M.Ş.Vazehin yeni kitabı nəşr olundu

 M.Ş.Vazehin 220 illik yubileyi ərəfəsində Elmlər Akademiyası Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun "Qızılgül ətirli nəğmələr" adlı yeni kitabı işıq üzü görüb. Kəpəz TV (Region TV) xəbər verir ki, bununla yanaşı dünyanın bir neçə ölkəsində bu müdrik şair haqqında məqalələr dərc olunub.
Çap olunan yeni kitabda Mirzə Şəfi Vazehin Azərbaycan dilində qələmə aldığı şeirlərlə yanaşı, şairin fars və alman dilində yazdığı əsərlərinin təcrüməsi də yer alıb. Nəşrin fərqli cəhəti burada fars və alman dilində yazılan şeirlərin bədii tərcüməsi ilə yanaşı, onların orijinal və filoloji tərcüməsinin verilməsidir. 
Ruziyə Quliyeva, AMEA Gəncə bölməsi Humanitar Tədqiqatlar İnstitutunun əməkdaşı: "M.Ş.Vazeh haqqında quru-quru danışmaq olmaz. Düzdür, elmi məqalələr yazırıq, danışırıq, amma Vazehin nəğmələrinin ətrini də oxuculara çatdırmaq lazımdır. Bu kitabda şeirlərin həm orijinal, həm hərfi, həm də bədii tərcüməsini verməklə mən buna çalışmışam".
M.Ş.Vazeh irsinin dünyada təbliği üçün də müəyyən işlər görülür. Çexiyanın Praqa və Böyük Britaniyanın Şetfild şəhərində "M.Ş.Vazeh irsi" və "M.Ş.Vazeh və müqəddəs qanun" adlı məqalələrin dərc edilməsi buna kiçik bir nümunə ola bilər. Bununla yanaşı AMEA Gəncə bölməsi tərəfindən çap edilən "Nizamişünaslıq" jurnalının 4-cü, sonuncu nömrəsi də bütovlükdə böyük mütəfəkkirə həsr olunub. 
Ruziyə Quliyeva: "Bu il daha böyük işlər görməliyik. M.Ş.Vazeh, onun əsərləri və irsi haqqında Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə xarici ölkələrdən gətirilən 11 kitab var. O, 11 kitab tərcümə olunmalı və tədqiqata cəlb olunmalıdır".
Ruziyə Quliyeva bu işlərin yalnız yubiley ərəfəsində deyil, növbəti illərdə də davam edəcəyini deyir. Vazeh irsinin və əsərlərinin Azərbaycanla yanaşı, dünyada tanıdılması və təbliği isə qarşıya qoyulan əsas məqsədlərdən biridir.