İyunun 1-də İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına Parkda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
Tədbirdə rayonun məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar və ibtidai sinif şagirdləri iştirak ediblər. Bayram proqramında İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov eləcə də təhsil və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində rayonun uşaq bağçalarının fidanları və məktəbliləri bir-birindən maraqlı rəqs və musiqi nömrələri ilə çıxış edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər. Balacaların rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Çıxış edən qonaqlar uşaqları bayram münasibətilə təbrik edərək ölkəmizdə uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıblar.
Sonda tədbirdə iştirak edən bütün uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və onlar bayram sevincini bölüşüblər.