“Təəssüf ki, mediada qeyri-peşəkarlar da var” - AzTV sədri

Bu gün təəssüf ki, Azərbaycan mediasında naşı və qeyri-peşəkar insanlar da var.

Azvision.azxəbər verir ki, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

O, əsassız tənqidlərə cavab verərək bildirib: "Hər hansı məsələni kimlərinsə prizmasından ötürən həmkarlar var. Bu gün hər bir tənqidi və müsbət fikrin əsası və faktı olmasına çalışmalıyıq. O faktı bizdən eşitmək istəyirsinizsə, biz öz həmkarlarımıza açığıq. Çalışırıq ki, televiziyada baş verənlər barədə operativ və obyektiv məlumatlar verək.

İnternet mediasında elələri var ki, yaratdıqları saytı özlərinin şəxsi "Facebook” profili hesab edirlər və istədiklərini yazırlar. Onların yazdıqları qeyri-obyektiv məlumatlar ictimaiyyətə ötürülür və ictimai fikri yanlış istiqamətə yönəldirlər.

Olmazdı ki, müəyyən yazı yazarkən obyektivliyi və qarşı tərəfin fikirlərini də ortaya qoyasınız? Əgər biz jurnalistikanın 3 əsas prinsipini - obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərini görməzilikdən gəliriksə, özümüzü jurnaliat adlandıra bilmərik”.

AzTV rəhbərinin sözlərinə görə, telekanalın HD yayıma keçmək istiqamətində önəmli addımlar atılıb.

"Bu istiqamətdə işlər gedir və yanvar ayının ilk 10 günlüyündə efir otağında HD yayıma keçəcəyik. 10-dan çox studiya təqdim etmişik. Televiziyanın uğurunun 60 faizdən çoxu gözəl studiyalarla bağlıdır. 4K sistemi ilə işləyən efir otağı yaratmışıq”.

Bundan əlavə, R.Məmmədov vurğulayıb ki, AzTV-də uzun illər ərzində mövcud olan forma və məzmunun yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər gedir: "Daha dinamik verilişlərin olması və aparıcıların gətirilməsi üçün işlər aparılır. Pandemiya bu dəyişiklərin aparılması sürətinə az təsir etsə də, bizim işlərimiz davam edir”.

R.Məmmədov qeyd edib ki, 2019-2020-ci illər ərzində 4 milyon manatdan çox vəsait əməkdaşların maaş və qonararlarına əlavə olunub.