Yol polisi hava ilə bağlı sürücü və piyadalara müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik - leytenantı Namidan Piriyev Trend-ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib:

"Bunları nəzərə alaraq, sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.

Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Eyni zamanda güclü küləkli hava şəraitində nəqliyyat vasitələrinin hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında saxlanılması və aşmağa meyilli ağacların ətrafında park edilməsi də təhlükəlidir".

Qurum rəsmisi bildirib ki, vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.