Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4820 avtomobil idxal olunub.
sabahinfo.Az-ın məlumatına görə, "Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 min 827 ədəd, yaxud 81,21% (5,32 dəfə) azdır.
Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 4194-nü və yaxud 87,01%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 5,42 dəfə azalıb.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin idxalı 10,04 dəfə azalaraq 80, yük avtomobillərinin idxalı 4,04 dəfə azalaraq 463, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı isə 2,74 dəfə azalaraq 83 ədəd olub.