108 illik tarixində çox çətin və şərəfli bir inkişaf yolu keçən Ordumuz öz Şanlı Qələbəsi ilə nəinki ölkəmizin, eləcə də, dünyanın hərb tarixində xüsusi yer tutur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə tanınmışdır. Bu mənada xalqımız özünün tarixi hərbi uğurları ilə fəxr edə bilər. Ümumiyyətlə Azərbaycanın hərb sənətinin tarixi çox qədimdir. Bir çox nümunələr göstərmək olar. Məsələn: Girdman dövlətinin başçısı Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837 illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın edib. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olur. İstər XIX, istərsə də XX əsrdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqləniblər. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsindən
sonra Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil
milli ordunun formalaşdırılması və bu ordunun respublikanın müstəqilliyini
qorumağa qadir olan bir qüvvəyə çevrilməsi idi.1918-ci ilin iyun ayının 26-da
Milli Ordunun yaradılması hələ ötən əsrin əvvəllərində əldə olunan müstəqilliyimizin
bəhrəsi idi. Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər
böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə
ki, sovet
hakimiyyəti dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə
yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Əlbəttə ki, burada əsas məqsədi
azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar
etməyi bacaran hərbçilərin yetişdirilməsinə maneə olmaq idi. Bu siyasətin
mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev XX əsrin
70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına, azərbaycanlı gənclərin Bakı
Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də
keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına
nail olmuşdu. Bu hadisə
azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol
oynamışdır. Ordu quruculuğunda bu
məktəbin rolu böyükdür.
Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun
yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə
ön cəbhədə olmuşlar. Qarabağ
döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir.
1991-ci ildə yenidən müstəqilliyimiz bərpa
olunsa da, ölkə daxilində hakimiyyətsizlik, xaos, siyasi çəkişmələr, ordunun
iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin
itirilməsi təhlükəsi yaranmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü
ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının
Prezidenti seçilməsi ilə ölkədə həyatın bütün sahələrində islahatlar aparılmağa
başlanıldı, vəziyyət getdikcə stabilləşməyə başladı. O, ölkə rəhbərliyinə
yenidən qayıdışından sonra Silahlı Qüvvələr quruculuğu istiqamətində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli
ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin
yaratmışdır. O bütün varlığı ilə inanırdı və həmişə
vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin
bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir
və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın
bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq.
Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi — Dağlıq Qarabağ, yaxud
başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı
ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı
ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz”! O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün
güclü orduya malik olmaq lazımdır”.
Birinci Qarabağ müharibəsi
zamanı cəsur, igid hərbiçilərimiz olsa
da, vahid onda idarəetməsi, nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə
yaranmış xaos, anarxiya vəziyyətində
nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər yenidən hakimiyyətə qayitdıqdan sonra digər
sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı.1994-cü ildə Azərbaycan
Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda qeyd etdiyi kimi “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın
güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın
dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq
keçmiş əsgərləri var.” 2001-ci ildə
Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə
çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini
misal çəkir, Azərbaycan əsgərinin məhz Türki əsgərinə bənzəməsini xüsusi ilə
vurğulayırdı: “Azərbaycan əsgəri gərək
hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. “Türkiyə Cümhuriyyətinin Silahlı
Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək
keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət
etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur.”
Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu siyasət
daha da gücləndirilərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən
güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı
inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.
Ötən müddət ərzində büdcə xərclərinin
böyük bir hissəsi hərbi xərclər olmuşdur. Azərbaycan bir çox ölkələrdən hərbi
silah və sursatlar, hərbi-texniki maşınlar alırdı. Lakin biz təkcə bu silahları
ixrac etmədik, eyni zamanda özümüz də istehsal etməyə başladıq. Ölkə başçısının
Sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinnin yaranması da strateji
əhəmiyyət daşıyırdı. Ölkəmizdə hərbi təyinatlı
məhsulların buraxılması prosesi uğurla gedir və əldə olunan nailiyyətlər dünya miqyasında da qəbul
edilir. Azərbaycan bir çox ölkələrdən
silah və hərbi texniki avadanlıqlar
alır və eyni zamanda, özü də istehsal edir. Bu isə dünyanın aparıcı dövlətlərinin
Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuzun daha da güclənməsinə təkan verəcəkdir. Vaxtı ilə, Ümummilli Lider Heydər Əliyev deyirdi
ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək
üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da
inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm
igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı.
Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin
güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd
edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və
iqtisadi olmalıdır.
44 günlük Vətən
müharibəsi və 23 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan
Silahlı Qüvvələrinin gücünü, hərbi qabiliyyətini, hazırlığını bir daha bütün
dünyaya nümayiş etdi. Ordumuz XXI əsrin
müharibəsini apardı. Artıq dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ
müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir.
Dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük
Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin
bütün aspektlərini öyrənirlər. Rəşadətli ordumuz çətin relyef şəraitində düşmənin
bir neçə istehkamının qarşısında elm,
peşəkarlıq, hərbi məharət göstərərək,
erməni işğalçılarını məhv edərək, torpaqlarımızı azad etdi. Vətən müharibəsini
zəfərlə başa çatdıran ordumuz uğurlarla yanaşı, çatımazlıqlar, qüsurlar da
çevik şəkildə təhlil olunur və aradan qaldırılırdı. Müharibənin gedişi zamanı
Ali Baş Komandan İlham Əliyev tərəfindən
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ
müşavirə də bunun bariz nümunəsi
idi.
5-ci nəsil
müharibəsini aparan ordumuz tərəfindən hərbi əməliyyatlar zamanı silah və
sursatların ehtiyaclılıq səviyyəsi bir
daha təcrübədən keçirildi ki, bu da gələcəkdə
hərbi xərclərin və hərbi təyinatlı məhsulların istehsalında daha düzgün
və real qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məsələyə
xüsusi münasibət bildirən cənab İlham Əliyev
qeyd edir ki, “Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi
arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım
olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə
ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin
edir”. Ancaq, bununla yanaşı, bu müharibənin
Qalibi var. O da torpaqlarımızı
işğalçılardan azad edən, sərhədlərimizi qoruyan, hər bir vətəndaşımızın əmin-amanlığının,
sakit həyatının keşiyində dayanan bizim mərd, cəsarətli əsgərlər və zabitlərimizdir.
Onlar bu Vətən üçün, üçrəngli Bayrağımız üçün canlarını, sağlamlıqlarını fəda
edirlər. Prezident İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva hər zaman hərbiçilərin, müharibə
veteranları və, qazilərinin, eyni zamanda, şəhid ailələrinin rifahı və sosial
müdafiəsi üçün bütün imkanları yaradırlar. “YAŞAT” Fondu, Heydər Əliyev Fondu və
digər qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak edirlər. Hər birimiz dərk edirik ki, biz Qarabağın
azad edilməsi, torpaqlarımızın erməni faşizmindən təmizlənməsi və ərazi
bütövlüyümüzün təmin olunmasına görə şəhidlərimizə, qazilərimizə, Azərbaycan əsgəri
və zabitinə borcluyuq! Dövlət başçımız
İlham Əliyevon dediyi kimi: “Bu gün bizim ordumuz dünya miqyasında güclü
ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan
xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni
uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz
çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə
yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq
kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”. Qalib
xalqın vətəndaşı, qalib Ordunun əsgəri olmaq böyük şərəf və məsuliyyətdir. Bir
daha Ali Baş Komandan, Prezident cənab İlham Əliyev başda olmaqla Azərbaycan
xalqının qüdrətli ordusunun mərd zabit və əsgərlərini təbrik edir, dövlətimizin inkişafına, müdafiəsinə yönəlmiş
müqəddəs fəaliyyətlərində sonsuz
uğurlar arzulayıram. Şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri, professor Hicran Hüseynova