Qərbin ikili siyasəti və Azərbaycan reallığı

XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Bu kontekstdə bir neçə nümunəyə nəzər yetirmək məqbuldur.

Insan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ayrı-ayrı regionlar və ölkələrə yanaşmasında ikili standartlar siyasəti və selektiv münasibətə rast gəlinir. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində özünü göstərir. İkili standart faktı burada görünür ki, Avropada son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar susqunluq nümayiş etdirirlər.

Bu gün Avropa mətbuatı insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur və dünyanın üçüncü ölkələrinə necə yaşamağı öyrətməyə çalışır. Lakin Avropanın hər hansı bir dövlətinin törətdiyi qanlı hadisələr barədə heç nə yazılmır. Qərbin demokratiya gətirdiyi Suriya, İraq, Liviya, Əfqanıstan və başqa dövlətlərin vəziyyəti göz qabağındadır. Demokratiya adı altında hərbi müdaxiləyə məruz qalan bu dövlətlərin iqtisadiyyatı və siyasi quruluşu dağıdıldı, əhalisi qaçqın düşdü, sərvətləri isə talan edilir.

Azərbaycanın Qarabağı erməni işğalından azad etdikdən sonra Qərbin siyasi təzyiqləri ilə üzləşməsi müasir dünyada ikili standartlar siyasətinin geniş tətbiq olunduğunu açıq şəkildə ortaya çıxarır.

Azərbaycan dövləti siyasi iradə nümayiş etdirərək Avropa Şurasının 30 ildə yarada bilmədiyi sülhü 2020-ci ildə 44 gün ərzində yaratdı. Bu gün bölgədə yeni siyasi reallıqlar yaradan Azərbaycan sülh, əməkdaşlıq və inkişaf istiqamətlərində irəli doğru addımlar atır. Xalqın və dövlətin maraqlarına uyğun olaraq reallaşdırılan bu siyasətin qarşısını heç bir qüvvə ala bilməz.

Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Avropa Şurasının bu cür qeyri-adekvat mövqeyi heç bir siyasi məntiqə sığmır. Dünyada sülhün, sabitliyin, demokratiyanın və bu kimi digər dəyərlərin carçısı olan Avropa Şurası Cənubi Qafqazda davamlı sabitliyin bərpasından niyə narahatdır? Ermənistanı silahlandırmaq görəsən hansı məqsədlərə xidmət edir? Görünən odur ki, rəsmi İrəvan işğal faktını qəbul edərək Azərbaycanla müəyyən məsələlərdə razılığa getmək niyyətindədir. Lakin Avropa Şurası Azərbaycanı ittiham etməkdə davam edir.

Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və buna cavab olaraq parlamentarilərimizin buradakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması qurumda baş alıb gedən qərəzli yanaşmalarla, dini və milli ayrı-seçkiliklə bağlıdır. Baş verənlərin Bakıya qarşı siyasi təzyiq planının bir hissəsi olduğunu düşünür: AŞPA illərdir Azərbaycana qarşı qərəzli mövqedədir, rəsmi Bakının əməkdaşlıqla bağlı bütün cəhdlərinə baxmayaraq, təşkilat bundan müxtəlif bəhanələrlə, uydurma ittihamlarla imtina edir.

Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. 2020-ci ilə qədər Ermənistanı qınamayan, onu səsvermə hüququndan məhrum etmək barədə düşünməyən AŞPA bu gün torpaqlarını işğaldan azad edən, bölgədə sülh üçün münbit şərait yaradan Azərbaycana qarşı qərəzli davranış nümayiş etdirir. Halbuki Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyaraq beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin edib. Beynəlxalq hüquqdan dəm vuran AŞPA-nın bütün bu reallıqların fonunda Azərbaycana iftiralar atması sadəcə riyakarlıqdan xəbər verir.

Azırbaycan dövləti birmənalı şəkildə əyan edir ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

Müasir dünyada yeni iqtisadi modellərin tətbiq edildiyi halda, Qərb müstəmləkəçilik siyasəti yürütməyə üstünlük verir ki, bu da təsadüfi xarakter daşımır. Müstəmləkəçilik tarixən Avropa siyasətinin ana xətti olub. Azsaylı xalqları istismar etmək, təsir altına saldığı ölkələrin təbii sərvətlərini talayıb varlanmaq Avropada ənənəvi iqtisadi model kimi qəbul edilib. Əslində, Avropa Şurasının rəsmi İrəvanın qeyri-konstruktiv və sülhdən qaçan siyasətini dəstəkləməsi, Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi heç də ermənilərə olan sevgidən irəli gəlmir. “Qoca qitə”ni Ermənistanı təsir altında saxlamaq, iqtisadi fayda əldə etmək, müstəqil siyasət yürüdən qonşularına İrəvan vasitəsilə təzyiq etmək daha çox maraqlandırır. Lakin müasir dünyada bu siyasi xəttin uğurla nəticələnəcəyi mümkün görünmür.

Əminə Ağazadə

Milli Məclisin deputatı