Türkiyə mediasındakı iddialar və Azərbaycan-Türkiyə münasibətləri: Deputatdan sərt mövqe 

“Türkiyənin bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan məlumatların yayılması, acı təəssüf hissi doğurur. Ələlxüsus, hakim partiyanın nümayəndələrinin əsassız ittihamları qəbul edilməzdir. Ən azından onlar bilməlidirlər ki, Azərbaycanda hicab qadağası yoxdur və olmayıb. Qadınlar ictimai yerlərdə hicabla və yaxud məqbul hesab etdikləri istənilən geyimdə, günün istənilən vaxtında sərbəst şəkildə gəzirlər. Heç kim də onlara “gözün üstə qaşın var” deyə bilməz”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.

O bildirib ki, söhbət yalnız Nazirlər Kabinetinin təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqindən gedir. Azərbaycan, hüquqi, dünyəvi dövlətdir və sivil qanunlarla idarə olunur. Nazirlər Kabineti qərar veribsə, deməli icra olunmalıdır. Əks halda, ölkədə xaos ola bilər. Bir daha təkrar edirəm, söhbət məktəb daxilindən gedir. Məktəb dövlətindir və vahid forma, nizam-intizam qaydalarına hamı riayət etməlidir:

“Türkiyədə fəaliyyət göstərən bəzi dini radikalların səfirliyimizin qarşısında kütləvi aksiyalar keçirməsi, təxribatdır və ölkələrimiz arasında formalaşmış qardaşlıq münasibətlərinə xələl gətirir. Hesab edirəm ki, həmin təxribatçıların arxasında Azərbaycanın və Türkiyənin güclənməsini, inkişafını gözü götürməyən, hərbi və diplomatik müstəvidə qələbələrimizi həzm edə bilməyən xarici qüvvələr durur. Xüsusilə, onlar Qarabağ probleminin həll olunmasını, tarixi Zəfərimizi bağışlaya bilmirlər. Qlobal və regional güclər, Azərbaycanın heç kimdən icazə almadan torpaqlarını azad etməsini qəbul etmək istəmirlər. Eyni zamanda, Türk dünyasının birləşməsini özləri üçün təhlükə olaraq görürlər”.

Deputat deyib ki, Azərbaycan daxilində baş verən iğtişaşların arxasında İran mollaları durur.

“Heç kimə sirr deyil ki, Əfqanıstandan tutmuş Pakistanda, Yəməndə, Livanda, İraqda, Suriyada bu ölkənin yaratdığı və uzun illər maliyyələşdirdiyi “Hizbullah” tipli çoxsaylı proksi qüvvələri fəaliyyət göstərir. Azərbaycanda da, “Hüseynüyyun” , “Fatmaiyyun”, “Zəhrəüyyun” adları altında təşkilatlar yaradıb, dövlətin konstitusion quruşunun dəyişdirilməsinə cəhd edirdilər. Təsadüfi deyil ki, on minlərlə vətəndaşımızı İranın Qum, Məşhəd kimi dini mərkəzlərində, dini təhsil adı altında beyinlərini yumaqla məşğul olmuşlar. Eyni şəbəkə Türkiyədə də ciddi şəkildə təşkilatlanıblar. Tam məsuliyyətimlə deyə bilərəm ki, vaxtında tədbirlər görülməsə, qardaş ölkəni yaxın gələcəkdə çox böyük təhlükələr gözləyir. Özü də təkcə Türkiyəni yox, digər müsəlman ölkələrini də, Livanın taleyi gözləyir”-deyə o vurğulayıb.

Deputat deyib ki, qardaş ölkə rəhbərliyi, münasibətlərimizə, birliyimizə, strateji müttəfiqliyimizə xələl gətirən açıqlamaların qarşısının alınması üçün təxirə salınmaz tədbirlər görməlidir. Dini mövzu, hər bir cəmiyyət üçün kifayət qədər həssas mövzulardandır. Xarici düşmənlərlə yanaşı, hər iki ölkədə də zərərli ideologiyaların təsirinə düşmüş, maddi maraq müqabilində həmin qüvvələrə xidmət edən insanlar var. Onların əsas məqsədi, dünyəvi dövlət modelinin teokratik-dini dövlət modeli ilə əvəzlənməsidir. Buna qətiyyən yol vermək olmaz. Hər birimiz, ölkəni cəhalətə, xurafata sürükləyənlərə qarşı mübarizə aparmalıyıq.

“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə xələl gəlməsinin qarşısını almaq üçün tək bircə yol var. O da dialoqdur. Dövlət Başçılarımız hörmətli İlham Əliyev və hörmətli Rəcəb Tayyib Ərdoğan dünya çapında tanınmış, nüfuzlu, müdrik Liderlərdir. Düşünürəm ki, çox yaxın zamanda, məsələləri yoluna qoyacaqlar”- deyə o əlavə edib.