"Heç bir düşmən bu torpaqlara əl uzada bilməyəcək"

Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Parkı Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsinin, ölkəmizin, ordumuzun gücünün və imkanlarının nümayişidir. Bu Park Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, birliyini nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bununla da Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. Vətən müharibəsində qələbənin əsasında dayanan amillər isə yenilik, inkişaf, güc və Vətən sevgisidir. Bu müharibədə Azərbaycanın qələbəsini zəruri edən siyasi, iqtisadi, hərbi, milli-mənəvi aspektlərin, güclü ordu quruculuğu, vətəndaş birliyi və xalqın dəstəyinin təmin edilməsidır.

Cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində nizami ordumuz tərəfindən faşist və terrorist Ermənistanın demək olar ki, əksər cinayətkar silahlı quldur dəstələri darmadağın oldu, düşmənin texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun rəşadəti, xalq-iqtidar birliyi məğlubedilməz erməni mifini darmadağın edərək Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Ağır məğlubiyyətə uğrayan Ermənistan rəzil və miskincəsinə təslim oldu, 10 noyabr bəyanatına imza atmaqla, öz məğlubiyyətini etiraf etdi.

Artıq Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyəti haqqında hər gün yeni faktlar acıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Rəşadətli ordumuzun təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan alması böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Unudulmaz faktlardan biri də o oldu ki, Azərbaycan əsgəri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar. Əslində Ordumuzun gücü yalnız onun texniki təchizatı ilə deyil, həm də birlik və vətənpərvərlik ruhu ilə də ölçülür.

Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Azərbaycan xalqının öz ordusunu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında dövlət-xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Əminə Ağazadə

Milli Məclisin deputatı