Bəzi tarixi hadisələr var ki, onların əhəmiyyəti yalnız yaşandığı dövrlə məhdudlaşmır. Onlar xalqın yaddaşında yaşayır, nəsillərin dünyagörüşünə təsir göstərir və gələcək üçün mənəvi istiqamətə çevrilir. Azərbaycanın 44 günlük Vətən müharibəsi də belə tarixi hadisələrdəndir. Bu Zəfərin kino dili ilə gələcək nəsillərə çatdırılması isə milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan “44” bədii filmi məhz bu məqsədə xidmət edən böyük ekran layihəsidir. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən film, həm mövzusu, həm də istehsal miqyası ilə diqqət çəkir. İsmayıl Səfərəli və Maksim Smetananın quruluş verdiyi, Anar Ələkbərov və İsmayıl İmanın ssenarisi əsasında çəkilən ekran əsəri 44 günlük müharibəni qəhrəmanlıq, Vətən sevgisi, fədakarlıq və insan taleləri üzərindən təqdim edir.
Tarixin mərkəzində insan taleyi
Filmin süjet xəttinin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdemir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. İbrahim Çingiz, Özge Gürel və İlqar Musayevin canlandırdığı bu obrazlar vasitəsilə hərbi əməliyyatlarla yanaşı, müharibənin insan həyatına təsiri, sevgi, şəxsi sınaqlar və mənəvi məsuliyyət mövzuları da ön plana çıxır. “44”ün əsas məziyyətlərindən biri Vətən müharibəsinin tarixini yalnız döyüş səhnələri ilə məhdudlaşdırmaması, hadisələri insan taleləri ilə əlaqələndirməsidir. Çünki Zəfər salnaməsi təkcə cəbhədə göstərilən igidlikdən ibarət deyil. Bu tarixdə əsgərin iradəsi, komandirin məsuliyyəti, həkimin fədakarlığı, ailələrin narahatlığı və xalqın birliyi də mühüm yer tutur. Belə bir mövzunun bədii filmə çevrilməsi yaradıcı heyətdən xüsusi məsuliyyət tələb edir. Söhbət xalqın yaddaşında dərin iz qoymuş, şəhidlərin müqəddəs xatirəsi və qazilərin qəhrəmanlığı ilə bağlı olan tarixi hadisədən gedir. Bu baxımdan “44”ün yaradılması milli tarixə sənət vasitəsilə müraciətin əhəmiyyətli nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Böyük ekran, böyük məsuliyyət
Filmin istehsal prosesi layihənin miqyasını göstərən mühüm məqamlardandır. Çəkilişlərin Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşa da daxil olmaqla müxtəlif məkanlarda aparılması hadisələrin coğrafiyasını ekran dilində canlandırmağa imkan verib. Layihəyə çoxsaylı aktyorlar, hərbçilər və müxtəlif sahələr üzrə mütəxəssislər cəlb olunub. Bu miqyaslı iş Azərbaycan kinosunda tarixi mövzuların daha geniş imkanlarla işlənməsinə, milli hekayələrin böyük ekran vasitəsilə təqdim edilməsinə xidmət edir. Xüsusilə Vətən müharibəsi kimi mühüm hadisələrin peşəkar kino istehsalı səviyyəsində işlənməsi gələcək nəsillərin tarixi yaddaşının formalaşması baxımından dəyərlidir. Ekran əsərinin musiqi həlli də onun emosional təsirini gücləndirən istiqamətlərdən biridir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında səslənən musiqi filmin təqdimatında xüsusi yer tutub. Musiqi, görüntü və dramatik hadisələrin vəhdəti tarixi mövzunun tamaşaçıya daha dolğun çatdırılması üçün mühüm bədii vasitələrdir. “44”ün əhəmiyyəti həm də ondadır ki, o, milli kino vasitəsilə Azərbaycan xalqının iradəsini, Vətənə bağlılığını və tarixi Zəfərin arxasında dayanan birliyi diqqətə çatdırır. Belə layihələr milli kino sənayesinin inkişafına, yaradıcı mühitin genişlənməsinə və Azərbaycan tarixinin beynəlxalq auditoriyaya təqdim olunması imkanlarına töhfə verə bilər.
Zəfər yaddaşdan gələcəyə
Tarixi hadisələri sənət vasitəsilə yaşatmaq yalnız keçmişi xatırlatmaq deyil. Bu, eyni zamanda, gələcək nəsillərə məsuliyyət, vətənpərvərlik, birlik və fədakarlıq haqqında düşünmək imkanı verməkdir. “44” bu baxımdan Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfəri ekran vasitəsilə yaddaşlarda yaşatmağa yönəlmiş mühüm mədəni layihədir. Filmi dəyərləndirərkən onun daşıdığı tarixi məzmunla yanaşı, bədii ifadəsinə, obrazlarına və tamaşaçıda yaratdığı təsirə də diqqət yetirmək vacibdir. Çünki kino haqqında məlumatlar nə qədər geniş olsa da, ekran əsərinin yaratdığı təəssüratı yalnız filmin özü ilə təmasda olmaqla tamamlamaq mümkündür. “44”ü izləmək, onun obrazlarını və hadisələrin inkişafını diqqətlə müşahidə etmək, film haqqında düşünmək və müstəqil qənaətə gəlmək lazımdır. Tarixi yaddaşın sənətə çevrilməsi ekran əsərinin yaranması ilə başlayır, tamaşaçının düşüncəsində isə davam edir. “44”ün ən mühüm missiyalarından biri də Azərbaycanın Zəfər tarixini yeni nəsillərə çatdırmaq, qəhrəmanlıq yaddaşını yaşatmaq və Vətən sevgisini sənətin dili ilə ifadə edir.
Ədil Ədilzadə
Sabahinfo.az saytının direktoru