"Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş tədbir keçirildi

1983-cü ilin 18 aprelində YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qəbul edilmiş qərarına əsasən hər il aprel ayının 18-i "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi qeyd olunur. Bu məqsədlə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və KarabakhINFO.com Beynəlxalq Elektron Jurnalının informasiya dəstəyi ilə 17 aprel 2015-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərin, tarixçilərin və Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rusiya, Yunanıstan, Malaziya, Meksika, Moldova, İordaniya, Səudiyyə Ərəbistanından olan səfirliklərin nümayəndələri iştirak ediblər. Tədbiri AVCİYA-nın I vitse – prezidenti Vəli Əlibəyov öz çıxışı ilə açıq elan edərək, bu günün əhəmiyyətini qeyd etdikdən sonra sözü məruzəçilərə vermişdir. . Məruzəçi qismində isə Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli, AVCİYA-nın eksperti, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı, hüquqşünas Şahin Camalov çıxış ediblər. Çıxış zamanı məruzəçilər 3 min ildən artıq dövlətçilik tarixi olan Azərbaycan ərazisindəki tarixi abidələrdən bəhs edərək, strateji ərazidə yerləşən, təbii sərvətlərlə zəngin olan Azərbaycanın daim yadelli işğalçıların hücumlarına məruz qalmasını , bu ərazidə baş verən müharibələr və təbii fəlakətlər nəticəsində tarixi abidələrin böyük bir qisminin məhv olmasını da tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbir zamanı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil etdiyi Dəyirmi Masa iştirakçıları adından Beynəlxalq təşkilatlara Azərbaycanda yerləşən, işğala məruz qalan ərazilərimizdəki tarixi abidələrin qorunması ilə bağlı MÜRACİƏT ünvanlanlayıb.
Onu da qeyd edək ki, Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası 2004-cü ildən başlayaraq digər məsələlərlə yanaşı, tarixi abidələrin tədqiq və mühafizəsinin təşkilinə də öz layiqli töhvəsini verir. Assosiasiyanın ekspert qrupu 2012-2013-cü illərdə "Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarındaki tarixi və mədəni abidələrin monitorinqini və tədqiqini həyata keçirib. Bu çoxcəhətli fəaliyyət nəticəsində toplanmış materiallar əsasında Azərbaycan, ingilis və fransız dillərində "Sərsəng sos: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” adlı kitab nəşr edilib.
***
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə 17 aprel 2015-ci il tarixdə təşkil etdiyi Dəyirmi Masa iştirakçılarının Beynəlxalq təşkilatlara MÜRACİƏTİ
Dəyirmi Masanın iştirakçıları, – Tarix boyu dünyanın müxtəlif ərazilərində baş vermiş müharibələr, təbii fəlakətlər çoxlu sayda insan tələfatı ilə yanaşı saysız, hesabsız tarixi abidələrin dağılıb, məhv olmasına səbəb olmuşdur. Müasir dövrdə də Yer kürəsinin müxtəlif regionlarında mövcud olan münaqişələr və müharibələrdə tarixi abidələrin məhv edilməsi davam edir. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən 1983-cü ildə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunmasını yüksək qiymətləndirərək, – Azərbaycan Respublikasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün hər il yüksək səviyyədə qeyd olunmasını və bu əlamətdar gün münasibətilə Respublikanın müxtəlif ərazilərində elmi-praktik konfranslar, dəyirmi masalar, açıq qapılar və s. tədbirlər keçirilməsini vurğulayaraq, – Qədim dövlətçilik tarixi olan Azərbaycanın ərazisi tarixi-mədəni abidələrlə zəngindir. Strateji ərazidə yerləşən, təbii sərvətlərlə zəngin olan Azərbaycanın daim yadelli işğalçıların hücumlarına məruz qalmasını və bu ərazidə baş verən müharibələr və təbii fəlakətlər nəticəsində tarixi abidələrin böyük bir qisminin məhv olmasını nəzərə alaraq, bildirir ki, 1. Ermənistanın hərbi təcavüzü Respublikanın 17 min kv.km ərazisinin işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yolunun, 348 körpünün, 7568 km su və 76940 km elektrik xəttinin dağıdılmasına səbəb olmuşdur. Erməni işğalçıları 12 muzey, 6 rəsm qalereyası, 9 tarixi əhəmiyyətli sarayı qarət edib və yandırıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponat talan olunub. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan dəyib. 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri və 15 dekorativ sənət nümunəsinin işğal altında qalmasını diqqətə çatdırır. 2. Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağda Ermənistan dövlətinin və yerli erməni separatçılarının XX-əsrin 80-ci illərindən başladığı müharibə çoxlu sayda insanın faciəsinə və bu ərazidə olan qiymətli tarixi və mədəni abidələrin məhvinə səbəb olmuşdur. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu abidələrin erməni vandalları tərəfindən dağıdılmasının qarşısının alınmasının ən vacib vəzifələrdən biri olmasını vurğulayır. 3. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. 4. Ermənistan YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının müddəalarını kobud şəkildə pozaraq, ışğal altında saxladığı ərazilərdə tarix-mədəniyyət abidələrini sistemli formada dağıdır və tarixi saxtalaşdırır.
Dəyirmi Masa iştirakçıları qeyd edilənlər kontekstində a) 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənədin müddəalarından çıxış edərək, beynəlxalq təşkilatlardan Ermənistana qarşı işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi cinayətlərə görə sanksiyalar tətbiq etməyi tələb edir; b) dünya ictimaiyyətini uzun illər ərzində Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarixi-mədəni abidələri məqsədyönlü şəkildə dağıtmasının qarşısının alınması istiqamətində təcili praktiki tədbirlər görməyə çağırır.