İşğaldan azad edilmiş ərazilərə aid olan günlər ehtiramın, inamın günüdür

İşğalçı dövlət olan Ermənistan elan etmədən başladığı ədalətsiz müharibədə Azər­baycanın ərazisinin 20 faizini işğal etmişdi. Məlum dövlətlər onun işğalçılığını hərdən gizlin, hərdən aşkar dəstəkləyirdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetir­mir­di, havadarlarının həm siyasi, həm də hərbi dəstəyinə ümidlənib regionda mövcud status-kvonu saxlamağa çalışırdı, həm də yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə müxtəlif miqyaslı hücumlar edirdi. Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə alırdı.

Füzuli Birinci Qarabağ müharibəsində 1993-cü ilin avqust ayının 23-də işğal olunmuşdu. Düş­mənlə döyüşlərdə 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü. 

2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı birləşmələri Azərbaycan ərazilərinə yenə hü­cum etdi. Hücumun qarşısı yenə qətiyyətlə alındı. Ordu hissələrimiz Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı...

Ordu hissələrimiz düşmənin işğal etdiyi ərazilər boyu yaratdığı müdafiə sədlərini dağıtdı, ilk qələbələr qazandı, qələbələr qazana-qazana irəlilədi. İkinci Qarabağ müharibəsində ən ağır döyüş­lər Füzuli rayonunun ərazisində getdi. Düşmən bu istiqamətdə olduqca ciddi və mürəkkəb müdafiə zolağı yaratmışdı. Azərbaycan Ordusunun hissələri bu müdafiə səddini də darmadağın etdi…

İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk kəndlərdən biri Füzulinin Qaraxanbəyli kəndi oldu...

Mahiyyət baxmından Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi. Bu müharibədə xalq ilə ordu birliyi döyüşlərin mənəvi gücünə çevrilmişdi. Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində dedi ki, “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz is­tə­­di­yi­mi­zə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlü­yü­nü bər­pa edəcək”. Bu inam dönməz inam idi və belə də oldu. Azərbaycan Ordusu dö­yüş­lərlə ərazilərimizi işğaldan azad edirdi. Oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad olundu. 

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi, no­yab­rın 10-da üçtərəfli bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət sənədi oldu...

Müharibə qanunlarına əməl etməyən düşmən Füzuli rayonunun ərazisində də Azərbaycanın mədəni abidələrini dağıtmışdı, kəndləri uçurub-dağıtmışdı. İşğal müddətində düşmən Babı kəndin­də yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə for­malı qəbir daşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini, … dağıtmışdı. İkinci Qarabağ mü­haribəsində rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi…

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı...

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25.325 hərbi qulluqçusu “Füzu­li­nin azad olunmasına görə” medalı ilə təltif olundu. Bu rəqəm deyir ki, Füzuli uğrunda ordumuzun bu sayda hərbi qulluqçusu döyüşüb. Bu rəqəm deyir ki, Füzuli uğrunda ağır döyüşlər gedib. Bu rəqəm deyir ki, Vətən uğrunda Füzuli ətrafında bu qədər hərbi qulluqçu şəhidlik döyüşlərinə can atıb. Bu rəqəm deyir ki, düşmənin Fü­zu­li rayonu ərazisində basdırıdığı yüz minlərlə minanı bu qədər hərbi qulluqçumuz çığnayıb keçib. Keçənlərin özü, şəhidlərin ruhu...

Azərbaycan Ordusunun tarixi Zəfəri regionda bəşəri bir şərait yaratdı: sülh üçün, əmin-aman­lıq üçün dialoq mühiti. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Dünya ictimaiyyəti bu işlərin vüsətini görüncə əmin oldu ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfəri quruculuq işləri ilə tamamlayacaq, ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycan dünyanın ən güclü dövlətlə­rin­dən biri olacaq. Bu düşüncələr gerçəklənməkdədir…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sə­rən­camı ilə Azərbaycan Respubli­ka­sının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edi­­lib. Bu Sərəncama əsasən 17 okt­yabr Füzuli şəhəri günü elan edilib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Füzuliyə səfərləri burda böyük quruculuq işlərinin sürətlənməsini təmin edib, indi də edir. Füzuli rayonunda da böyük miqyaslı quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Na­zirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş pla­nı”nı təsdiq edib. Füzulidə “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İda­rəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib, nəqliyyat infra­struktu­ru­nun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb, Zəfər, Füzuli-Hadrut və Əhməd­bəyli-Füzuli-Şuşa avtomobil yolları istis­mara verilib. Açılışında Türkiyə Respubli­ka­sının Prezi­denti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı da istismara verilib.

2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb...

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. 2024-cü il martın 12-də Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Ka­sım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yara­dı­cılıq Mərkə­zi­nin açılışı olub.

Füzuli yenidən qurulur, Füzulililər mərhələlərlə Füzuliyə qayıdır...

Füzuli şəhəri günü İkinci Qarabağ müharibəsi iştirakçılarına, şəhidlərə, qazanılmış tarixi Zə­fə­rə ehtiramın günüdür. Bu ehtiram xalqın dünənlərinə sevginin, sabahlarına inamının ifa­də­si­dir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı