Son günlər sosial şəbəkələrdə Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyev haqqında müxtəlif fikirlər səsləndirilir. Bir çoxları kimi mən də bu yazıları oxuyuram. Lakin bir fərq var – mən Adil müəllimi kimlərinsə dedikləri ilə deyil, uzun illər ərzində şəxsən gördüyüm fəaliyyəti ilə tanıyıram.
Adil Əliyevi hələ hüquq-mühafizə orqanlarında çalışdığı dövrdən tanıyıram. Sonrakı illərdə onun Nərimanov rayonundan Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi, Milli Məclisin sədr müavini kimi fəaliyyəti və hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmasını yaxından izləmək imkanım olub.
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri kimi fəaliyyət göstərdiyim illər ərzində onlarla şəhid Milli Qəhrəman ailəsi, şəhid ailələri, qazilər, müharibə veteranları və müxtəlif sosial problemlərlə üzləşən vətəndaşlar mənə müraciət ediblər. Həmin müraciətlərin bir çoxunun həlli üçün müxtəlif dövlət qurumlarına üz tutmuşam.
Səmimi qəlbdən deyə bilərəm ki, Nərimanov rayonundan millət vəkili seçildiyi dövrdə Adil müəllimə etdiyim heç bir müraciət cavabsız qalmayıb. İmkanı daxilində hər zaman kömək göstərməyə çalışıb, insanların problemlərinin həllinə dəstək verib. Ən maraqlı və diqqətəlayiq məqam isə ondan ibarət olub ki, etdiyi yardımların, göstərdiyi dəstəyin mətbuatda və sosial şəbəkələrdə işıqlandırılmasını əksər hallarda istəməyib. Çünki onun üçün əsas məqsəd reklam olunmaq deyil, insanlara kömək etmək olub.
Bu gün həmin ailələrin, qazilərin və veteranların bir çoxu yaxşı xatırlayır ki, onların mənzil, müalicə, məşğulluq, sosial təminat və digər problemlərinin həllində Adil müəllimin dəstəyi və diqqəti olub. Mən bunları eşitdiyimə görə yox, həmin proseslərin içində olduğuma görə deyirəm.
Adil Əliyev millət vəkili olduğu dövrdə də, Milli Məclisin sədr müavini olduğu zaman da, bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı kimi fəaliyyət göstərdiyi müddətdə də dövlətçiliyə sadiqliyi, vətəndaşlara münasibəti və şəhid ailələrinə xüsusi diqqəti ilə seçilib.
Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sakinlərlə keçirilən mütəmadi görüşlər, vətəndaş müraciətlərinin yerində araşdırılması, şəhid ailələri və qazilərlə davamlı təmasların saxlanılması bunun bariz nümunəsidir. Bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyində əsas prinsip kimi müəyyən etdiyi vətəndaş məmnunluğu siyasətinə uyğun şəkildə həyata keçirilir.
Əlbəttə, heç kim mükəmməl deyil. Hər bir insanın, hər bir rəhbərin fəaliyyətində müəyyən çatışmazlıqlar ola bilər. Lakin bir insanın illərlə gördüyü xidmətləri görməzlikdən gəlib onu yalnız qaralamağa çalışmaq obyektivlikdən uzaq yanaşmadır.
Mən bir ictimai birlik sədri olaraq, illərlə şəhid ailələri, Milli Qəhrəman ailələri, qazilər və veteranlarla işləyən bir insan kimi vicdanla deyə bilərəm ki, Adil Əliyev yüzlərlə insanın həyatında müsbət iz qoymuş, çətin anlarında onların yanında olmuş dövlət məmurlarından biridir.
Bu səbəbdən hesab edirəm ki, sosial şəbəkələrdə yayılan bəzi ittihamlar və qarayaxma xarakterli yazılar reallığı tam əks etdirmir. Tənqid əlbəttə olmalıdır. Ancaq tənqid faktlara, həqiqətə və ədalətə söykənməlidir.
Mənim gördüyüm və şahidi olduğum Adil Əliyev – vəzifəsini şəxsi üstünlük vasitəsi kimi deyil, xalqa xidmət vasitəsi kimi qəbul edən, şəhid ailələrinin, qazilərin, veteranların və sadə insanların problemlərinə biganə qalmayan bir dövlət məmurudur.
Yaxşılığı görmək və etiraf etmək də vicdan məsələsidir.
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən ULUXANLI