Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 26 İyun
– Silahlı Qüvvələr Günü ölkəmizin müdafiə qüdrətinin, milli təhlükəsizliyinin və
hərbi gücünün təntənəsi kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Ordusunun
keçdiyi şərəfli inkişaf yolunu, qazandığı uğurları və Vətən qarşısında göstərdiyi
misilsiz xidmətləri bir daha yada salmaq üçün mühüm fürsətdir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq
Cümhuriyyətinin qərarı ilə ilk milli hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu
yaradılmışdır. Bu tarixi hadisə milli ordunun formalaşmasının əsasını
qoymuşdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında güclü
və peşəkar Silahlı Qüvvələrin qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilmişdir.
Ümummilli Lider Heydər
Əliyevin rəhbərliyi dövründə orduda vahid komandanlıq sistemi formalaşdırılmış,
nizami hərbi quruculuq prosesi sürətləndirilmiş, hərbi intizam və döyüş
hazırlığı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Azərbaycanın hərbi qüdrətinin
formalaşmasında xalq ilə ordunun sıx bağlılığı mühüm rol oynayır. Ulu Öndər
Heydər Əliyev ordu quruculuğunun yalnız hərbi sahə ilə məhdudlaşmadığını, onun
milli-mənəvi dəyərlərlə, vətənpərvərlik ruhu ilə və gənc nəslin düzgün tərbiyəsi
ilə sıx əlaqəli olduğunu dəfələrlə vurğulamışdır.
Ulu Öndər deyirdi: “Ordu
mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas
mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi
bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə
həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də
ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən
biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir.”
Bu dəyərli fikirlər bu gün də
öz aktuallığını qoruyur. Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması, dövlətçilik ənənələrinə sadiq yetişdirilməsi və hərbi xidmətə
hazırlığı ölkənin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm amillərdən biridir.
Xalqın öz ordusuna göstərdiyi etimad və dəstək,
ordunun isə xalqın təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanması Azərbaycan
dövlətinin gücünü və birliyini daha da möhkəmləndirir. Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan Ordusu regionun ən güclü
ordularından birinə çevrilmişdir. Müasir dövrdə ölkənin təhlükəsizliyinin təmin
olunması güclü və müasir ordu quruculuğundan keçir. Azərbaycan dövləti Silahlı
Qüvvələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi
və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata
keçirir. Ordunun müasir silah və texnika ilə təchiz edilməsi, hərbi
infrastrukturun yenilənməsi, hərbi hissələrdə xidmət şəraitinin
yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Hər il müdafiə sahəsinə
ayrılan vəsaitin artırılması da dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.
Hazırda Azərbaycanda formalaşan və sürətlə
inkişaf edən hərbi sənaye kompleksi ölkənin müdafiə potensialının güclənməsində
mühüm rol oynayır. Yerli hərbi sənaye müəssisələrində müxtəlif növ hərbi təyinatlı
məhsullar istehsal edilir. Bunlara atıcı silahlar, döyüş sursatları, zirehli
texnikalar, pilotsuz uçuş aparatları, optik cihazlar və digər müasir hərbi
avadanlıqlar daxildir. Milli hərbi sənayenin inkişafı Azərbaycanın xarici təchizatdan
asılılığını azaltmaqla yanaşı, ordunun ehtiyaclarının operativ şəkildə
qarşılanmasına imkan yaradır. Bu gün Azərbaycan öz müəssisələrində istehsal
olunan məhsullarla Silahlı Qüvvələrin əhəmiyyətli hissəsini təmin etmək
imkanına malikdir. Yerli istehsalın genişlənməsi həm də ölkənin iqtisadi
potensialının güclənməsinə, yeni texnologiyaların tətbiqinə və yüksək ixtisaslı
kadrların hazırlanmasına mühüm töhfə verir.
Azərbaycanın müdafiə sahəsində əldə etdiyi
uğurlar beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə də sıx
bağlıdır. Dünyanın müxtəlif ölkələri ilə silah və hərbi texnikanın satın
alınması, birgə istehsalı və texnologiya transferi sahəsində müqavilələr
imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusunun arsenalı ən
müasir hərbi texnika və silah sistemləri ilə zənginləşdirilmişdir. Eyni
zamanda, beynəlxalq hərbi təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri
qabaqcıl təcrübələri mənimsəyərək peşəkarlıq səviyyələrini daha da artırırlar.
Son illərdə həyata keçirilən məqsədyönlü
islahatlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında
öz layiqli yerini tutmuşdur. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir silah və hərbi texnikalarla təchizatı, şəxsi heyətin peşəkarlığının
artırılması və döyüş hazırlığının yüksəldilməsi bu uğurların əsasını təşkil
edir.
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun keçdiyi
inkişaf yolunu belə qiymətləndirmişdir:
“1918-ci ildə Azərbaycan
Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq
Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan
Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm
maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz
bunu döyüş meydanında sübut edə bilmişik.” Bu fikirlər Azərbaycan Ordusunun son
illərdə əldə etdiyi nailiyyətlərin ən dolğun ifadəsidir. Xüsusilə 2020-ci ildə
Vətən müharibəsində qazanılan tarixi Zəfər ordumuzun yüksək peşəkarlığını,
müasir hərbi imkanlarını və güclü döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan əsgərinin qəhrəmanlığı, komandanlığın peşəkar fəaliyyəti və xalqın
dövlətə dəstəyi nəticəsində əldə olunan bu Qələbə müasir Azərbaycan Ordusunun
gücünü və qüdrətini təsdiqlədi.
Bu gün də Silahlı Qüvvələrimizin
daha da gücləndirilməsi, müasir texnologiyalarla təchiz olunması və müdafiə
qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Güclü
ordu Azərbaycanın müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısı
olaraq qalır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan
Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyyətini bütün dünyaya
nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli
Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasını təmin edərək
xalqımıza tarixi Qələbə bəxş etdi. Bu Zəfər orduda aparılan islahatların,
müasir silahlanmanın, hərbi hazırlığın və xalq-ordu birliyinin parlaq nəticəsi
oldu. Azərbaycan əsgəri və zabiti yüksək vətənpərvərlik ruhu, qəhrəmanlığı və fədakarlığı
ilə tarix yazdı. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər də
xalq–ordu birliyinin ən parlaq nümunəsi kimi tarixə yazılmışdır. Məhz bu birlik
sayəsində Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirərək
ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Bu gün Azərbaycan Ordusu müasir
texnologiyalarla təchiz olunmuş, yüksək peşəkarlığa malik şəxsi heyətdən ibarət,
regionun aparıcı hərbi qüvvələrindən biri hesab edilir. Ordumuzun döyüş
hazırlığının daim yüksəldilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi və
beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkəmizin təhlükəsizliyinin etibarlı
təminatıdır. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun
bütün hərbi qulluqçularını, veteranlarını və şəhid ailələrini ürəkdən təbrik
edir, Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün əsgər və zabitlərə möhkəm
cansağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın müstəqil Azərbaycan!
Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar
müəllimi