“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri davam edərək Yeni Suraxanı qəsəbəsində də əsaslı yenidənqurma işləri aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi və müasir Azərbaycanın inkişaf, tərəqqi yolunun başlandığı əlamətdar tarixi gün münasibəti ilə Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yenidən qurulmuş Ulu Öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən 14 İyul Xatirə kompleksi ziyarət olunub və Ümummilli Liderin ruhu ehtiramla yad edilib.
Daha sonra isə əsaslı şəkildə yenidən qurulan Yeni Suraxanı parkı sakinlərin istifadəsinə verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 14 iyul tarixi xalqımızın taleyində mühüm əhəmiyyətə malikdir. Məhz buna görə də bu əlamətdar gündə əsaslı təmir olunmuş 14 İyul Xatirə kompleksinin ziyarət edilməsi və yenidən qurulmuş parkın sakinlərin istifadəsinə verilməsi xüsusi rəmzi məna daşıyır. Rayon rəhbəri qeyd edib ki, parkın müasir tələblərə uyğun şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi Ulu Öndərin xalqın rifahına, ərazilərin abadlaşdırılmasına və insanların rahat yaşayışının təmin olunmasına xidmət edən siyasətinə verilən dəyərin bariz nümunəsidir.
Həmçinin tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı və müasir Azərbaycanın qurulması istiqamətində misilsiz xidmətlərindən bəhs edərək, onun siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Çıxışlarda ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin, insanların rifahının yüksəldilməsinə xidmət edən sosial layihələrin və paytaxtın, o cümlədən Suraxanı rayonunun simasının müasirləşdirilməsi istiqamətində görülən işlərin dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olduğu vurğulanıb.
Tədbir bədii proqramla davam edib.
