1993-cü ilin oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın siyasi və iqtisadi inkişafında mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı oldu.
Ulu Öndər Heydər Əliyevin yanaşmasında dövlətçilik yalnız hakimiyyət strukturlarının fəaliyyəti ilə məhdudlaşmırdı. Dövlətin möhkəmliyi üçün hüquqi əsasların yaradılması, milli iqtisadiyyatın inkişaf etdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və cəmiyyətin vahid milli ideya ətrafında birləşdirilməsi də vacib hesab olunurdu. Bu baxımdan 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunun mühüm mərhələlərindən biri oldu. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərini, hakimiyyət bölgüsünü, insan hüquq və azadlıqlarının təminatını dövlətin hüquqi sisteminin əsas istiqamətləri kimi müəyyənləşdirdi.
Heydər Əliyev Azərbaycanın yalnız daxili sabitliyini deyil, beynəlxalq mövqelərini də möhkəmləndirdi. Ümummilli Liderin müəyyən etdiyi uzaqgörən xarici siyasət kursu Azərbaycanın dünya birliyinə fəal inteqrasiyasını təmin etdi. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması və ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyin formalaşdırılması bu strategiyanın mühüm istiqamətlərindən idi.
Ulu Öndərin diplomatik səyləri Azərbaycanın milli maraqlarının müdafiəsi üçün mühüm siyasi baza yaratdı. Bu strateji irs sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Heydər Əliyev siyasi kursunun ardıcıl davamı Azərbaycanın iqtisadi gücünün artmasına, sosial inkişafın sürətlənməsinə, ordu quruculuğunun yeni mərhələyə yüksəlməsinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaratdı. Güclü dövlət və güclü ordu modeli 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin hərbi-siyasi yolla bərpasını təmin etdi. 2023-cü ildə isə dövlət suverenliyimizin tam bərpa olunması Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən birinə çevrildi.
Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı