İran
və Azərbaycan qonşu dövlətlərdir, xalqlarımız eyni tarixə və
mədəniyyətə malikdir. Bu reallıqları nəzərə alan hər iki ölkənin
prezidentləri bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf
etdirilməsinə önəm verirlər. Yaxın əlaqələrin qurulması xalqlarımızın
maraqlarını əks etdirir. Dünyada baş verən siyasi proseslər İslam
aləminin həmrəyliyini zərurətə çevirib. Tarix boyu birgə yaşamış
Azərbaycan və İran xalqlarının yaxınlığı dövlətlərin əməkdaşlıq
əlaqələrinin inkişafına təkan verir.
Sabahinfo.az xəbər verir ki,bu
fikir Təbrizdə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İran İslam
Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə
ilə görüşündə bildirilib.
M.Qurbanlı
deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsinə
dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində "Radikalizmlə
mübarizədə İslam həmrəyliyi” devizi altında "Azərbaycan - İslam
mədəniyyətinin incisi” adlı fotosərgi açılıb. Sərgidə Azərbaycanda
fəaliyyət göstərən və ermənilər tərəfindən işğal edilmiş Dağlıq
Qarabağdakı məscidlər haqqında Təbriz ictimaiyyətinə geniş məlumat
verilib. Bu fotosərgi Azərbaycanda dini dəyərlərə dövlət tərəfindən
göstərilən diqqət və qayğını göstərir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan Komitə sədri son vaxtlar cəbhə
xəttində baş verən hadisələr haqqında məlumat verib. Bildirib ki,
Azərbaycan Ordusu öz qüdrətini göstərərək erməni qəsbkarlarına layiqli
cavab verdi. Azərbaycan güclü orduya malikdir və hər an torpaqlarını
erməni işğalından azad etməyə hazırdır. Lakin rəsmi Bakı sülh tərəfdarı
olduğu üçün işğal altındakı torpaqlarının qan tökülmədən, sülh yolu ilə
azad edilməsinə çalışır. Əgər Ermənistan konstruktiv mövqe tutmasa,
Azərbaycan öz ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək
məcburiyyətində qalacaq. Qeyd olunub ki, erməni təcavüzünə məruz qalan
Azərbaycan daim İranın ölkəmizə dəstəyini hiss edib.
Komitə
sədri Bakıda İran filmləri həftəsinin keçirildiyini xatırladaraq, iki
ölkənin mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini qeyd
edib. Bildirilib ki, Təbrizdə də Azərbaycan filmlərinin nümayiş
etdirilməsi mədəni əlaqələrin inkişafına səbəb olar.
Görüşdə
iştirak edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov
rəhbərlik etdiyi muzeydə Təbrizin tarixinə və ədəbiyyatına dair guşə
yaradılmasını təklif edib. Eyni zamanda, Təbrizin Tarix Muzeyində də
Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən eksponatlardan ibarət
guşə yaradıla bilər.
İranın
Şərqi Azərbaycan vilayətinin valisi İsmail Cabbarzadə Gəncə şəhərinə
səfərini xatırlayaraq Azərbaycanın inkişaf etdiyini bildirib. İrəli
sürülən təklifi yüksək qiymətləndirən vali yaxın aylarda Təbrizdə Gəncə
günlərinin də keçiriləcəyini nəzərə çatdırıb. Qeyd olunub ki, mədəni
əlaqələr xalqların yaxınlığına və ümumi inkişafa xidmət edir.