“Artıq altıncı ildir ki, xalqımız 15 İyun – Milli Qurtuluş Gününü qalib xalq kimi qeyd edir. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa çatdıraraq torpaqlarımızın 30 illik erməni işğalına son qoydu. Beləliklə, Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin ən böyük arzusu və ən mühüm vəsiyyəti həyata keçdi. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və digər bütün ərazilər erməni separatizminin son qalıqlarından tamamilə təmizləndi. Bu, sözün həqiqi mənasında, Heydər Əliyev ideyalarının növbəti təntənəsi oldu.”
Bu fikirlər Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlının mətbuata açıqlamasında yer alıb.
Daha sonra professor A.Naxçıvanlı bildirib ki, Heydər Əliyevin bir-birinə zidd ideoloji tələblər irəli sürən iki fərqli ictimai-siyasi quruluş şəraitində Azərbaycanı uğurla idarə etməsi, respublikanın inkişaf yoluna dönməz şəkildə çıxarılması lider şəxsiyyətlərin öz ölkələrinin tarixində tutduqları yer və xalqın taleyində oynadıqları əvəzsiz rol haqqında aydın təsəvvür yaradır: “Ümummilli Lider Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi bir sıra tarixi qərarlar, taleyüklü məqamlarla xarakterizə olunur. Keçən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il mövcud olduğu kimi, 1991–1992-ci illərdə respublikada gedən proseslər də öz müstəqilliyini yeni bərpa etniş ölkəmizi ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Lakin bu dəfə vəziyyət daha mürəkkəb, təhlükələr isə qat-qat daha böyük idi. Əgər 1920-ci ildən sonra Azərbaycan formal da olsa, dövlətçilik statusunu qoruyub saxlamışdısa, 1993-cü ildə erməni təcavüzü, xarici təzyiqlər və daxili qarşıdurmalar nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsindən silinmək və dövlət müstəqilliyini tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Həmin dövrdə gənc müstəqil respublikanı təhdid edən təhlükələr həqiqətən də çox böyük idi. Bir tərəfdən Azərbaycanın müstəqil mövcudluğuna qarşı çıxan daxili qüvvələr kifayət qədər güclü idi. Digər tərəfdən isə böyük geostrateji əhəmiyyətə və zəngin təbii sərvətlərə malik Azərbaycan kimi bir ölkənin tam müstəqil olması bir çox xarici dairələri qane etmirdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublika rəhbərliyinin israrlı dəvətini qəbul edərək Bakıya gəldi. Ulu Öndər xalqın təkidli tələbi ilə taleyimizin həll olunduğu ağır bir dövrdə yenidən siyasi hakimiyyətə qayıtdı. Vətənini xilas etmək naminə misilsiz fədakarlıq göstərən Heydər Əliyev ölkəni ictimai-siyasi parçalanma və anarxiya girdabından çıxardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, bərpa etdiyi və hər cür təxribatlardan qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyənləşdirdi. Qurtuluş missiyasını öz üzərinə götürən Ümummilli Lider Bakıda hakimiyyət uğrunda mübarizənin qızğın vaxtında həyatını riskə ataraq dərhal Gəncəyə yollandı və orada alovlanan vətəndaş qarşıdurmasının qarşısını aldı. Həmin dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi, siyasi vəziyyətin getdikcə gərginləşməsi, əhalinin sosial durumunun ağırlaşması ölkəni bu bəlalardan xilas edə biləcək və xalqı öz arxasınca apara biləcək liderə olan ehtiyacı kəskin şəkildə, tarixi zərurət kimi ortaya qoymuşdu. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, gənc və hələ kifayət qədər möhkəmlənməmiş müstəqil Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası çıxara bilər. Buna görə də xalqımız öz gələcək taleyini məhz bu dahi şəxsiyyətin ətrafında sıx birləşərək müəyyənləşdirmək niyyətində idi. Təsadüfi deyil ki, minnətdar xalqımız öz xilaskar oğlu, böyük dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı günü – 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir.”
Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayaraq xalqa bağlılığın və milli dövlətçilik ideyasına sədaqətin canlı təcəssümünə çevrilmişdir: “Dərin fundamental biliklərə və qeyri-adi təfəkkürə malik olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə Azərbaycan cəmiyyətini ciddi narahat edən məsələləri uğurla həll edirdi. İctimai həyatın müxtəlif sahələri arasındakı üzvi əlaqəni aydın görən Ulu Öndər ölkənin inkişaf strategiyasında ictimai-siyasi, sosial, iqtisadi, mədəni və digər istiqamətlər üzrə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirir və onların icrasını məharətlə həyata keçirirdi. Heydər Əliyevin ən böyük gücü onun dərin və hərtərəfli biliklərində, qətiyyətində, yüksək iş qabiliyyətində, təmkinində, qeyri-adi yaddaşında, tükənməz səbrində, həmsöhbətini diqqətlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyulan istənilən vəzifəni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasi və diplomatik keyfiyyətlərində, insanlara təsir göstərmək məharətində idi. Bütün həyatını xalqa sədaqətli xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqına arxalanmış və ən çətin məqamlarda ona müraciət etmişdir. Heç bir şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji inkişaf xətti bundan sonra da müstəqil dövlətimizin qüdrətinin daha da artmasına, imkanlarının genişlənməsinə və uzun illər ərzində davamlı tərəqqisinə xidmət edəcəkdir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini başa çatdırıb.