Hörmətli sədr, əziz həmkarlar,
Azərbaycanın müasir dövlətçilik tarixinin ən mühüm dönüş nöqtəsi, Milli Qurtuluş Günü münasibəti xalqımızı ürəkdən təbrik edir, Ulu Öndər ideyalarına söykənən müstəqilliyimizin əbədi, inkişafımızın dönməz olmasını arzulayıram. Heç şübhəsiz ki, 1993-cü ildə Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıtması sadəcə hakimiyyət dəyişikliyi deyil, dövlətin süqutdan, xaosdan və parçalanmaqdan xilası olmaqla real müstəqilik mübarizəmizin şərəfli səhifəsidir.
Bilirsiz, biz nə Çar Rusiyasını dağıtmamışıq, nə də meydanlarda SSRİ-ni. Ulu Öndərin dediyi kimi, həm 1918-də, həm də 1991-də imperiyaların dağılması xalqlara tarixin əvəzolunmaz hədiyyəsi olub.
Təbii ki, iki illik Cumhuriyyət periodunda ifadə olunan niyyət, görülən işlər dövlətçilik ənənələrimizdə mühüm bir səhifə kimi qalacaq amma həm də unutmamalıyıq ki, 1918-ci ildə İrəvan şəhərinin xəyanətkarcasına güzəştə gedilməsi belə bizi formal müstəqillikdən o yana aparmadı.
Eyni qaydada 1991-ci ildə tarixin təbii axarının nəticəsində müstəqillik imkanından o zaman nə o dövrkü iqtidar, nə də hakimiyyəti faktiki zəbt edən Xalq cəbhəsi yararlana bilmədi. Xüsusən, milli xəyanət üzərindən iqtidarı zəbt etmiş AXC-Müsavat ünsürlərinin səbatsız, səriştəsiz və ucuz populizmə əsaslanan hakimiyyəti dövründə Azərbaycan həm xarici təcavüz, həm də daxili idarəolunmazlıq səbəbindən “failed state”-ə çevrilmiş, idarəetmə aparatı iflic olmuş, hüququn aliliyi prinsipi tamamilə pozulmuşdu.
Lakin, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq Ali Sovetin sədri seçilməsi ilə ölkədəki legitimlik böhranına, qanunsuz silahlı birləşmələrin dövlətə qarşı şantaj siyasətinə son qoyuldu, vətəndaş müharibəsi və parçalanma təhlükəsi dəf edildi.
Hüquqi nöqteyi-nəzərdən, 1991-ci il Müstəqillik haqqında Konstitusiya Aktı mühüm sənəd olsa da, dövlət iqtisadi, hərbi və siyasi əsasları olmayan suverenliyini Ulu Öndərin qayıdışına qədər real mexanizmlərlə təmin edə bilmədiyi üçün 15 iyun həm də real müstəqilliyə doğru dönüş həmləsi sayılmalıdır.
Daha dəqiq desək, dövlət suverenliyinin daxili və xarici elementləri məhz Qurtuluş Günü ilə başlayan yeni mərhələdə formalaşdı, cənab İlham Əliyev isə məhz Ulu Öndər siyasi kursunu uğurla davam etdirərək ölkəmizin hərtərəfli müstəqilliyi və suverenlini tam bərqərar edərək Azərbaycanı son onilliklərdə mütləq hərbi-siyasi zəfər qazanan qüdrətli orta gücə çevirdi.
Bu gün Cənab İlham Əliyevin müzəffər liderliyində təhlükəsizlik adasına çevrilmiş qalib Azərbaycan müstəqildir, suverendir. İndi isə tariximizin, xüsusən də zəbt olunmuş idealların antimilli təfəkkürün işğalından xilası vacibdir. Dövlətçilik, müstəqillik, suverenlik siyasi alver predmeti deyil. 5 mart 1965-ci ildən etibarən Ulu Öndər Heydər Əliyevin əvvəlcə xüsusi xidmət orqanın, daha sonra isə ölkənin rəhbəri olaraq istiqlal ideyalarını himayə etməklə yol açdığı Azərbaycanın müstəqillik yolu, 1993-cü ildən isə xilas etdiyi dövlətçilik tarixi heç bir marginal qrupun öz adına çıxa biləcəyi subyektiv bir qənimət olmamalıdır.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı