20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu əlamətdar tarix Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilib. 20 sentyabrın şəhər günü kimi müəyyənləşdirilməsi 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri və həmin hadisələrin Azərbaycanın dövlət suverenliyinin bərpası baxımından tarixi əhəmiyyəti ilə bağlıdır.
2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycan ərazilərində dövlət suverenliyinin bərpası təmin edildi. Bunun ardınca Qarabağda yeni mərhələ – genişmiqyaslı bərpa, quruculuq və Böyük Qayıdış prosesi başladı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri də bu prosesin əsas istiqamətlərindən birini təşkil edir.
Bu şəhərlərin Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri var. Onların hər biri Qarabağın tarixi və ictimai həyatında mühüm rol oynayıb. Bu baxımdan 20 sentyabr yalnız təqvimdə qeyd olunan bir tarix deyil, həm də Qarabağda yeni dövrün başlanğıcını ifadə edən əlamətdar gündür.
Qarabağın digər şəhərləri kimi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də hazırda genişmiqyaslı bərpa və quruculuq prosesinin tərkib hissəsidir. Dövlət tərəfindən bu ərazilərdə müasir şəhər infrastrukturunun yaradılması, sosial obyektlərin inşası və bərpası, kommunal xidmətlərin təşkili, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və əhalinin doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində layihələr həyata keçirilir.
Xankəndidə son illərdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndiyə səfəri zamanı şəhərdə bir sıra sosial və infrastruktur obyektlərinin açılışında iştirak edib. Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qarabağ Universitetinin tələbə yataqxanasının və digər obyektlərin istifadəyə verilməsi şəhərin bərpası və yeni sosial mühitin formalaşdırılması istiqamətində görülən işlərin nümunələrindəndir.
Xankəndinin Qarabağ Universitetinin fəaliyyət göstərdiyi əsas şəhərlərdən birinə çevrilməsi də regionda yeni inkişaf mərhələsinin mühüm göstəricilərindən biridir. Universitetin fəaliyyətə başlaması Qarabağın elm, təhsil və insan kapitalının inkişafında yeni imkanlar yaradıb.
Xocalıda da Böyük Qayıdış prosesi artıq real mərhələyə keçib. 2024-cü il mayın 28-dən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başlayıb. Şəhərdə yaşayış binalarının, sosial obyektlərin və infrastrukturun bərpası istiqamətində işlər həyata keçirilir. Prezident İlham Əliyev 2024-cü il fevralın 26-da Xocalı şəhərinə səfəri zamanı Xocalı Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xocavənd və Ağdərə şəhərlərində də bərpa-quruculuq işləri davam etdirilir. Qarşıdakı dövrdə bu şəhərlərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, infrastruktur imkanlarının genişləndirilməsi və əhalinin qayıdışı üçün lazımi şəraitin yaradılması əsas istiqamətlərdəndir.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Qarabağda gedən böyük dəyişikliklərin fonunda xüsusi məna daşıyır. Bu tarix bir tərəfdən 2023-cü ilin sentyabrında baş vermiş tarixi hadisələri xatırladır, digər tərəfdən isə regionun qarşısında duran yeni inkişaf perspektivlərini diqqətə çatdırır.
Bu gün həmin şəhərlərdə aparılan quruculuq işləri Qarabağın gələcəyinə hesablanmış uzunmüddətli inkişaf prosesinin mühüm hissəsidir. Yeni yolların, yaşayış məhəllələrinin, məktəblərin, uşaq bağçalarının, səhiyyə və digər sosial obyektlərin yaradılması şəhərlərin yenidən həyatla canlandırılması məqsədinə xidmət edir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü həm də Qarabağın tarixinin, mədəni irsinin və gələcək inkişafının diqqət mərkəzində saxlanılması baxımından əhəmiyyətli tarixdir. Bu şəhərlərin yenidən qurulması ilə Qarabağda həyatın bərpası, insanların doğma torpaqlarına qayıdışı və yeni yaşayış məkanlarının formalaşdırılması prosesi davam edir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri