NARDARANDA BAŞ VERƏNLƏR BİZƏ NÖVBƏTİ İBRƏT DƏRSİDİR

"Bizim birliyimizi pozanlar bizim düşmənlərimizdir”
"Qurani-Kərim”
Mənəvi prinsiplər bütün insanlar üçün eynidirmi, yoxsa müxtəlif millətlər, xüsusən müxtəlif dinə qulluq edənlər üçün fərli mənəviyyat meyarlarımı mövcuddur? İ.Kant əxlaqi-mənəvi prinsipləri etnik-milli və dini özünə məxsusluqların fövqünə qaldıraraq onları ümumbəşəri və universal ölçü kimi təqdim edir. Kimsə əxlaqda etnik-milli və dini təsirlərin rolunu nəzərə alaraq əxlaqi keyfiyyətlərin imperativliyini şübhə altına ala bilər. Lakin əxlaqi meyarlar tamamilə nisbiləşdirilə bilməz. Əsas məqsəd dinindən və millətindən asılı olmadan hamı üçün ümumi əxlaqi-mənəvi prinsipləri müəyyən etməkdən ibarətdir. Əxlaqi-mənəvi meyarların eyniyyəti və imperativliyi Vəhdət ideyası və vahid Allah prinsipləri ilə sıx surətdə bağlıdır.
Maraqlıdır ki, həm xristianlar, həm də müsəlmanlar öz teoloji sistemlərini qurmaq üçün elmi-fəlsəfi baza kimi antik fəlsəfi fikirdən, xüsusən Platon və Aristotel təlimlərindən istifadə edirlər.
Çox təssüf ki, mənəvi prinsiplər bütün insanlar üçüb eyni deyildir. Fikrindən, düşüncəsindən əmin olan kəslərin enerjisi onların dediyi kəlmələrdən ətrafa yayılar. Başımıza gələnlər inancdan deyil, əndişədən baş verir. Çünki özünü dərk etmək, özünə etibar etmək əsas şərt olmalıdır. Bilməliyik ki, bəşəriyyət yolunda ala biləcəyimiz ruhani dəstək Haqqa iman və inamdan irəli gəlir.
Biz ona görə müstəqillik əldə etməmişik ki, yenə də kimləri isə təqlid edək. Azərbaycan fəlsəfi fikrinin öz siması, öz problematikası, öz dəst-xətti olmalıdır. Mütləq ruha gedən yol milli ruhdan keçməlidir. Lakin bunun üçün əvvəlcə milli özünüdərk tələb olunur ki, bu vəzifənin də ictimai miqyasda yerinə yetirilməsi milli fəlsəfi fikrin inkişafından kənarda mümkün deyil.
Heç təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev bütün bunların hamısını belə ifadə etmişdir: 
"Milli azadlığa nail olmaq üçün Mili oyanış, Milli dirçəliş, Milli ruhun canlanması lazımdır”
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumat yaymışdır.
Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsinə zərurət yaranmışdır.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfər yaralanıb.
"Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.
Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək"
Baş verən hadisələrə sadəcə hüquq mühafizə orqanlarının məlumatı ilə kifayətlənməklə biz özümüz-özümüzü aldatmırıqmı? Bu olaylara rəvac verilməsi ölkə Prezidentinin və xalqın ciddi narahatlığına səbəb olan məmur özbaşınalığının, korrupsiya və rüşvətxorluğun tüğyan etdiyi bir dövrə təsadüf etmirmi?
İstər dini qurumlar, istərsə də hüquq mühafizə orqanlarının məsuliyyətsiz işi dövlətimizə və dövlətçiliyimizə vurulacaq növbəti zərbənin hazırlanmasına şərait yaradır.
Onsuz da erməni qəsbkarları tətəfindən bizim suverenliyimizə qarşı vaxtaşırı terror aktları törədilir. Belə bir gərgin vaxtda millət yumruq kimi birləşmək əvəzinə gündəlik məişət və qəsdən yaradılmış problemlərdən baş aça bilmir. Bürokratik əngəlliklər o yerə çatıb ki, insanlar açıq-aşkar çəkinmədən öz iradlarını bildirirlər. Başqa-başqa dini cərəyanların təsiri altına düşürlər. Əgər insanların sosial həyat, hüquq və azadlıqları qorunmursa, onların kənar təsirlərə məruz qalması labüddür.
Bu gün vətəndaşın müraciəti məmur tərəfindən qulaqardına vurulursa və maddi maraqdan doğan fikirlərin ucbatından süründürməçiliyə məruz qalırsa, hansı məntiqdən söhbət gedə bilər.
MTN-də baş verən olaylar bir daha göstərdi ki, hər hansı bir ölkədə hər kəs ancaq öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə və bütövlükdə xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafeyə biganədirsə, deməli, burada dövlətçilik ənənələri pozulur.
Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin.
Bir nəfər də işsiz qalmamalıdır şüarı hər birimizin qəlbində və şüurunda formalaşarsa bu məmləkətdə barış da, əminamanlıq da, firavan həyat da hökm sürər.
Cənab Prezident məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluqla mübarizədə xalqdan dəstək gözləyir, ictimai nəzarətin mütləq olduğunu vurğulayır.
Heydər Əliyev siyasətinin məntiqi davamı olaraq Möhtərəm Prezident cənab İlham Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində formalaşan biznes mühiti və təşəkkül tapmış sahibkarlıq fəaliyyəti tənəzzülə uğramaqdadır. Səbəbini isə hamı bilir. Qanunsuz yoxlamalar və məmur özbaşınalığı sahibkarları iş yerlərini bağlayıb, olub qalanlarını dəyər-dəyməzinə satıb başqa ölkələrdə öz fəaliyyətlərini davam etdirmək məcburiyyətində qoyur.
Əlbəttə, bu gün Nardaranda baş verən hadisələr nə bu günün, nə də dünənin işidir. Gərək əlaqədar təşkilatlar əhalinin dini radikallığa meyllərini bilə-bilə sosial problemlərin yaranmasına imkan verməməli idilər. Necə deyərlər:- Məhəmməd (s.ə.və s.) dağa yaxınlaşmırdısa, heç olmasa dağ Məhəmmədə yaxınlaşmalı idi.
Məktəblərin, dini və digər qurumların işinə nəzarət həm də fərdi işlərin aparılması bəyəm bir o qədər vaxt, vəsaitmi tələb edirdi?! Gerçəkliyin daha düzgün və hərtərəfli mənzərəsini təsəvvür etmək üçün onun təfəkkür və qeyrimüəyyən şərti anlayışlarla bölgüsü yetərli deyil. Bu zaman insanın tutduğu yer və oynadığı rol da aydın təsəvvür oluna bilmir.
Bu gün Nardaranda baş verən hadisə nəticəsində qətlə yetirilənlərlə bağlı nə deyə bilərik?! Mərd də öldürülür, namərd də. Biri vətən yolunda, digəri xəyanətə görə. Məsələ ondadır ki, insan üçün gerçəklik nə özlüyündə xarici dünya, nə də özlüyündə daxili dünya olmayıb, bu ikisinin təmasından yaranıb.
Bədəndə xəstəliklər nəticəsində yaranan irinli yaranı kəsib atmaqla onun qurtuluş yolu olduğunu düşünənlər yanılırlar. Ən doğru yol isə xəstə bədənin sona qədər həm cismani, həm də ruhani sağlamlaşdırılmasıdır. 
Dərk olunmuş vətənpərvərlik təbii ki, daha dayanıqlı və daha faydalı olur. Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu konteksə salınması tələbi də hər bir adamın üzərinə ağır yük qoyur.
Düşünürəm ki, Nardaranda baş verən hadisələr hər kəs üçün ibrət dərsidir.
Rasim MƏMMƏDOV
"Sabitlik və İnkişaf Mərkəzi”nin,
"İctimai Nəzarət Koalisiyası”nın sədri