Tanınmış ziyalı Kamran Hüseynov - 107

15 dekabr Azərbaycan Respublikasının tanınmış şəxsiyyətləridən biri, kiçikdən-böyüyə hərkəsin tanıyıb sevdiyi Kamran Əsəd oğlu Hüseynovun doğum günüdür. Kamran Hüseynov hər zaman vətənə sevgi duymuş,yaşadığı ömrü vətənə,xalqa xidmət üçün çalışmışdır.
Hər bir dövrün istedad və qabiliyyət ilə seçilən, ömrünü xalq işinə həsr edən şəxsiyyətləri formalaşır. Belə insanlar başqalarından seçilən keyfiyyətləri ilə cəmiyyətdə özləri nüfuz qazanır, illər, qərinələr keçsə də, xeyirxah əməlləri ilə xatirələrdə yaşayırlar.
Kamran Əsəd oğlu Hüseynov 15 dekabr 1913-cü ildə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949-1952- ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952- 1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
Kamran Hüseynov 1958-1961-ci illərdə Respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi kimi çalışmışdır. Kamran Hüseynov 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri olmuşdur.
Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnmişdir. O, 1967- ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınırdı. O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.
Sumqayıtın və Mingəçevirin tarixi taleyində bir bağlılıq var. Çünki bunların hər ikisi ölkənin inkişafının stateji məqsədləri ilə əlaqəli olmuşdur. Qəribədir ki, Kamran Hüseynov ömrünün cavan, ən enejili dövründə bu iki şəhərdə, həyata keçirilən nəhəng layihələrdə iştirak etmişdir. 1948-ci ilin axırından onun həyatının Mingəçevir dövrü başlayır. Kamran Hüseynov böyük Mingəçevir tikintisinin- Sənaye Energetika şəhərinin yaradılmasına rəhbərlik edənlərdən biri olur. Mingəçevirə göndərilməsini belə xatırlayırdı: "1945-ci il iyulun 6-da Stalin Azərbaycan hökumətinin, AK (b)P MK-nın təşəbbüsü ilə hazırlanmış Mingəçevirə dair tədbirlər planına qol çəkdi. Nazirlər Soveti sədrinin birinci müavini İslam İslamzadə bütün hüquqları saxlanılmaq şərti ilə tikintiyə rəhbər təyin edildi. Tikintiyə 45 mindən çox adam, 20 minədək dustaq gətirilmişdi. Azərbaycan xalqı üzünü Mingəçevirə tutmuşdu. Kimin nəyə imkanı, bacarığı çatırdısa, əsirgəmirdi". Mingəçevirdəki işlərə rəhbərlikdən narazı qalan Mircəfər Bağırov çox keçmədən Kamran Hüseynovu ora göndərmək qərarına gəlir. Beləliklə, 1948-ci ilin axırlarından Kamran Hüseynovun həyatının Mingəçevir dövrü başlayır.
Kamran Hüseynov bu nəhəng ümumittifaq tikintisinin problemlərinin kompleks həllinə girişir. Moskvada həlli vacib məsələləri cəsarətlə qaldırır, təkliflərinin qəbul edilməsinə nail olur.
Mingəçevir tikintiləri uğurla başa çatandan sonra Kamran Hüseynovu Neftçalaya birinci katib göndərirlər. Ömür yolunu səhifələyən Kamran Hüseynov yazırdı: ..."Özbəkistandan Mərkəzi Komitə katibinin başçılığı ilə böyük nümayəndə heyəti gəlmişdi. Qonaqlar gedəndə etiraf etdilər ki, Mingəçevir Azərbaycan xalqı üçün İnqilabi bir hadisədir. Bakıya qayıdandan sonra nümayəndə heyətinin başçısı iclasda Mircəfər Bağırovdan xahiş edir ki, Mingəçevirdə işləyən Kamran Hüseynovu bizə verin, Özbəkistana aparaq..." M.Bağırov ona heç bir cavab vermir. Ertəsi gün tapşırır ki, "Hüseynovun şəxsi işini mənə verin. O, özümüzə burada lazımdır".
1953-cü ildə Kamran Hüseynov üçüncü dəfə Sumqayıta işə göndərilir. Yenidən Sumqayıta qaytarılmasını yada salan K.Hüseynov yazırdı: "Birinci dəfə Sumqayıtda çox böyük, təmtəraqla, başımda geniş planlar tutmaqla işə girişmişdimsə, ikinci dəfə müharibə araya düşmüşdü. Bu dəfə öz-özümə dedim: "Sumqayıt, mən səninlə indi daha ciddi məşğul olmalıyam. Səndən bir qədər aralaşmağıma baxmayaraq, mən daim səninlə olmuşam".
Sumqayıtda iş əvvəldən başlasa da, şəhərin salınması, zavodların tikilməsi problemi həllini gözləyirdi. Moskvaya, ümumittifaq nazirliklərinə tabe olan bu nəhəng tikinti zavodlarının, istehsalat sahələrinin yaradılmasını, burada işləyəcək adamların kazarma tipli yataqxanalarda yerləşdirilməsini nəzərdə tuturdu. Lakin şəhər Partiya Komitəsinin uzaqgörən və inadkar birinci katibinin qətiyyətli mövqeyi Sumqayıt layihəsinin yönünü indiki, hazırda mövcud olan istiqamətə yönəltməyi bacardı. Tikiləcək zavodların, salınacaq yeni sənaye kompleksinin yaxınlığında müasir tipli şəhər salınması ideyası nəhayət Moskvada qəbul olunub. Kamran Hüseynovun inadlı mübarizəsi Sumqayıt şəhər Partiya Komitəsinin təklifinin tamamilə məqsədəuyğun olduğunu sübuta yetirdi. Şəhərin baş plan əsasında tikilməsi qərara alındı. Bu qərar təsdiqləndikdən sonra "barak" tipli kiçik "posyolkalar" sökülüb, bütün infrastrukturu ilə birlikdə yeni tipli şəhər salınmasına başlanıb. Qısa müddətdə Sumqayıtda böyük strateji əhəmiyyətə malik zavodlar tikilib, sənaye mərkəzi yaranıb. İlk mərhələdə Sintetik Kauçuk, Alminium, Boruyayma zavodlarının inşasına başlanıb. Bacarıqlı istehsalat və inşaat təşkilatçısı Kamran Hüseynov sənaye kompleksinin yaradılması və genişləndirilməsi vəzifəsini, məharətlə şəhərsalma vəzifələri ilə uzlaşdırırdı. Həm sənaye üçün kadr potensialının formalaşdırılmasını, həm də gənc şəhərdə yaşayanların təhsilini, sağlamlığını, mədəni səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlər görürdü. Sumqayıt ərazisində yerləşən indiki Saray qəsəbəsinin də bünövrəsi Kamran Hüseynov tərəfindən qoyulmuşdur.
O, 1958-61- ci illərdə Respublika Həmkarlar İttifaqları Şurasının sədri, 1961-68-ci illərdə Moskvada Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının katibi vəzifələrində çalışmışdir.
Kamran Hüseynovun Nazirlər Sovetinin sədr müavini işlədiyi 1968-80-cı illər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Onun respublikada yaratdığı sağlam işgüzar şərait müxtəlif sahələrə cavab verən kadrlar qarşısında yaxşı perspektivlər açır. Geniş quruculuq illəri kimi tarixə düşən bu dövrü xatırlayan Kamran Hüseynov xatırələrində yazırdı: "Respublikada inkişaf qibtə edilməli bir sürətlə gedirdi. Elə bir sahə yox idi ki, ona diqqət verilməsin. Və onun qayğısına qalınmasın. Ona görə də deyirdilər ki, Azərbaycan böyük addımlarla qabağa gedir. Elə doğrudan da belə idi. Təkcə onu qeyd etmək kifayətdir ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 13 il ərzində 1 milyon 5 yüz min uşaq 1 miyon yüz mini təzə tikilmiş məktəblərdə təhsil alırdı. O məktəblər ən müasir tipli məktəblər idi - özünün akt zalı, idman zalı bütün şəraiti ilə".
Kamran Hüseynov 1980-93-cü illərdə Respublika Ticarət və Sənaye Palatasının sədri işlədiyi dövrdə bu təşkilatın fəaliyyətinin canlandırılması və nüfuzunun artırılması üçün də çox iş görmüşdür.
Kamran Hüseynovun xidmətləri həmişə yüksək qiymətləndirilmiş, bir sıra dövlətlərin orden və medallarına layiq görülmüşdür. Bunların arasında ömrünün ixtiyar çağında aldığı Rusiya Federasiyasının "Xalqlar dostluğu" və müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət ordeni" xüsusi yer tuturdu.
İşlədiyi müddətdə Qubadlının inkişafına, əhalinin güzəranının yaxşılaşdırılmasına həmişə diqqət yetirmişdir. Bir çox körpülərin, ictimai binaların, məktəblərin, kənd təsərrüfatı və sosial obyektlərin inşası Kamran Hüseynovun xeyir duası ilə başa gəlmişdir.
Kamran Hüseynov elmə, təhsilə marağı olan yüzlərlə həmyerlisinə dayaq olmuş, onların istehsalatda möhkəmlənməsinə yardım göstərmişdir.
Sumqayıtın inşası zamanı həmyerlilərini də tikinti işlərinə cəlb etmişdir. İndi Sumqayıtda yaşayan qubadlıların çoxu elə o zamandan buranı özlərinə yurd sanmış, yaşayıb işləmiş, ev-eşik, ailə- uşaq sahibi olmuşlar.
Qubadlılar onu özlərinə həmişə güvənc yeri bilirdilər...
Kamran Hüseynov cismən bizdən ayrılsa da, bu gün də qubadlıların xatırəsini əziz tutduqları Vətən oğlu, el ağsaqqalı kimi yaddaşlarda yaşamaqdadır.
Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.
İllər keçsə də, Kamran Hüseynov şəxsiyyəti nəsillərə nümunə kimi yaddaşlarda qalacaqdır...
Gözəl insan, dahi şəxsiyyət ruhunuz şad olsun çox sevdiyiniz Qubadlı və Qarabağ torpağı düşmən tapdağından azad edildi!
Böyük hörmət və ehtiram hissi ilə yad edirik...