Azərbaycanın regional münaqişələrə cəlb edilməsi cəhdi

Strateji coğrafi mövqedə yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycan hər zaman böyük güclərin maraq dairəsində olub. Bu güclər regional münaqişələrdə, qarşıdurmalarda ölkəmizin imkanlarından istifadə etməyə çalışıblar. Bu səylər bu gün də davam edir. Rəsmi Bakı Azərbaycan ərazisinin üçüncü qüvvələr üçün döyüş meydanına çevrilməsinə, başqa bir dövlətə qarşı istifadə olunmasına heç zaman imkan verilməyəcəyini dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, biz hələ də Azərbaycanın qonşu ölkələrlə, müttəfiqləri ilə münasibətlərini korlamaq istəyən qüvvələrin mövcudluğunu görürük.

İran müharibəsində istifadə olunan hibrid təhdid metodları

28 fevral 2026-ci ildə ABŞ və İsrail İrana qarşı rəsmən müharibə elan etdi. Əslində, həmin günə qədər də İran ciddi təzyiqlər, təhdidlər altındaydı. Uzun illərdir ki, hibrid müharibə vəziyyətində olan cənub qonşumuza gözlənilən hücum gerçəkləşdi. Müharibənin ilk günlərindən başlayaraq ABŞ və İsrail İran ərazisinə çoxsaylı raketlərlə, dronlarla hücum etdi. İlkin hücumlar zamanı əsas vəzifəli şəxslər, hərbi komandirlər və obyektlər hədəf alındı. Ölkənin ali dini lideri Ayətullah Əli Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının rəhbər şəxsləri öldürüldü. Cavab olaraq İran İran körfəzi bölgəsi və ondan kənarda onlarla ballistik raket buraxaraq İsraili və ABŞ-nin İordaniya, Küveyt, Bəhreyn, Qətər, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazalarını hədəfə aldı.

Tramp əməliyyatın məqsədinin İranın raket və hərbi imkanlarını məhv etmək, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və nəhayət, rejimi devirmək olduğunu bildirdi. ABŞ və İsrail ilə İran arasında baş vermiş müharibənin hərbi tərəfləri üzərində çox dayanmaq niyyətində deyilik.

İrana qarşı müharibədə atəşkəs elan olunsa da, hibrid savaş bu gün də davam edir. Həm informasiya cəbhəsində, həm qtisadi müstəvidə həm də diplomatik təmaslarda psixoloji təsir metodları ilə mübarizə aparırlar. ABŞ İrana qarşı danışıqlarla paralel olaraq təzyiq strategiyasını da maksimum səviyyədə saxlayır. İranın uranın zənginləşdirilməsindən tam imtinası, zənginləşdirilmiş uranın ölkədən çıxarılması əsas tələb olaraq qalır. İran qarşısında qoyulan “qırmızı xətlər”, sərt ultimatumlar, ağır tələblər sanki növbəti hərbi müdaxilə üçün əsaslar formalaşdırmaq üçün informasiya üstünlüyü yaratmaq cəhdi kimi də xarakterizə oluna bilər.

Tehran isə nəinki hibrid təhdidlər, hətta hərbi müdaxilələr qarşısında geri çəkilmək niyyətində olmadığını sərgiləməkdə davam edir. İran danışıqları uzadaraq vaxt qazanmağa, qarşı tərəfin ritorikasını neytrallaşdırmağa, beynəlxalq dəstək qazanmağa çalışır. Siyasi və diplomatik müstəvidə, KİV-də, danışıqlar masasına daha güclü psixoloji mövqe ortaya qoymağa cəhd edən İran hələ ki, hibrid təhdidlər qarşısında duruş gətirir.

Tehranın Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirməsi və ABŞ-nin blokada siyasəti böyük bir regionu, dünya iqtisadiyyatını hibrid təhdidlərlə üz-üzə qoyur. Belə bir vəziyyət neft bazarlarında qeyri-sabitlik yaradır, beynəlxalq ticarət marşrutlarını risk altına salır, üçüncü tərəfləri də prosesə cəlb edir.

ABŞ İrana qarşı davam edən sanksiyaları səbəbindən İran rialı hələ də dəyər itirməkdə davam edir. Avropa şirkətləri İranla işgüzar əlaqələrini dayandırdı. Sanksiyalar milyonlarla iranlını yoxsulluğa sürüklədi, ərzaq və dərman kimi idxal olunan zəruri mallara münasibətdə alıcılıq qabiliyyətini azaltdı, eyni zamanda inflyasiya, işsizlik və infrastrukturun pisləşməsi davam edir.

Danışıqlardan əvvəl mövqelərin gücləndirilməsi və legitimləşdirilməsi, hibrid təzyiq, psixoloji savaş, informasiya və iqtisadi alətlərdən aktiv istifadə halları müşahidə edilməkdədir. Hibdir təhdidlərin real razılaşma, yoxsa yeni eskalasiya ilə nəticələnəcəyini söyləmək çətindir.

İran müharibəsi Azərbaycana qarşı hibrid təhdidlər müstəvisində

İrana qarşı həm hərbi, həm iqtisadi-siyasi, həm də informasiya müstəvisində müharibənin aparılması Azərbaycana da təsirsiz ötüşmədi.

ABŞ və İslarilin İrana qarşı başlatdığı müharibə zamanı Azərbaycana qarşı da hibrid təhdidlərin, informasiya təxribatlaının, psixoloji təzyiqlərin aparıldığını gördük. Azərbaycan-İran, Azərbaycan-İsrail və Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirmək, ölkəmizin bu münaqişənin bir hissəsinə çevrilməsi üçün sosial platformalarda, kütləvi informasiya vasitələrində təbliğatlar aparıldı, süni müzakirələr açıldı. Hətta hərbi müstəvidə real addımlar da atıldı.

5 mart 2026-cı ildə İran Naxçıvana 4 ədəd “Arash-2” tipli dronla hücum həyata keçirdi. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri Naxçıvan Muxtar Respublikasının Hava Limanını ərazisinə, biri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Naxçıvan Hava Limanının uçuş-eniş zolağına hücum nəticəsində dörd mülki şəxs xasarət aldı. Bu hadisə Azərbaycanla İran arasında siyasi gərginliyə səbəb oldu. Hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu etiraz notası təqdim olunması üçün Xarici İşlər Nazirliyinə çağırıldı.

Müdafiə Nazirliyi bu hücum aktlarının cavabsız qalmayacağını bildirdi. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirildi. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən cinayət işi açıldı. Naxçıvan Beynəlxalq Hava Limanının işi dayandırıldı. (Bax: https://teleqraf.az/news/siyaset/532011.html)

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident İlham Əliyev bu hadisəni İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirdi.

İran xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vuraraq ölkəsinin Azərbaycana qarşı hər hansı bir hücum həyata keçirdiyini təkzib etsə də, dünyanın əksər ölkələri, beynəlxalq təşkilatlar bəyanat yayaraq hücumu psilədilər və Bakıya öz dəstəklərini nümayiş etdirdilər. (Bax: https://mfa.gov.az/az/news/no13026)

Şimal-cənub və şərq-qərb ticarət-iqtisadi yollarının kəsişməsində yerləşən Azərbaycan həm Asiya, həm də Qərb ölkələri üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın təhlükəsizlik və enerji, müdafiə, kəşfiyyat və ticarət sahələrində tərəfdaşlarından olan İsrail ilə münasibətləri hər kəsə bəllidir. Eyni zamanda ortaq tarixi, dini, mədəni dəyərlərə malik olan Cənub qonşumuz İranla milli maraqlar üzərində qurulan əməkdaşlıq, mehriban qonşuluq münasibətlərimiz var.

Odur ki, Azərbaycanın Cənub sərhədində sabitliyin pozulması ölkəmiz üçün bir sıra risklər yaradır. Yenidən müharibə başlayacağı təqdirdə 689 km-lik İranla sərhəddə təxribatlarların təkrarlanmayacağına heç bir zəmanət yoxdur. Azərbaycanın İsraillə yaxşı münasibətlərindən narahat olan müəyyən qüvvələrin təxribat xarakterli fəaliyyətləri daxili sabitliyi təhdid edir.

Müharibə zamanı İrana bağlı olan müəyyən qüvvələrin sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Azərbaycanda dini müstəvidə gərginlik, məzhəblər arasında qarşıdurma yaratmaq cəhdlərinin şahidi olduq. Bu cür zərərli fəaliyyətlə hazırda da davam etdirilir.

İranda soydaşlarımızın yaşadıqları bölgələrdə Azərbaycan dövlətinə, Türk dünyasına artan simpatiya, rəğbət müəyyən qüvvələri qıcıqlandırır. Bunun qarşısını almaq üçün ideoloji təxribatlardan istifadə edilməsi gözlənilə bilər.

İran ətrafında yaşanan gərginlik fonunda Azərbaycana qarşı hibrid müharibə taktikalarından - xüsusən də dezinformasiya, kəşfiyyat və psixoloji təzyiq metodlarından istifadə olunur. İnformasiya məkanında aparılan psixoloji hücum kampaniyasına qarşı ən effektiv mübarizə vətəndaşların savadlılığının artırılması üçün maarifləndirmə kampaniyasının davam etdirilməsidir.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.