas, EMDR seanslarından keçir. Özünün dediyinə görə bu seanslar ona çox yaxşı təsir edib. Artıq xeyli irəliləyişlər var. 10 seans nəzərdə tutulan kursun artıq böyük hissəsi geridə qalıb və yaxın günlərdə Nəsrəddinin psixoloji problemləri öz həllini tapacaq.


Mərkəzin direktoru M. Siracova onu da bildirdi ki. layihədən daha geniş kontingentin yararlanması üçün Şirvan Reabilitasiya Mərkəzi Şirvan Rayon mərkəzi Xəstəxanası, Şəhid ailələri təşkilatları və digər aidiyyatı qurumlarla əlaqəli iş aparır. Bu yöndə problemi olan şəhid ailələri və qazilərin layihəyə cəlb olunması həyata keçirilir. Hazırda həyata keçirilən layihə üzrə 30 qaziyə psixoloji dəstək göstərildiyini bildirən direktor konsultasiyaların təşkili prosesinin davamlı olacağını bildirdi.

Onu da bildirək ki, mərkəzlə tanışlıq zamanı passientlər üçün hər cür şərait yaradıldığının şahidi olduq. Çarpayılar, otaqlarda quraşdırılan televizorlar, soyuducu və sauzentlər eyni zamanda müasir avadanlıqlar xəstələri burada öz evlərindəki kimi hiss etməsinə şərait yaradır. Onların dərman və qidalarla təmini də normalara uyğun həyata keçirilir.

Ədil Ədilzadə

Bakı-Şirvan-Bakı