Türkmanlar mühasirədə: döyüşlər gedir

Suriyada türkmanlar Bəşər Əsəd ordusu tərəfindən şiddətli hücumlara məruz qalır.
 
Publika.az türkman mənbələrinə istinadən xəbər verir ki, son üç gün ərzində Türkman Dağı istiqamətində yerləşən Fırınlıq, Acısı və Avanlı bölgələri, həmçinin Bayırbucak türkman bölgəsi Əsəd ordusunun havadan və qurudan şiddətli hücumlarına məruz qalır. Hazırda Türkman dağında da vəziyyətin kritik olduğu deyilir. Bu gün səhər saatlarından başlayaraq, döyüşlər daha da şiddətlənib.
 
Suriya Türkman toplumunun üzvü Tahsin Hoşkar bildirir ki, Rusiyanın dəstəyindən sonra Əsəd ordusu hücumlarını artırıb: "Türkman kəndləri, hava, quru və dənizdən bombalanır. Hücum indi də davam edir. Türkman Dağında vəziyyət pisdir. Ölü və yaralıların sayı bilinmir”.
 
Suriya Türkman Məclisinin yaydığı məlumata görə, Əsədə bağlı hərbi birliklər Cebel Ekraddakı Cubbul Ahmar kəndi ilə Türkman Dağındakı Avanlı və Çanlı (Gimam) kəndlərinə hücum edib. Silahlı toqquşmalarda türkmanlardan ölən və yaralananlar var.
 
Məlumatda həmçinin qeyd olunur ki, noyabrın 13-də türkmanların yaşadığı Nəddə və Rüveysa yaşayış məntəqələrinə hücumlar zamanı kimyəvi silahlardan da istifadə olunub.
 
Suriya Türkman Məclisinin sədri Abdurrahman Mustafa Publika.az-a açıqlamasında şiddətli döyüşlərin getdiyini təsdiqləyib: "Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara görə, kimyəvi silahlardan tutmuş, ağır artilleriya atəşlərinə qədər istifadə olunur. Vəziyyətimiz yaxşı deyil. Amma sonuna qədər dirənəcəyik.
 
Biz türkmanlar olaraq Suriya münaqişəsi başlayandan bəri əziyyət çəkirik. Bizim istəyimiz demokratik Suriyada azad yaşamaqdır. Biz sona qədər torpağımızı qoruyacağıq. Türkiyə və digər türk dövlətləri buna səssiz qalmamalıdır”.