Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın geosiyasi əhəmiyyəti artıb. Ölkəmiz beynəlxalq münasibətlər sistemində əsas tərəfdaş kimi qəbul edil edilir.
Xatırlatmaq yerinə düşər ki, son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına qaz tədarükünün artırılması, eləcə də bərpa olunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin strateji əhəmiyyətini daha da gücləndirir. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri bunun bariz nümunəsidir. AK Prezidenti də Prezident İlham Əliyevlə mətbuata bəyanatında etiraf edib ki, son dövrdə Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib: “Azərbaycan özünün strateji əhəmiyyətini və regional nüfuzunu artırır. Bu gün Azərbaycanla Avropa İttifaqı bağlantı sahəsində də yüksəksəviyyəli dialoq həyata keçirir.”
Ermənistanla tarixi sülh müqaviləsini başlatmağımız münasibətilə Azərbaycanı, eləcə də onun liderini təbrik edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dövlət başçımızın liderlik keyfiyyətlərini təqdir edib. O, hazırkı vəziyyətin bölgədə sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaratdığını bildirib. Bununla da AK Prezidenti Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təminatçılarından birinin Azərbaycan olduğunu, ölkəmizin regionda formalaşdırdığı yeni reallıqları qəbul etdiyini açıq şəkildə etiraf edib: “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır”.
Səfər zamanı Ursula fon der Lyayenin Prezident İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlərində enerji təhlükəsizliyi, yaşıl enerji, Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya, ticarət, investisiyalar və regional təhlükəsizlik məsələlərin geniş müzakirə edilməsi, eləcə də tərəflərin əməkdaşlığın yalnız mövcud istiqamətlərlə məhdudlaşmayacağını, yeni sahələri də əhatə edəcəyini bəyan etməsi Azərbaycan ilə Aİ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin təsdiqidir.
Prezident İlham Əliyev və Ursula Fon der Lyayenin mətbuata bəyanatlarla çıxışları zamanı da qeyd olunduğu kimi, "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır.
Birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik: “Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir.
Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik”.
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin səyləri nəticəsində regionda sülhün bərqərar olması, eləcə də dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionun lider dövləti kimi beynəlxalq arenada nüfuzunu xeyli artırıb, ölkəmizə etibarlı tərəfdaş imicini qazandırıb. Bunun məntiqi nəticəsi olaraq Aİ-Azərbaycan münasibətləri mahiyyət etibarı ilə yeni səviyyəyə - strateji tərəfdaşlıq mərhələsinə yüksəlib.
Asif Əsgərov,
Milli Məclisin deputatı